Gəncədə reydlərə başlanılıb

Gəncədə reydlərə başlanılıb

Gəncə Qaz İstismar İdarəsi şəhərin müxtəlif ərazilərində reydlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, əsas məqsəd bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə və qanunsuz halların qarşısını almaqdır. Təxminən iki saat davam edən reyddə bir çox maraqlı faktlar ortaya çıxdı. Belə ki, hələ də müəyyən abonent qrupu mavi yanacaqdan istifadə zamanı kobud qanun pozuntularına yol verir. Təxminən 20-yə yaxın mənzilə baxış zamanı sayğaclara müdaxilə faktı aşkar olunub.

Monitorinqlər göstərdi ki, bəzi şəxslər ustalıqla sayğaclara müdaxilə edir. Mavi yanacaq istifadə olunsa da, ancaq sayğac sərfiyatı göstərmir.

Bundan əlavə, kustar üsulla qanunsuz xətlər çəkənlər də reyd zamanı gözdən yayınmayıb. Mənzillərin birində yerin altı ilə rezin borularla çəkilmiş qanunsuz xətt aşkarlanaraq çıxarılıb. Bu isə oğurluq faktı ilə yanaşı, təhlükəsizlik qaydalarının pozulmasına yol açır ki, bu isə ilk növbədə abonentin təhlükəsizliyi baxımından xüsusi önəm daşıyır.

Monitorinqlərdə qanun pozuntularına yol verən şəxslərin sayğacları sökülüb, əlavə xətlər isə kəsilib. Qazdan oğurluq və digər neqativ yollarla istifadə edən şəxslərə qarşı cəza tədbirləri görüləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə