Dırnaqyemə vərdişinin səbəbi nədir? - PSİXOLOQ İZAH ETDİ

"Dırnaqyemə davranış pozuntusu olaraq elmi ədəbiyyatlarda göstərilir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, hətta dırnaq və ya bədənimizin digər nahiyələrində dəri qoparma da bu qəbildəndir: "Dırnaq yemə vərdişinə əsasən məktəbəqədər eləcə də, yeniyetməlik dönəmində daha cox rast gəlinir. Hətta bəzən 40-45 yaşlı ortayaşlı insanlarda da belə bu davranışa rast gəlmək olur.

Dırnaqyemə vərdişi nə ilə əlaqədardır? Buna bir çox səbəblər aid ola bilər. Daxili gərginlik, sevgi doyumsuzluğu, diqqətin uşağa az ayrılması, uşağa hisslərini ifadə edilməsinə imkan verməmək və s. Sonuncu vurğuladığım səbəbin xüsusilə, altından xətt çəkmək istəyirəm. İnsan duyğularını ifadə edə bilmədikdə o, narahatlığı hansısa bir yol ilə içindən çıxarıb rahatlamağa çalışır. Dırnaq yeyən insanlar, eləcə də, dərilərini qoparan insanlar bu etdikləri davranışla gərginlikdən qurtulmağa çalışırlar.

Ailə üzvləri və yaxınları çox zaman nə edir?

"Dırnağını ağzından çıxar! - Sənə deməmişəm dırnaqlarını yemə?!" Uşaq isə bu davranışı şüurlu şəkildə etmədiyindən dırnaq yediyinin heç fərqində deyil. Bu tip ifadələri eşidərək qınaq obyekti olan uşaq dırnaq yeməsinin fərqində olaraq bu davranışı azaltmaq yerinə daha da artırır. Bu zaman nə etməli? Müxtəlif yollarla uşağın diqqətini dağıtmalıyıq. Məsələn, mən hər kəsə eyni üsul təklif etmirəm. Çünki elə üsul var ki pasiyentə yarayır, elə üsul da olur ki, yaramır. Bu zaman fərdi yanaşma prinsipi ilə həmin şəxsə uygun üsul seçilir".

"Odur ki, bəzən insanlar yaxınlarına yardım etmək istəyərkən istəmədən onlara yanlış tövsiyələr vermiş olurlar. Yanlış tövsiyə həmin şəxsin psixoloji durumunu düzəltmək yerinə da daha da ağırlaşdırır. Yaxşı olar ki, dırnaq yemə, eləcə də dəri qoparma kimi hallarla üzləşdiyinizdə bu davranışın artdığı mühiti qeydə alıb uşağınızın psixoloquna bildirəsiniz" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə