Ombudsman: “Bu gün Xocalı faciəsilə bağlı keçirilən tədbir ilk dəfə olaraq kütləvi bir yürüşə çevrildi”
"Xocalı soyqırımı Azərbaycanın yeni tarixinin ən ağır səhifələrdəndir. Bu faciə bizim ürəyimizdə 20 ildir yaşayır və hər il bununla bağlı müəyyən işlər görülür". Bunu SİA-ya açıqlamasında ombudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, hər il müxtəlif formalarda bütün dünyaya müraciət edilir ki, hər kəs bunu bilsin və haqq-ədalətlə dəyərləndirə bilsin. Ombudsman bildirib ki, bu gün Xocalı faciəsilə bağlı keçirilən tədbir ilk dəfə olaraq kütləvi bir yürüşə çevrildi. Onun sözlərinə görə, bu yürüşə yalnız Bakıda yaşayan vətəndaşlar deyil, eyni zamanda, kəndlərdə, rayonlarda, ölkədən kənarda yaşayan soydaşlarımız da səsimizə səs verdi.
"Bu isə o deməkdir ki, biz birləşməyi, ümumi amala xidmət etməyi bacarırıq. Hamımızın amalı isə ondan ibarətdir ki, torpaqlarımız qaytarılsın, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyümüz bərpa olunsun, artıq 20 ildir ki, qaçqın və məcburi köçün halı yaşayan vətəndaşlar öz torpaqlarına, ata-baba yurduna qayıtsın. Bu günkü yürüşdəki izdiham çox təsiredici, ürəyə toxunan və qürurvericidir. İlk dəfə olaraq belə bir kütləvi tədbir keçirilir. Bu izdihamn önündə isə prezident İlham Əliyev gedirdi. Onun bütün yol boyu insanlar müşayiət etdi. Bütün bu görülən işlər, keçirilən aksiyalar bizə ümid verir ki, nəhayət amalımıza, arzumuza çatacağıq. Arzulardım ki, bugünki kimi həmrəylik hər birimizin ürəyində dərin köklər yaratsın. O zaman biz daha güclü olar və uğurlu nəticələr əldə olunar. İnanıram ki, bununla əsl məqsədlərimizə çatmış olarıq", - deyə E.Süleymanova əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB