Tarixi şəxsiyyəti təhqir edən şəxs hüquqi məsuliyyət daşıyırmı? - VƏKİL AÇIQLADI

Tarixi şəxsiyyəti təhqir edən şəxs hüquqi məsuliyyət daşıyırmı? - VƏKİL AÇIQLADI

Son illər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında tanınmış tarixi şəxsiyyətlər, elm və mədəniyyət xadimləri haqqında təhqiramiz, alçaldıcı və etik normalardan kənar ifadələrə də rast gəlinir. Bəzən tənqid adı altında tarixi şəxsiyyətlərin şəxsiyyətinə yönəlmiş təhqiramiz ifadələr işlədilir. Tarixi şəxsiyyəti təhqir edən şəxs hüquqi məsuliyyət daşıyırmı? Belə hallarda məhkəməyə müraciət etmək mümkündürmü? Tarixi və mədəni irsin özünə zərər vurulmasına görə hansı məsuliyyət nəzərdə tutulur?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, tarixi şəxsiyyət, elm və mədəniyyət xadimi haqqında sərt və mənfi fikir bildirmək öz-özlüyündə hüquqazidd əməl sayılmır:

“Tənqid və qiymətləndirici mülahizələr, bir qayda olaraq, ifadə azadlığının tərkib hissəsidir. Lakin tənqid şəxsiyyətin şərəf və ləyaqətini qəsdən alçaldan, nalayiq və təhqiramiz formaya keçdikdə hüquqi məsuliyyət məsələsi yarana bilər. Ali Məhkəmənin izahına görə, qiymətləndirici fikir təhqiredici formada ifadə edildikdə şəxsiyyət hüquqlarının pozulması mümkündür.

Cinayət Məcəlləsinin 148-ci maddəsi kütləvi çıxışda, mediada və ya kütləvi nümayiş etdirilən internet materialında şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasını təhqir kimi qiymətləndirir. Hazırkı qanunvericiliyə görə buna görə cərimə, ictimai işlər, islah işləri və ya müəyyən hallarda azadlıqdan məhrum etmə nəzərdə tutulur. Saxta istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə internetdə təhqir törədilməsi ayrıca olaraq CM-in 148-1-ci maddəsi ilə tənzimlənir.

Bununla belə, mühüm hüquqi nüans vardır - şəxsin artıq vəfat etmiş olması belə halların qiymətləndirilməsini fərqləndirir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Bu səbəbdən mərhum tarixi şəxsiyyət haqqında yayılan məlumat və ifadələrlə bağlı onun yaxınları və ya digər maraqlı şəxslər müəyyən hallarda məhkəməyə müraciət edə bilərlər.
Lakin burada təhqir ilə tarixi şəxsiyyətin fəaliyyəti barədə tənqidi qiymətləndirməni fərqləndirmək vacibdir. Məsələn, tarixi hadisəyə və ya şəxsiyyətin fəaliyyətinə dair mənfi elmi mövqe, hətta kəskin tənqid də avtomatik olaraq hüquq pozuntusu deyil. Əksinə, alçaldıcı, nalayiq ifadələr və ya bilə-bilə yalan faktların yayılması hüquqi müdafiə üçün əsas yarada bilər.
Konkret haldan asılı olaraq məhkəmədən məlumatın təkzib olunması, yayılmasının qarşısının alınması və mənəvi zərərin kompensasiyası kimi müdafiə vasitələri tələb oluna bilər. Təhqir və böhtan əməllərinə görə cinayət məsuliyyətinin mövcudluğu da mülki-hüquqi müdafiə imkanlarını avtomatik istisna etmir.

Tarixi və mədəni irsin özünə zərər vurulması isə ayrıca və daha ciddi hüquqi rejimə tabedir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun abidələrin korlanmasını və məhv edilməsini qadağan edir və belə pozuntulara görə cinayət, inzibati, intizam və mülki məsuliyyət nəzərdə tutur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə