İslam İnterneti fəth edir

2011- ci ilin dekabr ayında İnternet aləmində ilk qlobal islam layihəsi - SalamWorld.com adlı yeni sosial şəbəkənin sınaq buraxılışı həyata keçiriləcəkdir. "Salamworld"un Mərkəzi İstanbul ofisindən SİA-ya verilən xəbərə görə, SalamWorld.com (dünyaya sülh) şəbəkəsi bütün dünyadakı müsəlmanlara bir-birilərini daha yaxşı tanımağa, işgüzar, şəxsi və qardaşlıq əlaqələri qurmağa yardım edəcəkdir.

Yaradıcı heyətin əsas məqsədi sosial şəbəkələrin və mikrobloqların artdığı bir zamanda müsəlman cəmiyyətlərinin tələblərinə cavab verən virtual resursun, dünyada islam mədəniyyəti və ənənələri barəsində düzgün təsəvvürlərin formalaşmasına imkan verən universal kommunikasiya kanalının yaradılmasıdır.

Saytın əsas qayəsi olaraq "siyasətsiz, haramsız, sərhədsiz" şüarı altında islami və insani dəyərlərin qorunması elan olunub.

Yeni saytın artıq Misirdə təqdimat mərasimi keçirilib, 2012-ci ilin aprelində isə İstanbulda rəsmi, təntənəli açılışı nəzərdə tutulub.

"Salamworld"un İstanbul ofisindən verilən məlumata görə, bu yaxınlarda saytın Bakı şəhərində də təqdimatının keçirilməsi planlaşdırılır.

Layihə özünün çoxdilli strukturuna görə unikaldır, belə ki, o demək olar ki, müsəlmanların yaşadığı bütün coğrafiyanı əhatə edir.

SalamWorld.com-un yaradılması və işə salınmasında 11 ölkədən olan heyət iştirak edir.

Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə dünyanın texnoloji nəhəngləri Accenture, Microsoft, Oracle, Dell, Motorola və digərlərinin də cəmləşdiyi XXI-ci əsrin "hind möcüzəsi" olan L&T Infocity proqram-texnoloji park "Haytek-Siti"nin yerləşdiyi Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.

Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə SalamWorld.com –un müxbir məntəqələri təşkil olunacaq.

Artıq təşkilatçılar ilə İtaliya, İsveçrə, Fransa, Finlandiya, Türkiyə, Qazaxıstan, Misir, Səudiyyə Ərəbistanı, ABŞ, və Böyük Britaniya kimi ölkələr arasında birgə əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb. Gələcəkdə layihənin coğrafiyasının genişlənməsi nəzərdə tutulub.

İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq, bura Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər də əlavə olunacaq.

SalamWorld.com-da xəbər bölməsi ilə yanaşı sosial şəbəkə, müxtəlif dillərdə elektron kitabxana, on-line təhsil, on-line fətva, on-line İslam ensiklopediyası, on-line seminarlar, on-line oyunlar, videolar, həcc və ümrə bələdçisi, oyun formatında tədris proqramları, uşaqlar üçün bölmə və bir çox digər bölmələr də fəaliyyət göstərəcək.

Sayt hələ rəsmi şəkildə işə düşməsə də, artıq bu gün 100 mindən artıq insan, onların elektron ünvanlarının gələcəkdə saytın xəbər paylaşma siyahısına salınması xahişi ilə müraciət edib.

Bu internet – layihə İslam dünyasının Facbook-u olmağı hədəfləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə