Müəllimlər İnstitutunun Sumqayıt filialının müəllim və tələbə kollektivi \"Ümid Yeri\"nin qonağı olub

Müəllimlər İnstitutunun Sumqayıt filialının müəllim və tələbə kollektivi \"Ümid Yeri\"nin qonağı olub

Azərbaycan zəngin bir ölkədir. Ancaq onun ən qiymətli sərvəti təbii ki, insanlarıdır. Bu zəngin məmləkətə sahib çıxmaq istəyiriksə uşaqlarımıza, onların sağlamlığına, təhsilinə sahib çıxmalıyıq. SİA-nın xəbərinə görə, 1997-ci ildən fəaliyyətə başlayan "Ümid Yeri" Cəmiyyəti ilk gündən işini bu istiqamətdə qurub.


\"Ümid Yeri\" Cəmiyyətinin üzvləri və könüllülər davamlı olaraq Bakı küçələrinə, vağzallara, dənizkənarı parka və digər yerlərə reydlərə çıxır və bu yerləri özlərinə yaşayış məkanı seçmiş uşaqları sığınacağa gətirirlər. Bu gün artıq 50 nəfərlik tutum gücü olan ev balaca sakinləri öz ağuşuna alıb.

15 illik fəaliyyət müddətində 1500 azyaşlı uşaq sığınacağa pənah gətirib və sabahı üçün ümid yeri olub.

Analar öz doğma balalarının qayğısını ürəkləri istəyən qədər çəkə bilmədiyi bir zamanda \"Ümid Yeri\"nin rəhbərliyi, kollektivi mərhəmət göstərərək yüzlərlə köməksiz uşağın harayına səs verib.

\"Ümid Yeri\"ni bu xeyirxah əməlində yalnız qoymayanlar da var. Buraya ayrı-ayrı dövlət və özəl qurumları mütəmadi olaraq maddi yardım göstərir, mənəvi dayaq olurlar. Xüsusilə özəl günlərdə, bayramlarda sığınacaq yeri hər zaman təmtəraqlı olur. Yeni il öncəsi Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının müəllim və tələbə kollektivi də balacaların qonağı olub. Filialın müəllimi Hilalə Axundovanın sözlərinə görə, onların bir şüarı var: "Uşaqlara valideynlərinin etmədiklərini, birgünlük olsa da biz edək".

Filialın kollektivi gətirdikləri hədiyyələrlə uşaqlara əsl bayram ovqatı yaşadıblar. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının müəllim və tələbə kollektivi adından uşaqlara yeni genişekranlı televizor hədiyyə olunub. Musiqi sədaları altında Şaxta baba və Qar Qızı balacaları əyləndirib, onlara bayram sovqatları paylayıblar. Daha sonra bayram süfrəsi açılıb

Təkcə bayramlarda yox, hər gün o uşaqların yanında olmalıyıq. O uşaqları yanımıza almalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Bu bizim insanlıq borcumuzdur. Uşaqların yeri küçə deyil, böyüklərin qəlbidir. Ürəyinizin qapılarını geniş açın, dostlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB