"Valideyn və övlad arasında olan duyğusal bağ, güvən, bu kimi ünsiyyət dili xüsusən 0-6 yaş dönəmində formalaşır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
Psixoloq bildirib ki, çox zaman deyirlər ki, problemlər yeniyetməlikdə başlayır: "Əslində belə deyil. Sadəcə yeniyetməliyə qədər valideyn-övlad arasında olan problemlər yeniyetməlikdə bir az da qabarıq şəkildə özünü göstərir. Buradan aydın olur ki, problemlər yeniyetməlikdə yaranmır, sadəcə olan problem yeniyetməlikdə vulkan kimi üzə çıxır. Valideynlər maksimum dərəcədə çalışmalıdırlar ki, övladlarına qayda qoyarkən qəti olsunlar. Qayda qoyurlarsa, hər dəfə ona əməl etsinlər. Övladları səhv edərkən səhvlərə deyil, səhvin həllinə yönəlməlidirlər. Bir uşaq səhv edirsə, danlanır. Təbii ki, biz ona səhvini deməliyik, yeri gələndə kömək də etməliyik. Sadəcə uşaqlar davamlı tənqid olunanda, müsbət cəhətləri deyilməyəndə ruhdan, həvəsdən düşürlər, valideynlə münasibətləri korlanır. Çalışırlar ki, problemləri olanda onu başqa adama desinlər. Əslində valideyndən uzaqlaşırlar.
Valideynlər övladlarını tənqid etdikdə yaxşı olar ki, müsbət davranışlarını da desinlər. Bu, çox önəmli nüansdır. Davamlı tənqid olunan, əməyi heçə sayılan, ancaq mənfi eşidən uşaq normal şəxsiyyət kimi yetişə bilməz. Bu bəzən uşaqlarda aqressiya şəklində özünü göstərir, çox aqressiv olurlar. Yaxud da, tam tərsinə qapalı insan kimi böyüyürlər.
Valideynlər uşağın səhv davranışını ümumiləşdirməməlidirlər. Məsələn, "Sən həmişə belə edirsən, heç vaxt mənə qulaq asmırsan" bu kimi sözlər uşağın özgüvənini aşağı salır. Eyni zamanda o, özünüinkişafa vaxt ayıra bilmir. O qədər aqressivləşir, yaxud, içinə qapanır ki, artıq vəziyyəti dəyişmək haqqında düşünmür".
"Yola getmək daha çox valideyndən asılıdır. Çünki valideyn uşağa fərdi yanaşmalıdır, çünki hər uşaq eyni deyil. Fərdi yanaşaraq uşaqla yola getməyi bacarmalıdır. Çünki uşaqların xarakterinin formalaşmasında bizim də rolumuz var. Hətta bizim rolumuz daha çoxdur. Genetik amillər də var. Amma daha çox bizdən asılıdır. Biz istəsək, bu vəziyyəti düzəldə bilərik. Rol model olaraq uşaqlar bizi örnək alırlar.
Valideynlər əgər çətinlik çəksələr, professional dəstək ala bilərlər. Professional dəstək alaraq övladlarına kömək edə bilərlər. Çox yaxşı olar ki, analı-balalı seanslara qoşulsunlar. Belə olanda nəticələr daha sürətli olur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə