Xose de Venesia: “Yeni Azərbaycan Partiyası öz fəaliyyətində inkişafa necə nail olmağın düzgün yollarını müəyyənləşdirib və bu istiqamətdə uğurlu addımlar atır” - MÜSAHİBƏ
SİA "İki sahil" qəzeti redaksiyasının qonağı olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesianın müsahibəsini oxuculara təqdim edir.
- Cənab Xose, sizi ölkəmizdə salamlayırıq. Bilmək istərdik, Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Sizinlə görüşümüzdən çox şadıq. 33 il bundan əvvəl mən də jurnalist fəaliyyəti ilə məşğul olmuşam. Jurnalistlərin əhatəsində olmaq mənim üçün xüsusilə xoşdur. Vaxtilə Asiyada mətbuatın inkişafına böyük töhfələr vermişəm. Digər tərəfdən çox məmnunam ki, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Bakıdayıq. Bu mənim Bakıya ilk gəlişimdir. Səfərdən əvvəl də ölkəniz haqqında müəyyən qədər məlumatlı idim. Amma deyə bilərəm ki, buraya gəldikdən sonra Azərbaycan haqqında çox az şey bildiyimi gördüm. Azərbaycan ötən 20 ildə çox əhəmiyyətli uğurlara imza atıb. Düşünürəm ki, bu ilk növbədə dövlət tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Azərbaycanda inkişafı, tərəqqini görməmək mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlar Azərbaycanı dünyada tanıdır. Azərbaycan müasir dövlətdir. Ölkəniz sürətlə inkişaf edir. Azərbaycanda Avropa və Asiya dəyərləri bir araya gəlib. Ölkəniz güclü iqtisadiyyata malikdir. Yoxsulluğun aşağı düşməsi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu uğurların fonunda Prezident İlham Əliyevi təbrik edir, uğurlar arzulayıram. Qısa zamanda gənc dövlətin belə mühüm, biri-birindən əhəmiyyətli uğurlara imza atması təbii ki, təqdir olunmalıdır.
Azərbaycana gəlişim ölkəniz haqqında daha dolğun məlumatların əldə olunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətli olacaq.
- Təsisçisi olduğunuz təşkilatla Yeni Azərbaycan Partiyası arasında əlaqələr bu gün hansı səviyyədədir?
- Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Son illərdə YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edib. Biz Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı yüksək qiymətləndiririk.
Yeni Azərbaycan Partiyasının ən böyük nailiyyəti ondan ibarətdir ki, o, uğurlu bir yol seçib. Bu yol ölkənizi inkişafa aparır. YAP həmçinin birləşdirici funksiyasını yerinə yetirir. YAP-ın fəaliyyəti digər partiyalar üçün nümunə ola bilər. Partiya öz fəaliyyətində inkişafa necə nail olmağın yollarını müəyyənləşdirib və bu istiqamətdə uğurlu addımlar atır.
- Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının yaradılmasında məqsəd nədən ibarətdir?
- Məlum olduğu kimi, müxtəlif yönümlü siyasi partiyalar arasında daim müəyyən problemlər mövcuddur. Təşkilatı yaradanda məqsədim bundan ibarət oldu ki, Asiyada fəaliyyət göstərən iqtidar və müxalifət partiyalarını bir araya gətirib, müəyyən mövzular ərafında fikir mübadiləsi aparaq, gələcək inkişaf üçün istiqamətləri müəyyənləşdirək. Bunun mümkünsüzlüyü barədə fikirlər səslənsə də, ilk iclasdan qarşıya qoyulan məqsədə nail olmağın mümkünlüyünün şahidi olduq. Belə ki, ilk iclasımız 2000-ci ildə Manilada keçirildi. İclasda Filippinin hakim və müxalifət partiyaları iştirak etdi. İlk iclasdan məmnun olduq. Çünki iclasın gedişi zamanı partiyaların öz aralarında müzakirələr aparmalarına imkanlar yaradıldı.
İlk iclasın uğurlu olması təşkilatın sonrakı fəaliyyətinə stimul verdi. Əsas məqsəd bütün siyasi partiyaları bir araya gətirib, hər bir ölkənin inkişafına töhfə verməkdir. İCAPP-da 32 ölkənin 330-dan artıq partiyası təmsil olunur. 2012-ci ildə təşkilatın Baş Assambleyasının Bakıda keçirilməsini qərarlaşdırmışıq.
- Baş Assambleyanın Bakıda keçirilməsi qərarını şərtləndirən amil nədir?
- Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın bu inkişafı bizi belə bir tarixi qərarı qəbul etməyə stimul verdi. Məqsəd 52 ölkədən olan 330 partiyanın nümayəndələrinə kiçik dövlət olan Azərbaycanın böyük uğurlarını nümayiş etdirməkdir. Ölkəniz inkişaf yolunda sürətlə irəliləyir. Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi diqqət göstərilir. Azərbaycanın inkişaf strategiyası nümunə göstərilir. Gələn ilin iyulunda təşkilatın Daimi Komitəsinin, noyabr ayında isə Baş Assambleyanın iclasının Bakıda keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edim ki, Daimi Komitənin iclasına 18 partiyanın nümayəndələri və iki həmsədr daxildirsə, Baş Assambleyanın iclasına təxminən 450-500 siyasi liderlər qatılacaq. Nəzərə alsaq ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfrası müxtəlif siyasi partiyaları özündə birləşdirir, bu halda belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca əhəmiyyətlidir.
- Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının müxtəlif siyasi partiyaları özündə birləşdirdiyini nəzərə alsaq, onlar arasında təcrübə mübadiləsi hansı səviyyədə həyata keçirilir?
- Biz fəaliyyətimiz çərçivəsində müxtəlif siyasi partiyalardan olan liderlərin bir araya gəlməsinə çalışmışıq. Müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Keçirilən konfranslarda müxtəlif siyasi partiyalardan olan liderlər öz təcrübələrini ortaya qoyaraq, ümumi fikrin formalaşması üçün səylər göstəriblər. Bu isə sözsüz ki, öz növbəsində siyasi partiyalar arasında dialoqun yaranmasına və inkişafına öz müsbət təsirini göstərir.
- Cənab Xose, konfransla bağlı fikirlərinizi bilmək istərdik
- Yeni dövrün çağırışlarına problemsiz cavab verməyə çalışmalıyıq. Bu gün dünyada iqtisadiyyatla siyasət bir-birinə qovuşur. Siyasət nə qədər uğurlu olsa, iqtisadiyyat da bir o qədər güclü olacaq. İqtisadiyyat da nə qədər gücü olsa, siyasət də bir o qədər uğurlu olacaq. Bu vəhdət, inkişaf Avropadan Asiyaya gəlir. Asiyadan isə dünyaya, ümumiyyətlə, Avroatlantik məkana yayılır. Bu gün Azərbaycan öz uğurları ilə nümunə göstərilə biləcək bir ölkədir. Ölkənizdə iqtisadiyyatla siyasətin birliyi tam qorunub. Azərbaycanın təcrübəsinin öyrənilməsi çox önəmlidir.
- Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövləti həqiqətlərimizin, Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması istiqamətində ciddi səylər göstərir və uğurlar göz qabağındadır. Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələri də deyilənlərin təsdiqidir. Təmsil etdiyiniz Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi necədir?
- Dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatında bu problem müzakirəyə çıxarılıb. Təşkilatın 4 qətnaməsi qəbul olunub. Biz münaqişənin BMT-nin qətnamələri əsasında öz ədalətli həllini tapmasını istəyirik. Bütün münaqişəli məsələlər beynəlxalq hüququn normaları əsasında həllini tapmalıdır.
Asiyada yeni bir təşkilatın yaradılmasını nəzərdə tuturuq. Dekabrın 27-də Filippinə gedəcəyəm. Yeni yaradılacaq təşkilat çərçivəsində biz belə münaqişələrin həllinə öz münasibətimizi bildirmək istərdik. Burada başlıca məqam BMT-nin qəbul etdiyi qətnamələri və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 2009-cu ildə Astanada keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarını əsas götürməkdir. Bu qərar ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişə bu çərçivədə öz ədalətli həllini tapmalıdır.
ATƏT-in Minsk qrupunun fəaliyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr çərçivəsində davam etdirilməlidir.
Asiyada yeni yaradacağımız Sülh Təşkilatının da bu məsələyə öz töhfəsini verməsinə çalışacağıq. Məsələnin sülh yolu ilə həll olunmasını istəyirik.
- Filippin-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?
- Biz istərdik ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edən addımlar daha da genişləndirilsin. Birgə müəssisələrin yaradılması əsas istəklərimizdəndir. Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. Azərbaycanın enerji daşıyıcılarının Sakit okeana çatdırılmasında maraqlıyıq.
Filippinin ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, bu gün minlərlə tanınmış həkimlərimiz ABŞ-da, Afrikada çalışır. Bu sahədə çox böyük uğurlar əldə etmişik. Bu təcrübəni Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bölüşmək istərdik. İnsanların sağlamlığı daim diqqətdə olan məsələlərdəndir.
Filippinin uğur qazandığı sahələrdən biri də informasiya texnologiyalarıdır. Biz bu istiqamətdə də əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşmək istərdik. Cənubi-şərqi Asiyada Filippinin bu sahədəki təcrübəsi öyrənilir və geniş tətbiq edilir. Azərbaycan inkişaf yolunda olan ölkədir. Düşünürük ki, qarşılıqlı əməkdaşlıq nəticəsində mühüm uğurlar əldə edə bilərik.
- Cənab Xose, konfransın adına müraciət edərək, bilmək istərdik ki, Azərbaycanın modernləşmə siyasətini necə dəyərləndirirsiniz? Bu günün iqtisadi və sosial çağırışları nədən ibarətdir?
- Bu mənim şəxsi fikrimdir. Mənim təklifim ondan ibarətdir ki, sosializm və kapitalizm dəyərlərini bir araya gətirək. Azərbaycan bu sahədə nümunə göstərilə bilər. Ölkəniz bu dəyərlərin vəhdətliyi şəraitində böyük uğurlara imza atır. İqtisadiyyatın və siyasətin birləşməsi bu günün əsas çağırışlarındandır. Düşünürəm ki, bu konfrans əlaqələrimizin daha da inkişafına öz müsbət təsirini göstərəcək.
ARAYIŞ: Xose Claveria de Venecia (Xose Klaveriya de Venesiya) 26 dekabr 1936-cı ildə Filippində, Pangasinan vilayətinin Dagupan şəhərində anadan olub.
1992-1998 və 2001-2008 -ci illərdə Filippinin Nümayəndələr Palatasının IX, X, XII, XIII və XIV Konqreslərinin spikeri olub. Əlavə olaraq, Bununla da o, vəzifəsinə görə, ölkə başçısından sonra 3-cü böyük şəxs kimi fəaliyyət göstərib. Jose C. de Venecia yeganə filippinlidir ki, müxtəlif vaxtlarda 5 dəfə Nümayəndələr Palatasına spikerlik edib.
İqtidardakı LAKAS-CMD partiyasının keçmiş prezidenti Jose C. de Venecia 1998-ci ildə Filippində keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş, lakin vitse-prezident Josep Estradaya məğlub olub. Sözügedən seçkilərdə Filippinin ən tanınmış 11 siyasətçisi namizədliyini irəli sürsə də, Jose C. De Venecia rəqiblərini qabaqlayaraq ikinci yerdə qərarlaşıb.
Jose C. de Venecia hazırda Asiya ölkələrinin siyasi partiyalarını özündə birləşdirən və regionun ən böyük beynəlxalq təşkilatı olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) təsisçisi və həmsədridir. Bu təşkilata Asiyanın 53 ölkəsindən 330 siyasi partiya daxildir. Təşkilatı 18 Siyasi Partiyadan ibarət Daimi Komitə idarə edir. YAP sədrinin müavini-İcraçı katib Əli Əhmədov Daimi Komitənin üzvüdür. Daimi Komitənin 2009-cu ildə Astanada keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyü qeyd olunub.
Evlidir, 5 övladı var.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi əsas yer tutur. Partiyanın təşkilatçılığı ilə müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirilməsi də bu məqsədə xidmət edir.
Məlum olduğu kimi, dekabrın 21-də YAP-ın təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirdikdə mövzunun aktuallığı aydın şəkildə özünü büruzə verir. Bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən başlanan və hələ də davam etməkdə olan iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara malik olduğunu açıqladı. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq bu böhrandan uğurla çıxması, iqtisadi inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsi belə bir mövzuda beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsinin nə qədər önəmli olduğunu təsdiqləyir. Yeni Azərbaycan Partiyasının təşəbbüsünün yüksək səviyyədə dəstəklənməsi tədbirə qatılacaq ölkələrin və nümayəndələrin sayından da görünür.
Tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB