Azərbaycanlı tələbələr Fransanın Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər

Azərbaycanlı tələbələr Fransanın Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər
Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və QHT nümayəndələri uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbuluna etiraz olaraq Fransanın Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər. SİA-nın verdiyi məlumatına görə, azərbaycanlı gənclər Fransa prezidenti Nikolya Sarkozinin əleyhinə gürcü, Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndiriblər.

Sonra Gürcüstan Türkləri Konfederasiyasının sədr müavini Əsəd Əliyev Fransa Senatına ünvanlanan etiraz bəyanatını oxuyub. Bəyanatda deyilir ki, bu qərar yalnız türklərin deyil, eyni zamanda Fransa vətəndaşlarının da azad düşüncə və ifadə azadlığının tapdanmasıdır: "Bu məsələ Fransa Senatının yox, tarixçilərin işidir. Qanun Fransa Konstitusiyasının 34-cü maddəsinə ziddir və Fransada təhsil alan dünya türklərinin təhsillərinin yarımçıq qalmasına səbəb olacaq. Qanun Cənubi Qafqazda sülhün və barışığın bərqərar olmasına da maneə törədəcək. Biz 600 min Gürcüstan türkü adından bu yanlış qərara etirazımızı bildiririk. Biz, tədbirə qatılan 4 qeyri-hökumət təşkilatı, Fransanın Gürcüstanda keçiriləcək bütün tədbirlərini boykot etməyə qərar veririk. Etiraz aksiyalarımız yenə davam edəcək".

Bəyanatın fransız və ingilis dillərinə tərcümə olunmuş mətni Fransa səfirliyinin nümayəndəsinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə