İsmayıllı rayonunda 3,1 bal gücündə zəlzələ baş verib. Bu, son bir ayda ölkə ərazisində qeydə alınan sayca səkkizinci zəlzələdir. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də qeydə alınıb. Onun episentri Şamaxı rayonunun Pirqulu qəsəbəsindən 15 km qərbdə yerləşib. Yeraltı təkanlar Pirquluda 3,0 bal dərəcədə hiss olunub.
Son vaxtlar ölkə ərazisində davamlı olaraq qeydə alınan zəlzələlər əhali arasında narahatlığa səbəb olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən o da bildirildi ki, bu ayın əvvəlindən ölkə ərazisində qeydə alınan davamlı zəlzələlərin ocağı Masallı, Ağstafa, Bakı, Lənkəran , Şamaxı və Xəzər dənizində olub.
Yeraltı təkanların maqniturası isə Rixter şkalası ilə 3-4 bal gücündədir. Qeydə alınan zəlzələlərdən yalnız biri noyabr ayının 15-də Bakıda qeydə alınan zəlzələ 3 bal gücündə hiss olunub. Qalan zəlzələlər isə hiss olunmayıb.
Bəs görəsən 3-4 ballıq bu zəlzələlərin daha güclü təkanlarla əvəzlənməsi nə dərəcədə realdır. Türkiyənin Van şəhərində baş verən dəhşətli zəlzələ təhlükəsinin Azərbaycanda qeydə alınan zəlzələrlə hər hansı əlaqəsi varmı?
Respublika Seysmoloji Xidmətinin direktoru Qurban Yetirmişli Azərbaycanın seysmik zonada yerləşdiyini və zəlzələ ehtimalının həmişə olduğunu deyir: "Zəlzələnin dəqiq proqnozunu vermək çətindir. Azərbaycanda elə gün olmur ki, təkanlar qeydə alınmasın. Ancaq kiçik təkanların təhlükəsi yoxdur. Ölkəmizin ərazisində zəlzələ ocaqlarının aktivləşməsinə qonşu ölkələrin təsiri mümkündür. Məsələn, Türkiyədə seysmik aktivliyin artması Azərbaycanda Kiçik Qafqaz və Talış dağlarına təsir edir. Kiçik Qafqazda Gəncə və onun ətrafı, Böyük Qafqazda isə Şamaxı - İsmayıllı seysmik aktiv zonalardır.
Ancaq Vanda baş verən davamlı zəlzələlərin Azərbaycanda qeydə alınan zəlzələlərlə əlaqəsi yoxdur. Van zəlzələsi nə zəlzələ ocaqlarının oyanması, nə də hər hansı fəsadlar törətməsi ilə Azərbaycandakı zəlzələ ocaqlarına təsir etməyib.
Son vaxtlar dünya ölkələrində bir-birinin ardınca güclü zəlzələlərin törəməsi səbəbini həmin ərazilərdə seysmik aktivliklə əlaqədardır. Ancaq Azərbaycan əhalisinin narahatlığına heç bir əsas yoxdur. Hazırda ölkəmizdə seysmiklik normal fon səviyyəsindədir. Bütün təkanlar həssas cihazlar vasitəsilə qeydə alınır. Kiçik ballı zəlzələlərin qeydə alınması isə ölkəmiz üçün xarakterikdir. Çünki Azərbaycan seysmik zonada yerləşir. Onu da deyim ki, zəlzələ təhlükəsi həmişə var və ölkəmizdə aktiv zəlzələ ocaqları çoxdur. Ölkəmizdə maksimum 8 - 9 ballıq zəlzələlərin olması mümkündür. Ona görə də demək olar ki, hər gün xırda təkanlar qeydə alınır. Ancaq bunlar ölkənin ərazisi üçün xarakterik olduğundan normal hesab edilir. Narahatlığa ehtiyac yoxdur.
Q.Yetirmişli onu da bildirdi ki, dünyanın bir neçə ölkəsində bir-birinin ardınca baş vermiş güclü zəlzələlərin bir-biri ilə əlaqəsi yoxdur və eyni dövrdə ayrı-ayrı nöqtələrdə yeraltı təkanların törəməsi sırf təsadüfdür.
Hazırda ölkə ərazisindəki seysmik proseslər diqqətlə izlənilir. Hansı ərazidə aktivliyin olduğu müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB