Metronun “Məşədi Əzizbəyov” stansiyası noyabrın 1-dən sərnişinlər üçün bağlanacaq

Metronun “Məşədi Əzizbəyov” stansiyası noyabrın 1-dən sərnişinlər üçün bağlanacaq

Noyabrın 1-dən Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılacaq. Bununla əlaqədar, qatarlar "Məşədi Əzizbəyov" stansiyasında dayanmadan hərəkət edəcəklər.

Bakı Metropoliteninin mətbuat xidmətindən bildiriblər ki, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq.

Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.

Bu məhdudiyyətlərlə əlaqədar, son dayanacağı "Məşədi Əzizbəyov" stansiyasının qarşısında olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. Dayanacaqlar müvəqqəti olaraq metronun "Ulduz" stansiyasının qarşısına köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə