"İdeal əxlaqi toplum yaratmaq mümkün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əxlaqlı toplumla bağlı məsələnin üzərində min illərdir düşünürlər. Bununla bağlı qədim yunan filosofları, Platon, Aristotelin xeyli fikirləri var. Hətta bizim Nizaminin poemalarında bu məsələ qoyulub. "İsgəndərnamə"də ideal toplum haqqında danışılır". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, amma bu məsələ nə qədər qədimdən gəlsə də, indiki vaxtda bununla bağlı müəyyən təcrübələr etmək olar: "Buna ehtiyac da var. Çünki əxlaqlı deyəndə bir şeyi nəzərdə tutmaq olar, başqası başqa zamanlarda başqa şeyi nəzərdə tutar.

Əxlaqlı toplumu yaratmaq mümkündür?

Bu, qeyri-adi məsələdir. Fərz edək ki, bir əxlaqlı toplum yaratdıq. Onu yer üzündən təcrid edə bilmərik. Bu toplum əlaqədə olacaq. Bütün yer üzündə gedən proseslər bura da təsir edəcək. Amma bununla yanaşı mənim təklif etdiyim konkret layihələr var. Təklif etdiyim, elm aləminə də məlum olan "Ahəngyol" elmi bu məsələlərə daha çox kömək edən elm sahəsidir. Biz çalışmalıyıq ki, elə cəmiyyət yaradaq ki, o cəmiyyətdə insanlar üçün dörd mühüm faktor qənaətbəxş olsun. Yəni elə cəmiyyət yaratsaq ki, orada insanların fiziki sağlamlığı yaxşı olsa, mənəvi zənginliyi yaxşı olsa, əməyə yaradıcı münasibət bəslənsə, özünü reallaşdırmaq imkanı olsa, bu, gözəl cəmiyyət olar. Əxlaqlı cəmiyyət deyəndə əxlaqın özü də vasitədir. Əslinə qalsa, mən dediyim cəmiyyət tərəqqi edən cəmiyyətdir. Əxlaq burada ümumi faktorlardan biridir. Fərz edək ki, insanların hamısı əxlaqlı oldu, amma xəstə, tənbəl oldular. Biz belə cəmiyyəti istəmirik. Ona görə bu məsələlərə bir az kompleks baxmaq lazımdır. Ümumi isə çalışmaq lazımdır ki, insanların əxlaqi səviyyəsi yüksək olsun".

Onun sözlərinə görə, Sovet cəmiyyətində bu istiqamətdə xeyli təcrübə toplanmışdı: "Sovet gənci xeyli əxlaqlı idi. Düzdür, orada artıq ideoloji səhvlər olmuşdu, siyasi cəhətdən arzuolunmaz tərəflər var idi. Amma insanlar əxlaqlı idi. Uşaqlar körpəlikdən dövlətin nəzarətində olurdu. Məktəblərdə bu məsələlərə diqqət edirdilər. Avropa ölkələrində müxtəlif sahələrdə gənclər əxlaqi cəhətdən yaxşıdır. İnsan ağac tingi kimidir, onun düzgün təlim-tərbiyəsi olarsa, o daha arzuolunan səviyyədə böyüyə bilər. İbtidai siniflərdə uşaqların kəşf olunması məsələləri ilə məşğulam. Əxlaqi toplum yaratmaq üçün çoxlu elmi əsaslarla düzəldilmiş modellər olmalıdır, onların həyata keçirilməsi mexanizmi olmalıdır. Onda da qənaətbəxş olan toplum yaratmaq mümkündür. Sovet cəmiyyətində buna xeyli nümunələr var idi. Müxtəlif ölkələrdə də müxtəlif tərəflərdən bu məsələlərə nail olublar.

İdeal əxlaqi toplum mümkün deyil. Amma hər halda biz indi əxlaqi dəyərlərin getdikcə yaxşılaşması sahəsindəki işlər haqqında daha çox düşünməliyik. Bu, mümkündür. Tərbiyə ana bətnindən başlayır.
Uşağa arzuolunmaz, tüfeyli, dolaşıq yer üzündə əxlaqi səviyyəsi arzu olunmayan toplumlar içində yaşamağı da öyrətmək lazımdır. Yoxsa ancaq əxlaqlı olmağı öyrətməklə ətrafdakılar onu əzər. Əxlaqlı toplumu yaratmaq da lazımdır, insanlara özünü müdafiə etmək xüsusiyyətlərini də aşılamaq lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə