Ev yeməyinin görünməz sirri, reseptdən kənar sevgidir

Ev yeməyinin sirri haqqında danışarkən sadəcə mətbəxdən deyil, bir evin içində yaşanan bütün hisslərdən bəhs edirik. Çünki ev yeməyi bir qida deyil, bir haldır. O, səhər tezdən oyanıb mətbəxdə işıq yandıran ananın addım səsləridir, qazan qapağının asta-asta tərpənməsidir, pəncərədən süzülən işıqla qarışan yemək qoxusudur. Ev yeməyi bəzən sözsüz bir qayğıdır: “tox ol”, “yorulma”, “səni düşünürəm” deməyin ən səssiz, amma ən təsirli formasıdır.

Bu dad nə kitabdakı reseptlərlə tam izah olunur, nə də dəqiq ölçülərlə təkrarlana bilir. Çünki ev yeməyində ölçü qaşıqla yox, hisslə götürülür. “Gözüm tutan qədər”, “ürəyimdən keçən kimi” deyə əlavə edilən duz, yağ, sevgi… Hər ailənin yeməyi fərqlidir, eyni yemək başqa evdə başqa dadar. Çünki o dadın içində ailənin yaddaşı var: bayram süfrələri, çətin günlər, uzun söhbətlər, susaraq edilən dualar var. Ev yeməyi insanı təkcə doyurmur, onu öz kökünə bağlayır.

Zaman da ev yeməyinin gizli tərkib hissəsidir. Tələsik bişən yeməklə, saatlarla asta odda qaynayan yeməyin fərqi yalnız dadında yox, verdiyi hissdədir. Ev yeməyi gözləməyi öyrədir , bişməsini, dəmlənməsini, süfrənin açılmasını. O gözləmə insanın içindəki tələskənliyi azaldır, evin ritminə uyğunlaşdırır. Bəlkə də buna görə ev yeməyi yeyilən zaman telefonlar kənara qoyulur, söhbətlər uzanır, insanlar bir-birinə daha çox qulaq asır.

Müasir dövrdə hər şey sürət üzərində qurulub. Hazır yeməklər, sürətli sifarişlər, vaxt qazandıran texnologiyalar… Amma bütün bu rahatlıqların içində ev yeməyi hələ də öz səssiz müqavimətini göstərir. O deyir ki, hər şey tələsik olmamalıdır. Bəzən bir qazanın başında dayanmaq, bir süfrə ətrafında toplaşmaq, eyni yeməyi bölüşmək lazımdır. Ev yeməyi insanı insana yaxınlaşdırır, evi ev edən məhz bu anlar olur.

Ona görə də ev yeməyinin sirri nə təkcə reseptdir, nə də peşəkarlıq. Onun sirri sevgidədir, zamanda, ailə ənənələrində və o görünməz dəyərdədir ki, heç bir menyuda yazılmır. Ev yeməyi bəzən uşaqlığın dadıdır, bəzən itirilmiş bir səsin xatirəsi, bəzən də “burada səni gözləyən var” hissidir. Və insan nə qədər uzağa getsə də, nə qədər fərqli dadlar sınasa da, o sirri başqa heç yerdə tapa bilmir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə