Göydən \"od tökülür\" - ARAŞDIRMA

Göydən \"od tökülür\"  -  ARAŞDIRMA
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu ərazisində Dəmir-Beton zavodunda qaynaqçı işləyən Yardımlı rayon sakini Firudin Aslanov iş başında dünyasını dəyişib.
Deyilənə görə, Aslanov zavodun həyətində qaynaq işləri apararkən müvazinətini itirərək yerə yıxılıb və aldığı xəsarətdən dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə günvurma səbəb olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Kağız üstə qalan qərar


Azərbaycanın Əmək Məcəlləsinə görə havanın temperaturunun 41 dərəcəyə çatdığı günlərdə ölkə ərazisində iş dayandırılmalıdır. Qeyd edək ki, əvvəl bu hədd 45 dərəcə idi. Ancaq son iki ildə 41 dərəcəyə endirildi. Dəyişikliyə səbəb kimi əhalinin artımı, insanların xəstəliklərə müqavimətinin azalması və s. amillər göstərilir. Qəbul olunmuş qaydalara görə, anomal istilər və hava şəraitinin qeyri-sabit olması ilə bağlı əvvəlcədən əlaqədar qurumlara Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən xəbərdarlıq göndərilir. Həmin proqnoza əsasən, əlaqədar qurumlar müvafiq tədbirlər görməli və işin dayandırılması ilə bağlı qərar verməlidir.
Ancaq son iki ildə havanın temperaturu yüksək həddə çatsa belə, işin dayandırılması məsələsi gündəmə gəlməyib. Ötən il temperatur 41 dərəcəni ötsə də ölkə ərazisində iş dayandırılmadı. Bu cür tədbirlərin görülməməyi isə işçilərin həyatı bahasına bağa gəlir.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, iqlimi süni surətdə tənzimləmək mümkün olmadığı halda belə müəssisə rəhbərliyi bunu normal hesab edərək işi dayandırmırlar: "Ötən il temperatur 42 dərəcə olduqda belə, iş davam etdirildi. Qanuna uyqun olaraq isə, temperatur 41 dərəcəni keçərsə iş vaxtı qısaldılmalı, fasilələrin müddəti uzadılmalı və ya tamamilə dayandırılmalıdır. Ən pisi odur ki, açıq havada işləyən müəssisələrdə bu tələblərə riayət edilmir. Problemə son qoymaq üçün bu cür müəssisələrə nəzarət gücləndirilməlidir. Çünki yüksək havanın təsiri altında işləmək insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu gün baş verən hadisə bunun məntiqi nəticəsidir".


39,8 yoxsa 40 dərəcə?



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan isə bildirildi ki, Bakıda 40 dərəcə isti müşahidə olinmayıb: "Bu gün havanın ən yüksək həddi 39,8 dərəcə olub. Anomal istilər ayın 23-dək davam edəcək. Sabah şimal-qərb küləyi əsəcək və qarşıdakı 2 gündə havanın hərarəti 2 dərəcə aşağı düşəcək. Ayrı-ayrı günlərdə havanın hərarətinin yüksəlməsi mümkündür. Paytaxt ərazisində şimal küləyinin əsməsi hər zaman temperaturun düşməsinə yardım edir. Ancaq cənub küləyi əsən günlər temperatur yüksələ bilər".
Qurumdan o da bildirildi ki, bəzən paytaxtda havanın rütubətli olması temperaturun yüksək olması kimi qəbul edilir: "Bu isə hava proqnozunun yanlış verilməsi ilə bağlı xəbərlər səslənməsinə səbəb olur. Ancaq havanın boğanıq və istinin yüksək olması təəssüratının yaranmasına bəzən rütubət şərait yaradır. Havanın temperaturu bütün dünyada xüsusi şəraitdə quraşdırılmış termometrlərlə ölçülür. Ev şəraitində quraşdırılmış termometrlərlə temperaturu düzgün müəyyənləşdirmək imkanına malik deyillər. Ona görə də hava proqnozunun səhv verilməsi ilə bağlı səslənən məlumatların əsası yoxdur".


Qara libas geyinmək təhlükəlidir


Mütəxəssislər bildirir ki, isti havalarda nəinki acıq havada, hətta yüksək temperatur olan otaqlarda da işləmək təhlükəlidir. Qapalı otaqda işləmək isə vərəmə səbəb ola bilər. Günəş şüalarının aktiv 12:00-dan 17 - 18:00 - a nəinki işləmək, acıq havada gəzmək belə yolverilməzdir. Yüksək temperaturda işini davam etdirənlər tez-tez soyuq suda yuyunmalı, spirtli içkilərdən tamamilə imtina etməli, işə tez-tez fasilə verməlidir. İş yerlərində ayran, dovğa kimi qidalar qəbul etmək, ağ və açıqrəngli geyimlərə üstünlük vermək lazımdır. Qara və tünd rəngli paltarlar istini özünə çəkdiyi üçün onlardan imtina etmək məsləhət görülür. Günvurma baş verərsə \"təcili yardım\" gəlincə, xəstə kölgəliyə çəkilməli, əynindəki paltarlar çıxarılmalı, bədəni yaş dəsmala bükülməlidir. Xəstənin üzünə soyuq su vurulmalı, sərin və ya qazlaşdırılmış su verilməlidir.


Xatırladak ki, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, havanın hərarəti yüksək olduqda, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayan tikinti sahibkarları 1000 manatdan 2000 manata qədər cərimə olunmalıdır. Hələlik Azərbaycanda bu maddəyə görə cəzalanan yoxdur...

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB