“2013-cü ilədək paytaxtda 75 yol ötürücü, yol qovşağı, yeraltı və yerüstü piyada keçidləri inşa ediləcək”-MÜSAHİBƏ

“2013-cü ilədək paytaxtda 75 yol ötürücü, yol qovşağı, yeraltı və yerüstü piyada keçidləri inşa ediləcək”-MÜSAHİBƏ

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun SİA-ya müsahibəsi

- Hazırda yolların təmiri və tikintisi ilə nazirlik nə kimi tədbirlər görülür?

- Biz Nəqliyyat Nazirliyi olaraq nəinki Bakı şəhərinə Respublikanın müəyyən yerlərində müxtəlif tədbirlər həyata keçiririk. Yolların genişləndirilməsi, yeni yol qovşaqlarının salınması, tunellərin tikilməsi bizim gördüyümüz tədbirlər sırasındadır. Bakı şəhərində müəyyən küçələr var ki, orada işi Nəqliyyat Nazirliyi yox, Bakı Şəhər İcra Hakimiyyəti aparır. Maneəsiz, intensiv hərəkəti təmin etmək üçün ötürücü yol qovşalarının tikilməsi mütləqdir. Müəyyən yollarda Ziya Bünyadov prospekti, Xutor dairəsi, Dərnəgül yolunda yolun genişləndirilməsi ilə bağlı işlər aparılır. Bu tikintilərlə bağlı müəyyən çalalar yaranır və yağış yağdığı zaman da bu çuxurlar su ilə dolur. Avtonəqliyyat vasitələri də bu çalalara düşüb zədələnir. İstənilən hava şəraitindən aslı olmayaraq bu tədbirlər planı çərçivəsində biz bu işləri yerinə yetirməliyik. Asfalt örtüklərinin yenilənməsi, kanalizasiyanın qurulması, kommunikasiyanın dəyişdirilməsi daha çox Bakı Şəhər İcra Hakimiyyətinin balansına daxildir. Lakin bütün bunlara baxmayaraq Nəqliyyat Nazirliyinin balansında olan yeni yolları inşa edərkən bu kimi məsələlərə diqqət yetirilir. Çünki əvvəllər kanalizasiya lyukları, kommunikasiya, telefon kabeli, qaz xəttləri düzgün yerlərdə qoyulmamışdır. Bu səbəbdən də yağış, qar yağdığı zaman asfaltın üstündə qalır və problem yaradır.

- Dövlət proqramına əsasən Bakı ətrafı qəsəbələrin yol qovşaqlarının tənzimlənməsi və yenidən qurulması istiqamətində nə kimi işlər görülür?

- Bakının 32 kəndi ilə bağlı müəyyən planlar var. Qəsəbə daxili yollara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən vəsaitlər ayrılıb. Biz daha çox böyük əhəmiyyətli magistral yolları inşa edirik. Sumqayıt, Bilgəh, Mərdəkan istiqamətində çəkilən yol layihəmiz dünya standartları səviyyəsindədir. Bu layihə çərçivəsində yollar genişləndirilir, yeni yol qovuşaqları salınır, müəyyən yaşıllaşdırma işləri aparılır. Yaxın bir neçə il ərzində Bakı kəndlərinin yolları şəhər yollarından heç nə ilə fərqlənməyəcək.

- Sakinlərin daha çox şikayəti yeni elektron sistemlərin bütün yolların kənarında salınması zamanı aparılan qazıntılar və yollardakı problemlərlə bağlıdır. Sizin bunlara münasibətiniz necədir?

- Dünyanın ən inkişaf etmiş ölkələri də belə problemlərlə qarşılaşır. ABŞ-na səfər etdiyim zaman Nyu-York və Vaşinqton kimi ölkələrin belə problemlərlə üzləşdiyinin şahidi olmuşam. Bakı meqapolis şəhərdir və belə şəhərlərdə problemlərin olması qaçılmazdır. Ona görə də bu tədbirlər planı başa çatana qədər, yəni 2013-cü ilədək bütün bunlara dözməliyik. Nazirlik bu müddət ərzində 75 yol ötürücüsü, yol qovşağı, yeraltı və yerüstü piyada keçidlər inşa edəcək ki, bunu da qazıntı işləri olmadan aparmaq mümkün deyil.

- Sizin fikrinizcə, bu il Bakı yolları, nəqliyyatı ümumiyyətlə qış mövsümünə nə dərəcədə hazırdır?

- Biz qışa hazırlığı artıq iyul, avqust ayından başlamışıq. İstər qumun, istər duzun gətirilməsi, texnikanın cəlb olunması nöqteyi-nəzərdən hər bir şey hazırdır. İllər ötdükcə, texnikanın sayı, asfalt örtüyünün keyfiyyəti artdıqca bu problemlər azalır. Həm də Bakının iqlimi başqadır. Qışda yağan qar 2-3 gündən çox yollarda qalmır. Amma Bakı küləkli şəhər olduğundan yollardakı buzu da təmizləmək çətin olur. Çünki yollardakı qarın üzərinə qum səpilsə də, o axsama əriyir. Lakin gecə olan külək, şaxta onu yenidən buza çevirir.

Bütün xəbərlər Facebook səhifəmizdə