Məlumdur ki, son günlər insanlar taksi qıtlığından şikayətçidirlər. Bəs, buna səbəb nədir? Niyə taksi tapmaq bu qədər çətinləşib. SİA mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov və Aslan Əsədovun fikirlərini öyrənib.
Eldəniz Cəfərov: “Bugünkü taksi islahatlarına qədər Bakı şəhərində 60 min taksi var idi. Təəssüf ki, bu 60 min taksinin bir qismi taksi xidmətini özlərinin şəxsi əyləncəsinə, maraqlarına istifadə edirdilər və həqiqətən də peşəkar, səviyyəli taksi xidməti göstərən vətəndaşlarımızın işinə mane olurdular. Onlar taksi sürücülərini gözdən salırdılar. Halbuki taksi ictimai nəqliyyatın bir qoludur. Burada xidmət təhlükəsiz və keyfiyyətli olmalıdır.
Cəmiyyətdə də taksidə olan müəyyən narazılıqlar vaxtaşırı üzə çıxır və mediada işıqlandırılırdı. Eyni zamanda çox təəssüf ki, bizim ölkəmizdə çalışan bəzi xarici taksi şirkətləri də Azərbaycan qanunvericiliyinə əməl etmir, taksi sürücülərimizi sutkalarla istismar edirdilər. Problem çıxdıqda onu həll etmirdilər. Taksi sürücülərinə çatacaq qeyri-nağd vəsaitləri vaxtında ödəmirdilər. Bir sözlə, taksi xaosu yaratmışdılar. Bu səbəbdən qanunvericilikdə dəyişiklik edilərək taksi islahatları aparıldı. Təbii ki, bu islahatlar aparılandan sonra taksidə istismar olunan avtomobillərin sayı da azaldı. Hal-hazırda 37 min taksi Bakı şəhərində fəaliyyət göstərir. Bu az rəqəm deyil. Çünki onsuz da yeni mövsümün başlanması ilə artıq marşruta yeni avtobuslar buraxılıb. 160 ədəd təmir olunmuş yeni komfortlu avtobus dövriyyəyə buraxılır və noyabr ayında da 170 ədəd elektrobus buraxılacaq. Bu say düşünürəm ki xeyli dərəcədə ictimai nəqliyyatın vəziyyətini yaxşılaşdıracaq və taksiyə bir o qədər də ehtiyac qalmayacaq. Amma bu o demək deyil ki, biz taksiylə bağlı olan problemləri kənara qoymalıyıq, heç də belə olmalı deyil. Taksi sürücüləri bizim vətəndaşlarımızdır. Onların sosial rifahını da biz düşünməliyik və hər hansı bir problem çıxdıqda müəyyən müvafiq qurumlar da bu problemləri dərhal həll etməlidir ki, bu problem şişməsin, necə ki, illər əvvəl qalmışdı. Amma indi düşünürəm ki, bu, yavaş-yavaş qaydasına düşür və 37 min taksi az rəqəm deyil. Sadəcə burada Bakı şəhərinin özü iri paytaxt şəhəridir, sənaye şəhəridir, özünün zəngin mədəni həyatı var. Bütün tədbirlərin hamısı Bakı şəhərinin mərkəzində keçirilib. Belə olan halda əlbəttə ki tıxac və sıxlıq da olur. Artıq Bakı şəhərinin 5 milyon əhalisi var və bunlar hamısı bu məsələyə təsir edir.
Vaxtilə əgər illər öncə ictimai nəqliyyat şaxələndirilsəydi tramvay xətləri sökülməsəydi, trolleybus xətləri sökülməsəydi, əksinə, onlar şəbəkə kimi genişləndirilsəydi, metro stansiyasının sayı artırılsaydı, indi biz bu problemi yaşamazdıq. İndi biz görürük ki, ictimai nəqliyyatın yükü, əsasən, avtobus seqmentinin üzərinə düşüb. Halbuki belə olmamalıdır. Proprosional paylanmalıdır. Bakı sakinlərinin imkanı olmalıdır ki həm qatarla, həm metroyla, həm tramvayla, trolleybusla, avtobusla, taksiylə rahat, sərbəst hərəkət etsinlər. Yəni bu şaxələnmə davam etməlidir.
Taksi sayının azalması, əlbəttə ki, burada qiymətə təsir edir. Çünki bilirsiniz ki, taksi tarifləri fiks tarifləri deyil, tövsiyə olunan tariflərdir və onlar tələb əsasında dəyişir. Qiymətlər yüksələ də, azala da bilər.
Problemin həlli kimi mən təklif edərdim ki, taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız fəaliyyətlərini leqallaşdırsınlar, lazım olan sənədləri əldə etsinlər, icazə əsasında fəaliyyət göstərsinlər. Həm öz gələcək sosial rifahlarını düşünsünlər, həm də ki keyfiyyətli xidmət göstərə bilsinlər”.
Aslan Əsədov: “İstər “Uber”, istər “Bolt”, istərsə də digər alternativ taksi xidmətləri olsun, taksi xidmətlərinin əlçatan olmaması insanlarda müəyyən psixoloji gərginliyə səbəb ola bilər: “Əslində məsələnin mahiyyəti taksinin tapılıb-tapılmamasında deyil: “İstər komfort, istər adi ekonom qaydada taksi olsun sıxılıq zamanı qiymət hər zaman yüksəlir. Amma tələb az, təklif isə çox olduqda rəqabət mühiti yaranır. Bu, iqtisadiyyatın qızıl qanunudur.
Məsələnin həlli üçün təklif edirəm ki, taksinin sayı çoxalsın. Yəni, taksilər çoxalarsa, real rəqabət mühiti avtomatik olaraq yaranacaq. Əgər belə olmasa, problemlər olduğu kimi qalacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə