Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı hazırlıq işləri artıq başa çatıb

Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı hazırlıq işləri artıq başa çatıb

Sabah Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı öz işinə başlayacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun SİA-ya verdiyi xəbərə görə, qurultayla bağlı artıq hazırlıq işləri başa çatıb. Qonaqların əksəriyyətinin artıq paytaxtda olduğunu deyən B.Nəzərov bildirib ki, hazırda onların yerləşdirilməsi prosesi aparılır. O vurğulayıb ki, qurultayda iştirak etmək üçün gələn diaspor nümayəndələri iyulun 7-dək şəhərimiz qonağı olacaqlar.

"Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunacaqlar. Qurultayda Azərbaycan Respublikasını ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edəcək. Tədbirdə ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.

Dünya Azərbaycanlılarının III Qurultayında əvvəlki qurultaydan ötən müddət ərzində görülən işlərə dair hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yollar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Toplantıda "Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsi", "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət", "Dünya azərbaycanlılarına Müraciət", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına Müraciət"in qəbul olunacağı gözlənilir", - deyə o əlavə edib.

B.Nəzərov qeyd edib ki, Dünya Azərbaycanlılarının III Qurultayının ertəsi günü, iyul ayının 6-da Azərbaycan diasporu nümayəndələrinin dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Onun sözlərinə görə, görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə gerçəkləşdirilən layihələr, gənclər siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində görülən işlər barədə ətraflı məlumat veriləcək, Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizin daha da effektiv şəkildə dəstəkləməsi yolları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə