“Milli-mənəvi dəyərlərin aşınmasının səbəbi nəsillərarası bağların zəifləməsidir” - Sosioloq

“Milli-mənəvi dəyərlərin aşınmasının səbəbi nəsillərarası bağların zəifləməsidir”  - Sosioloq

"XXI əsrdə klassik dəyərlərin – əxlaq, mənəviyyat, vicdan və ümumilikdə insan davranışını tənzimləyən mənəvi prinsiplərin aşınması getdikcə daha qabarıq şəkildə hiss olunur. Əvvəllər cəmiyyətdə insanlar arasında hörmət, etibar, məsuliyyət və mərhəmət hissi daha güclü idi". Bu fikirləri SİA-ya açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, verilən sözə əməl etmək, vicdanlı davranmaq, halal-haram anlayışına riayət etmək və başqalarına qarşı mərhəmətli olmaq həyat tərzinin ayrılmaz hissəsi sayılırdı. Lakin son illərdə bu dəyərlərin tədricən zəiflədiyinin şahidi oluruq:

"Bu gün Azərbaycanın milli-mənəvi dəyərlər sistemini yenidən qorumağa və yaşatmağa çalışırıq. Halbuki bu dəyərlər uzun illər xalqımızın həyat tərzinin əsasını təşkil edib. Dəyərlərin deqradasiyası cəmiyyətin bütün təbəqələrinə təsir göstərir. Xüsusilə dinin, milli-mənəvi ənənələrin formalaşdırdığı birgəyaşayış qaydaları və insan münasibətlərini tənzimləyən davranış normaları getdikcə zəifləyir.

Əvvəllər böyüklər məclisə daxil olanda gənclər və uşaqlar ayağa qalxar, ağsaqqal və ağbirçəklərə, qadına, anaya xüsusi hörmət göstərilərdi. Bu gün isə belə davranışlara daha az rast gəlinir. Həmçinin kiminsə etibarını qazanmaq, əmanətə sahib çıxmaq və ondan sui-istifadə etməmək ən vacib mənəvi keyfiyyətlərdən hesab olunurdu.

Valideynlik, analıq, atalıq, ağsaqqallıq və ağbirçəklik kimi məsuliyyət anlayışları da cəmiyyətdə böyük əhəmiyyət daşıyırdı. Ailəyə, cəmiyyətə və işə qarşı məsuliyyətsiz münasibət birmənalı şəkildə qınanırdı. Xüsusilə kənd yerlərində bu cür davranan insanlar cəmiyyət tərəfindən qəbul olunmurdu.

Keçmişdə dini və milli bayramlar, Novruz, Ramazan və Qurban bayramları, toy və yas mərasimləri insanların bir-birinə dayaq olduğu, paylaşma və mərhəmət hisslərinin gücləndiyi günlər idi. Novruz ərəfəsində yaşlılara və xəstələrə baş çəkilər, onların işlərinə kömək edilər, bişirilən yeməklər qonşularla paylaşılardı. Toylarda və yas mərasimlərində insanlar maddi və mənəvi dəstək göstərməyə çalışardılar.

Məsələn, 1970-ci illərin sonlarına qədər Azərbaycanın cənub bölgəsində maraqlı bir ənənə var idi. Yas sahibi ehsan hazırlamazdı. Əksinə, yas məclisinə gələn insanların yaxın qohumları növbə ilə yemək bişirib yas evinə aparardılar. Bu, həm paylaşmanın, həm də həmrəyliyin nümunəsi idi. Təəssüf ki, bu kimi ənənələrin böyük hissəsi bu gün artıq yaşadılmır.

Mən hesab edirəm ki, milli-mənəvi dəyərlərin aşınmasının əsas səbəbi nəsillər arasında əlaqələrin zəifləməsidir. Böyük nəslin topladığı həyat təcrübəsi və mənəvi dəyərlər yeni nəslə əvvəlki kimi ötürülmür. Gənclər daha çox internetdə vaxt keçirir, yaşlı nəsil isə televiziya qarşısında olur. Birgə ünsiyyət, söhbətlər və ailə daxilində təcrübə mübadiləsi əvvəlki qədər geniş deyil.

Toy, yas və digər mərasimlər də əvvəlki mahiyyətini müəyyən qədər itirib. İnsanlar artıq bir-biri ilə uzun-uzadı söhbət etmir, birlikdə hazırlıq görmür, yardımlaşmırlar. Yas mərasimləri qısa müddətdə yekunlaşır, əvvəlki kimi insanların uzun müddət bir araya gəlib mənəvi dəstək göstərməsi halları xeyli azalıb.

Bu tendensiyanın qarşısını almaq asan olmayacaq. Hesab edirəm ki, virtual platformalarda və kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərlə bağlı yeni maarifləndirmə kampaniyalarına ehtiyac var. Gənclərə bu dəyərlərin mahiyyəti, onların cəmiyyət üçün əhəmiyyəti daha geniş şəkildə izah edilməlidir. Hörmət, etibar, məsuliyyət, mərhəmət, sevgi və sosial həmrəylik kimi dəyərlərin qorunması üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidir. Bu istiqamətdə maarifləndirmə gücləndirilərsə, dəyərlərimizin qorunmasına mühüm töhfə vermək mümkün olar".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə