Ombudsman psixiatriya xəstəxanalarındakı problemlərlə bağlı Nazirlər Kabinetinə müraciət edib
Ombudsman Elmira Süleymanova Gəncə şəhər ruhi-əsəb və Şəki rayonlararası psixiatriya xəstəxanalarına başçəkib. SİA-nın xəbərinə görə, ombudsman xəstəxanalardakı inzibati otaqlara, palatalara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Söhbət zamanı xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb. Müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət etmək istəyən xəstələr dinlənilib, onların problemləri öyrənilib. Eyni zamanda, ombudsman bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dava-dərman üçün ayrılan vəsaitlə maraqlanıb.
Gəncə şəhər ruhi-əsəb xəstəxanasının baş həkimi İlham İbrahimov burada 143 xəstənin, o cümlədən 41 qadının müalicə edildiyini qeyd edib. Şəki rayonlararası psixiatriya xəstəxanasının baş həkimi Akif Əsədullayev isə rəhbərlik etdiyi sağlamlıq müəssisəsinin Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etdiyini, hazırda 57 xəstənin müalicə olunduğunu bildirib. Növbəti monitorinq zamanı dərman çatışmazlığının əsas problemlərdən olduğu, xəstələr üçün ayrılan gündəlik ərzaq xərclərinin artırılmasına ehtiyac olduğu, tibb personalının maaşlarının azlığı, gənc mütəxəssislərin psixiatrik müəssisələrdə işləməyə maraq göstərmədiyi müəyyən edilib.
E.Süleymanova Nazirlər Kabinetinə və Milli Məclisin Sosial siyasət komitəsinə müraciət edərək, psixiatriya xəstəxanalarında müalicə olunan ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması, habelə müəssisələrin ehtiyaclarına uyğun büdcə ayrılmalarının artırılması üçün tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB