Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bu gün Bakı Dövlət Universitetində (BDU) ümummilli liderin anım gününə həsr olunmuş Heydər Əliyev məktəbi keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə xalqımızın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndərimiz Heydər Əliyevin təhsil sahəsinə böyük önəm verməsi, qayğı göstərməsi, bu istiqamətdə gördüyü işlər haqqında danışaraq deyib ki, ümummilli liderin siyasi dövlətçilik təcrübəsi müxtəlif nəsillər tərəfindən daim öyrənilməlidir. Rektor deyib ki, Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir.

Ulu öndərin təhsil sahəsindəki rolundan danışan Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, ümummilli lider Heydər Əliyevin milli təhsilimizin inkişafında xidmətləri müstəsnadır. Təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğı Azərbaycana rəhbərlik etdiyi bütün illərdə ulu öndərin çoxsahəli və geniş miqyaslı fəaliyyətində prioritet istiqamət olub. Müstəqillik dövründə ölkəmizdə novator və innovativ ruhlu təhsil siyasəti ilə müşayiət olunan islahatlara başlanması, inkişafyönümlü dövlət proqramlarının qəbul edilməsi bilavasitə ümummilli liderimizin adı ilə bağlıdır.

Ümummilli liderin siyasətinin uğurlu nəticələrindən danışan digər natiqlər xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərini xatırladıb, ulu öndərin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini qeyd edib, bu sahələrdə qazanılan nailiyyətləri diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə