Mirhəsən Həsənov: Çernobılda 3 dəqiqəlik rejim var idi...

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində 4-cü blok sıradan çıxmışdı. Müxtəlif metodlardan istifadə etməklə orada baş vermiş qəzanın qarşısının alınması, fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılırdı. İlkin olaraq partlayış zamanı əraziyə yanğınsöndürənlər daxil oldu və onlar ciddi şüalanma dozası alaraq müxtəlif xəstəliklərə düçar oldular. Onlar oradan dərhal çıxarıldılar. Qəzanın baş verdiyi əraziyə ikinci mərhələdə robotların göndərilməsi planlaşdırıldı. Robotlar əraziyə yaxınlaşan zaman onlar da sıradan çıxdı. Helikopterlər vasitəsilə yuxarıdan müxtəlif maddələr səpilirdi. Lakin qəzanın baş verdiyi sahəyə çatana qədər hamısı əriyirdi və ümumiyyətlə, demək olar ki, yararsız vəziyyətə düşürdü. Əlbəttə, çox böyük çətinliklərlə rastlaşan rəhbərlik əraziyə hərbçilərin cəlb edilməsini qərara aldı. Bununla əlaqədar olaraq həqiqi hərbi xidməti davam etdirənlər birbaşa qəza yerinə göndərildilər və faciənin nəticəsinin aradan qaldırılması ilə əlaqədar müxtəlif işlərə cəlb edildilər. Hərbi qulluqçular həm evakuasiya məsələləri, həm də qabaqlayıcı tədbirlərin həyata keçirilməsində birbaşa iştirak edirdilər. Bununla kifayətlənməyən ovaxtkı rəhbərlik hərbi toplanış elan etdi. Vaxtilə hərbi xidmətdə olmuş və ehtiyata buraxılmış hərbi vəzifəlilər toplanışa cəlb olundular. Ölkəmizdən də hərbi toplanışa çağırılanların sayı kifayət qədər idi. Bütövlükdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8500-dən çox azərbaycanlı iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov söyləyib.

O, qırx il əvvəlki xatirələrinə belə davam edib: "Hadisə vaxtı 18 yaşım var idi, Belarusun paytaxtı Minskdə həqiqi hərbi xidmətdə idim. Biz gecə ilə Çernobıla göndərildik. Bir həyəcan siqnalı ilə hamını topladılar, hara gedirik, niyə gedirik, o barədə bizə heç nə demədilər. Bizi əraziyə xüsusi nəqliyyat vasitələri ilə apardılar. Hər bir nəqliyyat vasitəsində komandir də olurdu. Mən o zonaya çatanda pəncərəni açıb, ətrafa baxanda qeyri-adi səhnə ilə rastlaşdım. Boş evlər, xüsusi geyimdə olan insanlar... Zonadan çıxan maşınları kimyəvi maddələrlə yuyurdular. Lakin zonaya daxil olanları mütləq şəkildə xüsusi cihazlarla radiasiya fonunu ölçüb sonra içəri buraxırdılar. Həmin vaxt komandir mənə dedi:"Həsənov, pəncərəni bağla, bura sənin üçün Şuşa deyil". Xatırladım ki, vaxtilə o, Şuşada hərbi xidmət keçmişdi.

Orada hər ayda bir-iki dəfə bizdən laborator analizlər götürülürdü. Analizlərin nəticələrindən sonra xeyli sayda hərbçi yoldaşlarımız o zonadan çıxarılırdı. Bizə deyirdilər ki, guya onları başqa batalyona aparırlar. Sonradan məlum oldu ki, onlar növbədənkənar tərxis olunurdular. Yəni onların orada qalması imkanları artıq demək olar ki, sıfıra bərabər idi. Mən özüm də o zonada olduğum müddət ərzində çox ağır xəstəlik keçirdim. Demək olar ki, təxris olunmağıma bir neçə ay qalmışdı. Mənə dedilər ki, sən mütləq zonadan çıxarılmalısan. Əlbəttə, mən onlarla razılaşmadım və son günə qədər orada qaldım. Qısacası, 1 il 6 ay mən o zonada 30 kilometr radiusda olmuşam.

O vaxtı Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş partlayış zamanı 8 tondan artıq, radioaktiv maddə birbaşa ətraf mühitə atılmışdı. Orada 3 dəqiqəlik bir rejim var idi. Üçüncü blokun tavanının üzərinə partlayış zamanı tikinti materialları, kimyəvi maddələr atılmışdı ki, onun təmizlənməsinə ehtiyac var idi. 3 dəqiqə ərzində orada istənilən bir nəyisə götürüb yerə atmaqla sən həmin günü demək olar ki, bütün işlərdən azad olurdun. Bu da o demək idi ki, sən kifayət qədər şüalanmaya məruz qalırdın, artıq digər proseslərə cəlb olunma imkanın yox idi. Çünki həmin gün insan özünü o radioaktiv maddələrin təsirindən çox pis hiss edirdi. Radiasiyaya məruz qalan insanın vəziyyəti necə olmalı idi ki?

1986-cı il aprelin 26-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işləri həmin il noyabrın 30-na qədər davam etdi. 1986-cı il noyabrın 30-da artıq “sarkofaq” adlanan beton örtük episentrin üzərinə inşa edildi".

Mirhəsən Həsənov bildirib ki, o dövrdə hadisə ilə əlaqəli məlumatlandırma məsələlərində xüsusi bir məxfilik olub. O məxfilik elə qorunub ki, prosesdə iştirak edən şəxsi heyət və digər insanlar təşviş içərisində olmasınlar. Çünki onların psixoloji durumları normal olmalı idi ki, müxtəlif işlərə cəlb oluna bilsinlər: "Zamanla bizə məlum olmağa başlamışdı ki, gələcəkdə həmin zonada yaşayış olmayacaq. Orada çox çətin psixoloji durum hökm sürürdü, insanlar, hərbçilər konkret olaraq aciz vəziyyətdə qalmışdılar. Psixoloji təsir altına düşmüş gənclər arasında özlərini asanların sayı xeyli idi. O ərazidə meşə zonaları çoxdur. Həmin meşələrdə intihar edənlərin sayı get-gedə artırdı. 1986-cı ildən etibarən qəzanın ləğvində iştirak edənlər geri gəlirdilər. 90-cı ilə qədər bu məsələlər tam məxfi saxlanılırdı. Geri dönən çernobılçıların səhhətində çox ciddi proseslər başladı, ağır fəsadlara gətirib çıxaran xəstəliklər baş qaldırdı. Dörd il ərzində xeyli azərbaycanlı dünyasını dəyişdi. Eyni zamanda, xeyli çernobılçının övladı dünyaya əlil olaraq, müxtəlif xəstəliklərlə gəldi. Xeyli uşaq tələf oldu...

2000-ci ildə Çernobıl Atom Elektrik Stansiyasının sonuncu - 3-cü blokunun bağlanış mərasimi idi. Mən Hökumət Komissiyasının tərkibində oraya getdim. O zonaya daxil olanda sanki dünya başıma fırlandı. Baş verənlər gözlərimin qarşısında yenidən canlandı. Ən maraqlısı o idi ki, 2000-ci ildə ərazidə radiasiya fonu 1986-cı ildə olduğu kimi qalmışdı. Dəyişən bir şey yox idi...

Biz artıq Çernobıl faciəsinin 40 illiyini qeyd edirik. Yaşayanlara can sağlığı, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə