“Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri”
Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin yaranmasının 3 illiyinə həsr olunan "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirilin. SİA-nın xəbərinə görə, ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Zaman-Azərbaycan" qəzetinin baş direktoru Süleyman Ünal, "Novaya Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, "Pillələr" qəzetinin baş redaktoru Şöhlət Abbas, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçun Mirzəbəyli, AZTV-nin "NIGHT NEWS" proqramının baş redaktoru Şaiq Məmmədov, "ATV İnternational" telekanalının baş redaktoru Azər Xəlilov və ölkənin aparıcı KİV nümayəndələri iştirak edib.
Azərbaycanda xaricidilli mətbuatın vəziyyətinin əsas müzakirə mövzusu olduğu dəyirmi masada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycanda 50-ə yaxın xaricidilli KİV-in qeydiyyatdan keçdiyini bildirdi. Xaricidilli mətbuatın fəaliyyətinə toxunan Ə. Amaşov rus dilində yayımlanan nəşrlərin üstünlük təşkil etdiyini vurğulayıb. Azərbaycanda əcnəbi dilli mətbuatın tarixinə ekskurs edən Mətbuat Şirasının sədri bildirib ki, Azərbaycanda ilk xaricidilli nəşri 1828-ci ildə nəşr olunan "Tifliskiy vedomosti" qəzeti hesab etmək olar. Əsrin əvvəllərində nəşr olunan "Kaspi" qəzetinin fəaliyyətindən bəhs edən Ə. Amaşov mətbu orqanın müstəqillik məfkurəsinin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb. Mətbuat Şurasının sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricidilli nəşrlərin önəmli əhəmiyətə malik olduğundan söhbət açıb.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə belə bir mötəbər tədbirin keçirilməsindən məmnun olduğunu bildirib. S. Seyidov universitetin media ilə əlaqələrinin getdikcə genişləndiyini və sıx əməkdaşlıq tellərinin yarandığını qonaqların diqqətinə çatdırdı. Jurnalistikaya düzgün qiymət verilməyin vacibliyini vurğulayan S. Seyidov ictimai fikrin formalaşmasında mətbuatın roluna da toxunub: "Jurnalistika bir elmdir. Dünya jurnalistikasına inteqrasiya etmək vacibdir. Fikir, ideya Azərbaycan xalqının olmalı, həqiqətlərin çatdırılması isə dünyada mövcud olan üslub vasitəsilə həyata keçirilməlidir.". ADU-nun rektoru dünya ilə əlaqələrin qurulmasında, lazımi məlumatların keyfiyyətli şəkildə ötürülməsində dilin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Rektor media mənsublarına dünyanın aparıcı KİV-lərinin təcrübəsindən yararlanmağı tövsiyyə edib. Rəhbərlik etdiyi universitetdə 14 dilin tədris olunduğunu deyən S.Seyidov 2012-2013-cü il tədris ilində Filologiya fakültəsində Jurnalistika ixtisasının açılacağına toxunub. O, bu sahədə Azərbaycanın aparıcı media orqanları ilə əməkdaşlıq ediləcəyindən əmin olduğunu vurğulayıb.
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə çıxışında Azərbaycanda rusdilli mətbuatın durumundan söhbət açıb. Baş redaktoru olduğu qəzetin inkişaf tarixindən danışan E. Şıxlı rus dilində nəşr olunan mətbuatın ictimai fikrin formalaşmasına təsir etdiyini bildirib. Azərbaycan reallıqlarının ədalətli həll olması, həqiqətlərin dünyaya düzgün çatdırılmasında xaricidilli mətbuatın da töhfə verdiyini nəzərə çatdırıb. O, rus dilinin dünyada qəbul olunan dillərdən biri olduğuna da diqqətə çəkib.
"Azernews" qəzetinin baş redaktoru Fazil Abbasov isə çıxışında Azərbaycanda nəşr olunan ingilis dilli nəşrlərin fəaliyyətindən bəhs edib. O, Azərbaycanda xaricidilli mətbuatın formalaşması dövrünün müstəqillikdən sonrakı illərə təsadüf etdiyini söyləyib.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri, fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova xarici dildə nəşr olunan mətbuata ehtiyac oldunu bildirib. Z. Kazımova baş redaktoru olduğu qəzetin yaranma tarixindən, eləcə də inkişaf perspektivlərindən danışıb. O, "Le Carrefour" qəzetinin Azərbaycanda yeganə fransızdilli qəzet olduğunu qonaqların diqqətinə çatdırıb.
Digər çıxış edənlər- "Novaya Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, ADU-nun Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Pillələr" qəzetinin baş redaktoru Şöhlət Abbas, Trend İnformasiya ağentliyinin baş direktorunun müavini Elçin Hüseynov, AZTV-nin "NIGHT NEWS" proqramının baş redaktoru Şaiq Məmmədov və "ATV İnternational" telekanalının baş redaktoru Azər Xəlilov Azərbaycanda mövcud olan əcnəbi dilli KİV-nin fəaliyyətindən söz açıblar. Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB