Qəhrəman kəşfiyyatçı İbad Hüseynova həsr olunan “Xüsusi təyinatlı” kitabı təqdim olunub- FOTO
Bu gün "Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbir İ. Hüseynov haqqında 35 dəqiqəlik "Kəşfiyyatçı" filminin nümayişi ilə başlayıb.
Daha sonra çıxış edən millət vəkili və kitabın "ön söz"ünü yazan Qənirə Paşayeva çıxışında bildirib ki, kitab Azərbaycan torpaqlarının azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizə aparan şəhidlərimizə həsr olunub: "Bu nəşri günümüzün, gəncliyimizin arzu və istəklərinə ayar verən, anlam qatan bir nəşr olaraq görürəm".
Nəşrin müəllifi Sahib Şirinov isə vurğulayıb ki, kitabda göstərilən faktlar tam gerçəkliyi əks etdirir: "Hadisələrin canlı şahidlərinin kitabda yer alan fikriləri, Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunan rəsmi sənədlərdə də öz əksini tapıb. Tərtibçi- müəllifin müharibə, döyüşçü psixologiyası, Azərbaycanda ordu quruculuğu, Qarabağ həqiqətləri barədə şəxsi fikirlərinin də verildiyi bu məqalələr və sənədlər toplusu, necə adlandırılmasından asılı olmayaraq zərurət, cəsarət və həqiqətdən irəli gəlib. Bir döyüşçünün başqa bir döyüşçü haqqında könül dolusu məhəbbətlə qələmə aldığı bir kitab olması "Xüsusi təyinatlı"nın dəyərini artıran əsas amildir".
Qeyd edək ki, kitab 500 tirajla çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB