Qılınc Məmməd...
Qılınc Azərbaycan xalqının hər zaman mübarizlik, cəsurluq rəmzi. Misri qılıncla düşmənə meydan oxuyan Koroğlu, əlindəki qılıncla ərəb xilafətini yerindən titrədən Babək, adı gələndə düşməni lərzəyə salan Cavanşir. Qılıncla düşmənə sinə gələn qəhrəmanların siyahını çox uzatmaq olar.

Bu qədim silah zaman-zaman unudulsa da, qılınc Məmməd onu daima yaşatmağa özünə söz verib. Məmmədov Məmməd Qafar oğlu xalqımıza qədim dövrlərdən miras qalan qılıncın yeganə peşəkar ustasıdır. Hazırda nəinki Azərbaycanda, hətta MDB ölkələri, Avropada da qılınc hazırlayan sənətkar yoxdur.


Qılınc düzəltmək üçün 30 sənətdən xəbərdar olmalısan


Bəlkə də kənardan çoxlarına qılınc düzəltmək asan görünə bilər. Ancaq bu prosesin nə qədər əmək, istedad və digər xüsusiyyətlər tələb etməsinə qılınc Məmmədin işlədiyi avtomobil zavodunun dəmirçixanasında şahid olduq. Onun nə ayrıca sexi var, və də peşəsinin davamçıları. Bu qədim sənətə olan sevgisini yaşatmaq üçün zavodun bir kənarında onlarla qiymətli və gözoxşayan sənət əsərləri yaradır. Özü də qazanc, dolanışıq naminə yox. Böyük marağı, fenomen istedadı olduğu üçün.

Sənətkar qılıncın qınını vəhşi sığın buynuzundan hazırlayır. Dediyinə görə qılınc düzəltmək üçün bir sıra peşələrə yiyələnib: \"Bu peşə insandan zəhmət, güc, xəttatlıq - naqqaşlıq bacarığı, dəmirçilik, rəssamlıq, yazı -qravürovka, çekanka - qabartma, yandırma ilə naxış vurma, ən əsası isə hövsələ, səbir tələb edir. Mükəmməl qılınc düzəltməyi bacarmaq üçün təkcə dəmirçi olmaq kifayət deyil. Ən azı 30 sənətdən xəbərdar olmalısan ki, gözəl əsər yaradasan. Qılınc hazırlamaq üçün ən gözəl polad material sayılan \"Moskviç\" markalı avtomaşının "resor"unu əridirəm, sonra onu asma çəkiclə döyürəm. Qılıncın qınını Rusiyadan dostlarımın göndərdiyi vəhşi sığın buynuzundan, sadə xəncərlərin qınını isə malın dırnaq sümüyündən hazırlayıram. Xəttatlığı sümüyə tətbiq etməklə isə xalqımıza məxsus ornamentləri qılıncların dəstəyinə həkk edirəm. Qılınc qınlarına dəri çəkərək, zərgərlik texnikası ilə qızılı kantlar və daşlarla bəzəyirəm. Laklama əməliyyatında isə boyaqçılıq bacarığı dadıma gəlir. Ən mürəkkəb proses qılıncın itiləməkdir. Bunun üçün xüsusi ustalıq tələb olunur. Belə ki, işin öhdəsindən gəlmək üçün hər gün idman edirəm. Təsəvvür edin 90 santimetr uzunluğu olan qılıncı, itiləyərkən nəfəs almaq, yerindən tərpənmək olmaz. Dözməyib nəfəs alsan, qılıncın ucu əyiləcək. Onu tərpənməyə qoymamaq üçün çox möhkəm əl lazımdır. Daş, rezin, keçə ilə qılıncı o vaxta kimi itiləyirəm ki, ülgüc kimi dəsmalı göydə kəsə bilsin. Sonra isə səthinə nikel və xrom çəkirəm ki, güzgü kimi parıldasın. Onu da deyim ki, bir qılıncı düzəltmək 5 aya başa gəlir. İndi hazır olmaq üzrə olan qılıncın başa gəlməsi üçün isə 7 ay vaxt sərf etmişəm\".

Hazırladığı bütün qılıncların üzərində Q.M. – Qılınc Məmməd sözlərini həkk edir ki, gələcək nəsillər əsərin kimə məxsus olduğunu bilsinlər: \"Qılınc hazır olandan sonra onu özüm hazırladığım çamadan və ya futlyara qoyuram. Futlyarlar qılıncın özündən də gözəl olur. \"Bir qalanın sirri\" filmində həkim babanın Elşənə sehrli kəməri qabda verməsini gördükdən sonra hazırladığım qılınclar üçün qab düzəltmək qərarına gəldim. Bunun üçün isə dülgərlik sənətini öyrəndim və bəzəkli, milli ornamentli futlyarlar, sandıqlar düzəltdim. Onu da deyim ki, əlimdən çıxan qılınclar bütün digər qılınclardan, hətta keçmişdə hazırlananlardan fərqlənir. Məsələn bu gün Türkiyədə, Çində qılınclar hazırlanır ki, onları ancaq suvenir kimi divarda xalça üzərinə asmaq olar. Köhnə qılıncları da bərpa edərkən görürəm ki, hazırlanma texnologiyası çox sadədir. Mənim isə fərqli üslubum var. Bu qılınclarla meşədə ağac doğramaq, balıq təmizləmək, 20 yırtıcı heyvanı bir an içində doğramaq, ayının, maralın başını bir dəfəyə üzmək olar. Əfsanələrdə olduğu kimi\".


"10 min manata da qılınc satmışam"


Qılınc Məmməd əl işlərini satmır: "Ancaq sifariş əsasında işləyirəm. Məqsədim düzəltdiyim qılınclarla tariximizi, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Hazırda düzəltdiyim qılınclar Azərbaycanın bir çox məşhur insanlarının, siyasi xadimlərinin, müxtəlif iş, dövlət adamlarının, səfirlərin, hətta prezidentlərin də evlərində qiymətli əsər kimi saxlanılır. Dövlət qurumları bu işləri alıb muzeylərə qoyur. Elə qılıncım olub ki, 10 min manata satmışam. Ancaq heç vaxt məni pul maraqlandırmayıb. İstərdim ki, tarixi köklərimizi, mədəniyyətimizi, qədimiliyimizi əks etdirən bu əsərlərə muzeylərdə də yer ayrılsın. Ən böyük arzum öz əsərlərimi Azərbaycan muzeylərində görməkdir. İstərdim ki, qılınclarım ən gözəl incəsənət əsəri kimi gələcək nəsillərə ötürülsün. Ölkəmizə gələn turistlər xalçalarımızla yanaşı, silahlarımızla da tanış ola bilsinlər. Ancaq bu gün heç kim bu məqsədlər üçün əsərlərimlə maraqlanmır. Bunun nəticəsidir ki, Azərbaycanın bu qədim sənəti unudulub. Əslində isə bu sahədə Azərbaycan xalqının sənətkarlığı dünya ilə rəqabət apara bilir. Çünki qılınc sənətkarlığının çox qədim tarixi var. Şamaxı ustaları hələ XVII əsrdə üzərində 120 tilişkə arasına \"Allahu - Əkbər\" sözləri həkk olunan qalxan düzəldərlərmiş. Rus tacirləri Xəzərlə gələrək bu qalxanları alıb I Pyotra bağışlayıblar\".


Qılınc Məmməd onu da dedi ki, bu sənətə qayğı belə davam edərsə, onda gələcəkdə heç nə gözləməyə dəyməz: \"Sənətkar istəyər ki, onun davamçıları olsun. Ancaq bugünkü gənclərin belə işlərə marağı yoxdur. Övladlarıma sənətin müəyyən sirlərini öyrətmişəm. Təəssüf ki, işin çətinliyi, insandan təmkin, güc tələb etməsi, maddi gəlir gətirməsi gəncləri bu sənətdən uzaqlaşdırır. İndiki gənclər eşidəndəki qılınc 5-7 aya düzəlib başa gəlir bir daha yanıma gəlmirlər. Ancaq çox istərdim ki, bu sənət nəsillərdən-nəsillərə ötürülsün. Təəssüf ki, əsl sənət fədaisinə rast gəlmədim\".


Bütün xəbərlər Facebook səhifəmizdə