Elşən Manafov: "Müxalif partiyalarının əksəriyyətində rəhbər qrumlara seçimlər zamanı çox ciddi pozuntular baş verir" - MÜSAHİBƏ
Demokratik Sol Partiyasının sədri Elşən Manafovun SİA-ya müsahibəsi
- Elşən müəllim, müxalifətin pərakəndə və dağınıq halda olmasının başlıca səbəbinin liderlərinin səhv siyasət aparmaları ilə əlaqələndirmək olarmı?
- Ölkə müxalifətinin ağır durumu obyektiv və subyektiv amillərlə bağlıdır. Radikal müxalifətin ictimai rəyə təsir göstərmək imkanları çox zəifdir. Müxalifətin ictimai rəyə təsir imkanları prezident seçkilərində növbəti dəfə məğlub olduqdan sonra daha da tükənib. Son illər ölkə iqtidarının həyata keçirdiyi məqsədyönlü siyasətlə mövcud olan bir sıra sosial problemlərin həll olması müxalifətin arzularına ciddi zərbə vurub. Radikal müxalifətin son bir neçə ayda həyata keçirmək istədiyi aksiyaların iflası onu göstərir ki, artıq sağ yönümlü müxalifətin ictimaiyyətlə münasibətlərin qurulması istiqamətində fərqli addımlar atılmalıdır. "İctiami Palata"da təmsil olunanların həyata keçirmək istədiyi aksiyaların uğursuzluğu və bu aksiyalara ölkə ictimaiyyəti tərəfindən ciddi dəstəyin verilməməsi onu göstərir ki, sözügedən müxalifətin ictimai rəyə təsir göstərmək resusları yoxdur. Düşünürəm ki, radikal müxalifət daha çox reallığı nəzərə alaraq, daha konkret olan addımlar atmalıdır. Təbii ki, bu addımlar da hakimiyyətlə istənilən sahədə əməkdaşlıqla bağlı ola bilər. Radikal müxalifət bəyan edir ki, ölkə iqtidarının həyata keçirdiyi siyasət onları qane etmir. Halbuki, məhz bu siyasət uzun illərdən bəri ölkədəki mövcud siyasi stabilliyin və iqtisadi, sosial sahədə aparılan islahatların uğurunu təmin etmişdir. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan təkcə MDB məkanında deyil, bütövlükdə Avropada və dünyada yetərincə nüfuzu olan ölkələrdən biridir. Ölkənin Avropanın enerji təhlükəsinə öz töhfəsini vermək imkanları bu hakimiyyətin resurslarını və onun reytinqini dünyada kifayət qədər yüksəldib. Amma təəssüflər olsun ki, ölkə müxalifəti bütün bu amilləri nəzərə almır. Həmçinin, istər qlobal kontekstdə gedən dəyişiklikləri, istərsə də bu illər ərzində həyata keçirilən islahatların və ölkənin sosial-iqtisadi uğurlarının artmasını müxalifət nəzərə almır. Bu da radikal müxalifətin iflasının əsas səbəblərindən biridir.
- Nəyə görə birlikdən danışan müxalifət partiyalarının sədrləri əməli fəaliyyətlərində müxtəlif xarakterli blok və qurum yaradırlar?
- Düşünürəm müxalifət partiya sədrlərinin müxtəlif xarakterli bloklar və qrumlar yaratmaq istəyi, siyasət elminin dəyərləri baxımından tamamilə anlaşılandır. İndiki hakimiyyət ilə müqayisədə, radikal müxalifətin daha pərakəndə vəziyyətdə fəaliyyət göstərməsi və onun mövcud durumu, təbii ki, müxalifətin bu və ya digər blokları formalaşdırmaq və hakimiyyətlə münasibətləri fərdi müstəvi üzərinə gətirmək zərurətini doğurur. Bir çox hallarda bütün bu səylər müxalifət partiyalarının başında dayanan şəxslərin konyuktur maraqlarından irəli gəlir. Müxalif partiyaları arasında konyuktur maraqlar, həmin partiyaların gerçəkdən ölkə iqtidarına münasibətdə ciddi sosial dəstəyə malik olan siyasi blokların ərsəyə gətirilməsinə mane olur. Fikrimcə, məhz ölkə iqtidarının həyata keçirdiyi siyasətdən çıxış edərək və ölkədəki mövcud ictimai-siyasi reallıqlar, o cümlədən, bölgə ilə bağlı geosiyasi reallıqları nəzərə almaqla, müxalifət bu və ya digər blokların formalaşmasında hər hansı bir uğura imza ata bilərdi. Lakin bu uğurda bütün hallarda, həm ölkədə mövcud ictimai vəziyyəti nəzərə almaq, həm də hakimiyyətlə münasibətləri konstruktiv zəmində qurmaq istəyindən və addımlardan asılı ola bilər. Amma təəssüflər olsun ki, bu amillər müxalifətçi liderlər tərəfindən nəzərə alınmır. Uzun illərdi ki, məhz bu müxalif partiyalarının liderləri arasında olan qeyri-səmimiyyət radikal müxalifətin bir araya gəlməsinə və gerçəkdə ölkə iqtidarına müxalifətdə dura biləcək, sosial bazanın müəyyən hissəsilə işbirliyi qura biləcək normal müxalif siyasi qüvvənin formalaşmasına kifayət qədər mənfi təsir göstərir.
- 20 ilə yaxındır ki, ölkədə radikal müxalifət partiyaları fəaliyyət göstərir. Bu partiyalar fəaliyyət göstərdiyi müddət ərzində heç nəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra onların nə isə nailiyyət əldə edə biləcəkləri nə dərəcədə inandırıcıdır?
- İlk növbədə, bu illər ərzində müxalif partiyaların liderləri müəyyən maddi problemlərinin həllinə nail olublar. Təbii ki, bu da Qərbdə və ya bölgədə maraqlı olan müəyyən dövlətlərin hakim dairələri ilə təmasdan irəli gəlir. Təsadüfi deyil ki, ölkə mətbuatında da müxalifət çox təəssüf ki, qərbyönümlü, İran və Rusiya meyilli müxalifət kimi dəyərləndirilib. Halbuki, iqtidar ilə normal konstruktiv münasibətlər qurmaq istəyən ya sağ, ya sol, ya da ki, mərkəzi kimi müxalifət olmalıdır. Burada, müxalifətin fikrincə, ölkədə demokratik, siyasi sistemdə islahatların həyata keçirilməsinə və Seçki Məcəlləsinə bu və ya digər dəyişikliklərin edilməsində, məhz onların bu və ya digər dərəcədə rolu olub. Bütövlükdə müxalifət, hakimiyyətin özü ilə birgə 2000-ci ildə Avropa Şurasına Azərbaycanın qəbul olunması ərəfəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində daha konkret və real addımlar atmalıdır. Amma çox təəssüflər olsun ki, burada müxalifət həmin addımların atılmasını hakimiyyətdən tələb edir, lakin özü-öz daxilində demokratiyanı təmin edə bilmir. Nəzər yetirsək, görərik ki, müxalif partiyalarının əksəriyyətində rəhbər qurumlara seçimlər zamanı çox ciddi pozuntular baş verir. Yəni, burada istər qurultayların, istər təsis konfranslarının gedişində, məhz müxalifətdə təmsil olunan liderlər öz ətrafında onların ambisiyalarına xidmət edə biləcək şəxsləri görürlər. Bir sözlə, müxalifət özü-öz içindən saflaşmalı, durulmalı və ölkənin mövcud iqtisadi, siyasi reallıqlarını, o cümlədən, bölgə ilə bağlı geosiyasi reallıqları nəzərə alaraq, gerçəkdən hansısa siyasi blokların formalaşması istiqamətində addımlar atmalıdır. Təbii ki, bütün bunları etmədən ölkə müxalifətinin ictimai rəyə təsir imkanları bundan sonra yetərincə az olacaqdır.
GÜLYANƏ AĞAKƏRİMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB