“Azərbaycanın yaşıl gələcəyi” Festivalı keçirilib

Yanvarın 10-da Bakı Avropa Liseyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ənənəvi “Azərbaycanın yaşıl gələcəyi” Festivalı keçirildi. Dünya azərbaycanlılarının bu birlik və həmrəylik bayramı milli-mənəvi dəyərlərə hörmətin simvolu olmaqla yanaşı, tarixi vətənə bağlılıq hissinin də rəmzinə çevrildi. Festival Bakı Avropa Liseyinin V-VIII sinifləri əhatə edən Birləşmiş Liseyistlər Təşkilatı tərəfindən keçirilir.

Bu festival Bakı Avropa Liseyində 10 ildir keçirilir və eyni zamanda, Azərbaycanın etnomədəni kimliyini əks etdirən məlumat və ideoloji konsepsiyaya malikdir. Onun əsas məqsədi şagirdləri Azərbaycanın ərazilərini və onun sərvətlərini, tarixini, görkəmli şəxsiyyətlərini, mədəniyyətini, ekoloji vəziyyətini öyrənməkdir. Ötən festivallarında şagirdlər Azərbaycanın bölgələri (2015), azərbaycanlıların yaşadıqları dövlətlər (2016), ölkəmizin tarixi (2017), Azərbaycanın dahi şəxsiyyətlərini (2018), Azərbaycan kinosu (2019), Azərbaycanın xalçaçılıq sənəti və onun tarixi (2020), Azərbaycanın milli geyimləri (2021), Azərbaycan sərvətləri və ənənələri (2022), Azərbaycan milli mətbəxi (2023) kimi sahələri tədqiq edib, maraqlı təqdimatlar nümayiş etdiriblər.

Bakı Avropa Liseyinin builki 10-cu festivalı Azərbaycanın yaşıl gələcəyinə həsr olunub. COP29 beynəlxalq forumunda qaldırılan məsələlər şagirdlərin yeni tədqiqatlarının diqqət mərkəzində yer alıb və bu gün Azərbaycanın yaşadığı ekoloji problemlərin həllinə həsr edilib. Şagirdlər bu məsələlərlə bağlı və bu sahədə dünyada mövcud olan müsbət beynəlxalq təcrübəni öyrənərək hazırladıqları stendlər və digər maarifləndirici materiallar vasitəsilə qonaqları maraqlı təqdimatlarla öz mühüm tapıntıları ilə tanış ediblər.

Festival istedadlı şagirdlərin ifa etdikləri rəqs və mahnılarla daha da rəngarəng olub. Liseyin müəllim və şagirdləri ilə yanaşı, Festivalda Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, Xətai Rayonu İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının və Ağ şəhərin nümayəndələri, tanınmış ekoloq-alimlər, ictimai xadimlər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə