"Borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləri qanunla tənzimlənir" - HÜQUQŞÜNAS

"Borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləri qanunla tənzimlənir" - HÜQUQŞÜNAS

"Borc münasibətləri mülki hüququn ən həssas sahələrindən biridir və bu prosesdə həm kreditorun tələbinin təmin olunması, həm də borclunun hüquqlarının qorunması vacib balans yaradır. Praktikada isə ən çox müzakirə olunan məqamlardan biri borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləridir". Bu sözləri SİA-ya açıqlamasında “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə görə, məhkəmə əmri icra sənədi sayılır ki, həmin Qanunun 13.1.1-ci maddəsinə əsasən, 1 (bir) ay ərzində müvafiq əmr icraya yönəldilir:

"İlk olaraq borcluya könüllü icra üçün müəyyən müddət verilir. Bu müddət ərzində borc ödənilmədikdə məcburi icra tədbirləri tətbiq olunur. İcra məmuru əmlakın dəyərini qiymətləndirərək satış prosesinə hazırlayır. Hərracdan əldə olunan vəsait isə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsinə yönəldilir.

İcra üzrə icraat zamanı bir sıra məcburi icra tədbirləri görülür ki, bu da hər bir halda borclunun vəziyyətini daha da pisləşdirir. Belə ki, “İcra haqqında” Qanunun 45-ci maddəsinə əsasən, borclunun bank hesablarına, əmanətlərinə və digər əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 49.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz.

“İcra haqqında” Qanunun 84-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Əmlak ümumi mülkiyyətdə olarsa və ya birgə paylı mülkiyyətdə olarsa, onda onun barəsində tətbiq ediləcək tədbirlər də fərqlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

Belə ki, Məcəllənin 225.5-ci maddəsinə görə, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ər-arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.

Ər-arvadın və ya ümumi mülkiyyətdə olan əmlakın girov qoyulması hallarında ilk olaraq ümumi mülkiyyətə hüququ olan şəxslərin yazılı qaydada razılığı olmalıdır. Əks halda, bu razılaşma olmadan bağlanmış müqavilə də etibarsız sayılacaqdır.

Hüquqi yönümdən avtomobil girov qoyulduqda həm girov qoyan şəxs, həm də girovu saxlayan şəxs girovla bağlı hər hansı məsələdə iki tərəfli məsuliyyət daşıyır.

Avtomobili girov qoyaraq kredit götürməyin bir neçə riski var:

- Avtomobilin itirilməsi riski: Kredit öhdəliklərinizi vaxtında yerinə yetirməsəniz (ödəmələrdə gecikmə və ya tam ödəməmək), bank və ya kredit təşkilatı avtomobilinizi müsadirə edə bilər.

- Avtomobilin real bazar dəyərindən daha aşağı qiymətlə dəyərləndirilməsi: Bu halda daha az məbləğ kredit kimi təqdim oluna bilər.

- Əlavə rüsum və cərimələr: Girovlu kreditlərdə faizlər daha aşağı ola bilər, amma bəzi hallarda kredit təşkilatları əlavə rüsum və ya cərimə tətbiq edə bilər ki, bu da ümumi borcunuzu artıra bilər.

- Sığorta xərcləri: Avtomobil girov qoyulduqda onun sığorta olunması tələb oluna bilər. Bu da əlavə xərc deməkdir. Bəzən kredit təşkilatları öz şərtlərinə uyğun xüsusi sığorta şirkətləri ilə işləməyi tələb edir.

- Avtomobildən istifadəyə məhdudiyyətlər: Bəzi hallarda kredit müddətində avtomobili satmaq və ya ona dəyişiklik etmək mümkün olmur, çünki avtomobilin sənədləri kredit təşkilatında saxlanılır.

Əgər belə kredit götürməyi düşünürsünüzsə, şərtləri diqqətlə oxumağınız və müqavilə bağlamazdan əvvəl hüquqi məsləhət almanız tövsiyə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik ilə bağlı göstərilmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır.

Borclu vəfat etdikdə onun krediti, bank qarşısında daşıdığı öhdəlikləri və digər borcları avtomatik olaraq silinmir.

Bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarı ilə tam formalaşdırılmış hüquqi çərçivəyə malikdir.

Mülki Məcəllənin 470, 472, 1146, 1255 və 1306-cı maddələrinə əsasən, borclunun ölümündən sonra yaranan borc məsuliyyəti birbaşa vərəsəlik münasibətləri ilə əlaqələndirilir. Qanunvericilik miras sahiblərinin və kreditorun (bankın) hüquqlarını balanslaşdırmaq üçün konkret öhdəlik bölgüsü müəyyən edir.

Vəfat edən şəxsin kredit borcu mövcud olduqda, bank da borcun ödənilməsi üçün tədbir görür. Lakin əgər vərəsələr mirası qəbul etmirsə və şəxsin əmlakı mövcud deyilsə, borc bank tərəfindən silinə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə