“Erməni işğalı nəticəsində azərbaycanlıların deportasiyası və soyqırımı” filminin nümayişi olub
İyul 8-də "Caspian Plaza"nın konfrans zalında, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkil etdiyi "Erməni işğalı nəticəsində azərbaycanlıların deportasiyası və soyqırımı" adlı filmin təqdimat mərasimi keçirildi. SİA-nın xəbərinə görə, mərasimdə Azərbaycan diasporunun Rusiya, Ukrayna, Türkiyə, Estoniya, Almaniya və İsveçdən aparıcı nümayəndələri iştirak edirdilər. Eyni zamanda tədbirdə millət vəkilləri, QHT nümayəndələri, ziyalılar və KİV nümayəndələri də iştirak edib. Azərbaycan və ingilis dillərində hazırlanmış 12 dəqiqəlik sənədli film ermənilərin Azərbaycan türklərinə qarşı apardığı soyqırım siyasətini və həyata keçirilmiş deportasiya ilə bağlı faktları əhatə edir. BDM sədri İsmayıl Ağayev mərasimi açıq elan edərək, həyata keçirilən layihə çərçivəsində hazırlanmış filmlə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırdı və film nümayiş olundu.
Daha sonra mərasimdə iştirak edən millət vəkili Fəzail Ağamalı, Estoniya-Azərbaycan İctimai Birliyinin sədri Niyazi Hacıyev, Moskva-Azərbaycan Cəmiyyətinin sədri Oqtay Hüseynov, Ukrayna Yazıçılar Birliyinin üzvü Həbib Əliyev, İsveçdən Nasir Muhammadi, Finlandiya-Azərbaycan Asossasiyasının rəhbəri Yaqub Kərimov, İrəvan İctimai Birliyinin sədri Ceyran Ənsər, BDM-in Sankt-Peterburq üzrə regional koordinatoru Şirin Şirxanov, BDM-in Çexiya nümayəndəliyinin rəhbəri, prof. Azər Kərimov, Sankt-Peterburqda diasporumuzun fəallarından keçmiş Qarabağ döyüşçüsü Məzahir Həsənov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, araşdırmaçı fəlsəfə doktoru Aygün Həsənoğlu, Ryazandakı diasporumuzun fəallarından Elşən Əliyev və başqaları öz çıxışlarında təqdim olunan filmin Ermənistana qarşı informasiya müharibəsində əhəmiyyətli təbliğat vasitəsi olduğu haqda, ölkəmizdən xaricdə Qarabağla bağlı həqiqətlərin çatdırılması istiqamətində görüləsi tədbirlərlə bağlı müzakirələr apardılar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Mirzə Zahidov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB