Asəf Əliyev: "Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir" - MÜSAHİBƏ

Asəf Əliyev: "Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir" - MÜSAHİBƏ

Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyevdir



- Asəf müəllim, ölkədəki iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı vəziyyət hansı səviyyədədir?


- Vətəndaşların əmək hüquqlarının qorunmasını və ölkədə işçilərin əmək və sosial vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində qanunların və digər normativ-hüquqi aktların həyata keçirilməsini təmin etmək üçün əmək sahəsində qanunvericiliyə dövlət nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) həvalə olunub.


2011-ci ilin 9 ayında də DƏMX tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikamızda fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə aid 4037 müəssisə, idarə və təşkilatlarda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilmişdir. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 2851 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 818 ədəd müxtəlif xarakterli sorğular araşdırılaraq cavablandırılıb. Həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9896 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin hüquq pozuntularının aradan qaldırılması üçün işəgötürənlərə icrası məcburi olan rəsmi göstərişlər verilmiş və icrası nəzarətə götürülüb.



- Əlillərin bərpa-müalicə sisteminin təkmilləşdirilməsi istiqamətində hansı addımların atılması planlaşdırılır?


- Hazırda ƏƏSMN-nin nəzdnində fəaliyyət göstərən əlillərin regional bərpa və ortopedik mərkəzləri respublikanın əksər zonalarını əhatə edən 14 Əlillərin Bərpa Mərkəzindən (ƏBM) ibarətdir. Respublikada mövcud olan əlillərin bərpa mərkəzləri vasitəsi ilə ildə orta hesabla 8 min nəfərə yaxın əlilə bərpa müalicə xidmətləri göstərilir. Hazırda respublikada mövcud olan ƏBM-nin nizamnamələrində əlillərə bərpa müalicə xidmətləri göstərilməsi yolu ilə onların sosial statusunun müəyyən edilməsi və cəmiyyətə inteqrasiyasını təmin edilməsi nəzərdə tutulub. ƏBM-nə əlillərin qəbulu təlimatına əsasən Tibbi Sosial Ekspert Komissiyaları (TSEK-lər ) və müalicə profilaktik müəssisələr tərəfindən göndəriş əsasında qəbul olunur. Mövcud bərpa mərkəzləri cəmiyyətin dəyərli üzvü kimi nəinki əlillik statusu olan şəxslərin, eyni zamanda əlillik statusu almadan əvvəl müəyyən xəstəliklərə düçar olan, bu sahədə bir cox problemlərlə üzləşən və bununla da əmək qabiliyyəti məhdudlaşan digər şəxslərin sosial adaptasiyası və onların sosial statusunun bərpa olunması məqsədi ilə tibbi - sosial psixoloji pedoqoji və peşə yönümlü sahələrdə kompleks şəkildə bərpa xidmətlərinin göstərilməsi, əmək qabiliyyəti məhdud olan və ya əlilik statusu olan şəxslərin müstəqil həyata hazırlanması və cəmiyyətə inteqrasiyası ücün fəaliyyət göstərən bir müəssisə olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mövcud bərpa mərkəzlərinin tibbi-sosial reabilitasiya mərkəzləri kimi fəaliyyət göstərməsi məqsədi ilə onların struktur və funksyalarının dəyişdirilməsi və gələcəkdə əlavə olaraq tibbi-sosial reabilitasiya mərkəzlərinin yaradılması ƏƏSMN-yi tərəfindən təklif edilib.



- Əlillərin cəmiyyətə inteqrasiyasının təmin olunması ilə baglı hansı proqramların həyata kecirilməsi nəzərdə tutulur?


- Əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ilk növbədə "Əlillərin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlilləri və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna dəyişiklik üzərində ƏƏSMN-də iş aparılır. Eyni zamanda "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair dövlət proqramı"nın layihəsi hazırlanıb. Hazırda proqram rəy verilməsi mərhələsindədir və hazır olduqdan sonra müvafiq dövlət orqanlarına təqdim olunacaq. Mövcud vəziyyət və beynəlxalq təcrübə mövzusunda cari ilin 21 oktyabr tarixində ƏƏSMN-də QHT-lər, beynəlxalq təşkilatlar, digər nazirliklərin nümayəndələrindən ibarət dəyirmi masa kecirilib, müzakirələr aparılıb və bir sıra təkliflər verilib. Əlilliyin müəyyən olunması mexanizminin təkmilləşdirilməsi məqsədi ilə ilk növbədə TSEK-lərin strukturunda dəyişiklik edilib, 22 zona TSEK-lərinin sayı artırılaraq 39 TSEK yaradılıb. Bundan başqa Azərbaycan Respubliksası Nazirlər kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyyarlarına dair əsasnaməyə dəyişikliklər edilib və razılaşdırılması ücün müvafiq dövlət orqanına təhvil verilib.



- Ünvanlı sosial yardım verilməsində hansı alternativ layihənin icrası nəzərdə tutulur?


- 2006-cı ildən etibarən tətbiq edilən ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən yardım üçün müraciət mexanizminin qiymətləndirilməsi aparılmış, mütərəqqi beynəlxalq təcrübə, onun tətbiqi imkanları öyrənilmiş və alternativ müraciət mexanizmləri təklif olunmuşdur. Bunların sırasında həm elektron poçt (email) , həm də poçt idarələri vasitəsi ilə ərizə-anket formalarının qəbul edilməsi nəzərdə tutulur. Bu mexanizmlər ünvanlı sosial yardım proqramının daha da şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanmışdır. Cari ilin avqust ayından alternativ müraciət mexanizmləri seçilmiş pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilir. Cari ilin 01 noyabr tarixinə olan məlumata əsasən eletron poçt vasitəsilə müraciət qeydə alınmasa da hər iki pilot rayon üzrə poçtla müraciət edən ailələrin sayı ümumi müraciət edənlərin təxminən 25%-ni təçkil etmişdir.



- Birdəfəlik sosial yardım - Özünədəstək proqramının mahiyyəti nədən ibarətdir?


- Səmərəli əmək fəaliyyəti ilə məşğulluğun inkişaf etdirilməsi və aztəminatlı ailələrin sosial reabilitasiyası imkanlarını özündə birləşdirən "Özünədəstək" proqramının əsas məqsədi xüsusi ilə kənd yerlərində yaşayan aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. "Özünədəstək" proqramında iştirak edəcək aztəminatlı ailələrə 1 il müddətinə respublika üzrə ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı verilməklə şəxsi yardımçı təsərrüfatlarının inkişaf etdirilməsi və ya seçilmiş fərdi əmək fəaliyyəti ilə məşğul olmaları yolu ilə sosial reabilitasiya edilməsi nəzərdə tutulur.



- Azərbaycanda ünvanlı sosial yardımın verilməsi prosesində ünvanlılıq nə dərəcədə təmin olunur?


- "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlılıq sosial yardımların verilməsində 3 əsas prinsipdən biri kimi qeyd edilmişdir. Ünvanlılıq prinsipinə tam əməl etmək üçün ünvanlı sosial yardım təyin edən komissiyalarının tərkibinə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunması barədə qərar qəbul edilmişdir. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurası və təcrübəli vətəndaş cəmiyyəti insititutlarının nümayəndələri ilə aparılmış məqsədyönlü əməkdaşlıq, ölkənin müxtəlif KİV-də birgə müzakirələr, fikir mübadiləsi, keçirilən "dəyirmi masalar"ın məntiqi davamı olaraq Nazirlik yanında İctimai Şura yaradılmışdır. Ombudsman Aparatının, Azərbaycan Milli QHT Forumu, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın əsasnaməsi təsdiq edilmişdir. İctimai Şuranın əsas funksiyalarına Nazirliyin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin keyfiyyətinin və səmərəliliyinin artırılması və monitorinqlərin aparılması daxildir. Artıq naziriliyin fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi istiqamətində İctimai Şuranın ilk addımları atılmışdır. Belə ki, Şuranın üzvləri ilə birgə pilot rayonlarda birdəfəlik sosial yardım (özünədəstək) proqramında iştirak edəcək ailələrin seçilmişdir.



- Umumilikdə aktiv sosial müdafiə tədbirləri nəticəsində hansı naliyyətlər əldə edilib?


- Azərbaycan Respublikasının sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bu siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Minimum əmək haqqının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının əyani təcəssümüdür. Ölkə üzrə aparılan uğurlu siyasətin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2011-ci ilin 9 ayı ərzində işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilmişdir. Belə ki, 2011-ci ilin 9 ayı üzrə Məşğulluq Xidməti orqanlarına cəmi 41091 nəfər müraciət etmiş, onlardan da 20904 nəfər münasib işlə təmin edilmiş, 1225 nəfər isə haqqı ödənilən ictimai işlərə, 3058 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunmuşdur. 2011-ci ilin 9 ayı ərzində Naxçıvan MR-da daxil olmaqla respublikanın 51 şəhər və rayonlarında "Əmək Yarmarkaları" təşkil olunaraq keçirilmişdir. Cari ilin əvvəlindən respublikanın müxtəlif regionlarında keçirilmiş yarmarkalarda 1351 müəssisə tərəfindən boş iş yerləri təqdim olunmuş, 10675 boş (vakant) iş yerlərinin hesabına 3860 nəfər işsiz vətəndaş münasib işlə təmin olunmuş, 466 nəfər peşə hazırlığı kurslarına, 224 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Eyni zamanda 2011-ci ilin 9 ayı ərzində Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi məqsədi ilə məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilmişdir ki, bu tədbirlərə 227 müəssisə tərəfindən 1665 boş (vakant) iş yerləri təqdim olunmuş və tədbirin nəticəsi olaraq 112 nəfər münasib işlərlə təmin edilmişdir. Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi ilə əlaqədar 2011-ci ilin 9 ayı ərzində Məşğulluq Xidməti orqanlarına 9430 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 3034 nəfəri işlə təmin olunmuş, 944 nəfərə işsiz statusu verilərək, işsizlik müavinəti təyin olunmuşdur, 258 nəfər müxtəlif peşələr üzrə hazırlıq kurslarına, 162 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Göründüyü kimi, Azərbaycanın son illər yürütdüyü sosial-iqtisadi siyasəti onu dünyada və regionda yüksək nüfuz sahibinə çevirmişdir. Artıq iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, əhalinin məşğulluq imkanları genişlənmiş, sosial rifahı təmin olunmuşdur. Azərbaycan Respublikası hazırda bir sıra dünya ölkələrinin mühüm strateji tərəfdaşına çevrilmişdir. Son illər həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində "İnkişafın Azərbaycan modeli"nə nail olunmuşdur. Hazırda ölkəmiz yüksək tərəqqi yolu ilə inamla irəliləyir və sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atır.

Bütün xəbərlər Facebook səhifəmizdə