"Xəzərin səviyyəsinin enməsi həm ekoloji, həm də iqtisadi risklər yaradır" - EKOLOQ

"Xəzərin səviyyəsinin enməsi həm ekoloji, həm də iqtisadi risklər yaradır" - EKOLOQ

"Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi region ölkələri üçün ciddi ekoloji və iqtisadi risklər yaradır. Hazırda dənizin səviyyəsinin təxminən 2,5 metrədək aşağı düşməsi müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, xüsusilə Qazaxıstan sahillərində bəzi ərazilərdə suyun yüzlərlə metr geri çəkilməsi nəticəsində yeni quru sahələri yaranıb: "Elmi mənbələr və beynəlxalq müşahidələr də bu prosesin yaxın illərdə davam edə biləcəyini göstərir.

Ekoloji baxımdan əsas problemlərdən biri dənizin uzun illər ərzində çirklənmiş sahil və dib ərazilərinin üzə çıxmasıdır. Sahilyanı şəhərlərdən Xəzərə axıdılan müxtəlif çirkab və tullantı məhsulları dənizin dibində toplanır. Ağır metallar və digər zərərli maddələr müəyyən dövrlərdə suda həll olunmasa da, suyun səviyyəsi aşağı düşdükcə üzə çıxa və ətraf mühit üçün təhlükə yarada bilər. Bu vəziyyət xüsusilə Bakı, Hövsan, Sahil qəsəbəsi və digər sahilyanı ərazilərdə ekoloji diskomfort, o cümlədən xoşagəlməz qoxularla müşahidə oluna bilər.

Xəzərin səviyyəsinin azalması iqtisadi baxımdan da ciddi fəsadlar yaradır. Uzun illər əvvəl müəyyən su səviyyəsinə uyğun inşa edilmiş limanların, platformaların və digər dəniz infrastrukturlarının fəaliyyətinin davam etdirilməsi üçün əlavə investisiyalara ehtiyac yarana bilər. Gəmilərin limanlara və platformalara yaxınlaşması üçün yanaşma meydançalarının uyğunlaşdırılması, limanların daha dərin ərazilərə doğru uzadılması və yeni hidrotexniki qurğuların inşası tələb oluna bilər. Bu isə həm dövlət, həm də özəl sektor üçün əlavə maliyyə yükü deməkdir. Neft Daşları kimi mühüm dəniz obyektləri də bu prosesdən təsirlənə bilər.

Xəzərin səviyyəsinin azalmasının bir neçə səbəbi var. Burada iqlim dəyişmələri və temperatur artımı mühüm amillərdən biridir. Xəzər üzərində temperaturun yüksəlməsi buxarlanmanın artmasına səbəb olur və nəticədə dənizin su balansına mənfi təsir göstərir. Bununla yanaşı, Volqa və Ural çaylarında su axınının azalması, Kür çayının su ehtiyatlarının azalması və Xəzərə daxil olan şirin suyun həcminin aşağı düşməsi də prosesə təsir edən amillərdəndir.

Çaylarda su ehtiyatlarının azalması Xəzər ekosistemində yaşayan canlılara da təsirsiz ötüşmür. Xüsusilə balıqların kürüləmə dövründə şirin su mənbələrinə ehtiyacı var. Çaylarda suyun azalması onların həmin ərazilərə çıxışını çətinləşdirir və nəticədə balıqların başqa şirin su mənbələri axtarmasına səbəb olur. Bu isə Xəzərin biomüxtəlifliyinə və balıq ehtiyatlarına əlavə təzyiq yaradır.

Beləliklə, Xəzərin səviyyəsinin geri çəkilməsi yalnız sahil xəttinin dəyişməsi məsələsi deyil. Bu proses ekoloji təhlükəsizlikdən tutmuş liman və dəniz infrastrukturlarına, balıqçılıqdan tutmuş yeni iqtisadi investisiyalara qədər geniş spektrdə problemlər yarada bilər. Xəzəryanı ölkələrin bu prosesə qarşı birgə elmi monitorinq və regional əməkdaşlıq mexanizmlərini gücləndirməsi vacibdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə