Zəfər bayramı münasibəti ilə Bakıda türk şəhidlərinin xatirəsi anılıb - TƏDBİR

Zəfər bayramı münasibəti ilə Bakıda türk şəhidlərinin xatirəsi anılıb - TƏDBİR

Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyi, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATİB) üzvləri bu gün Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Türkiyənin Azərbaycandakı səfirliyinin Silahlı Qüvvələr attaşesi, general-mayor Yüçel Karaüz Zəfər bayramının tarixi barədə danışıb. Türk Şəhidliyinin xatirə dəftərini imzalayan hərbi attaşe bildirib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanıb. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Bir vaxtlar Azərbaycan əsgəri ilə çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar.

Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklillər qoyublar.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə