"Domların əsas danışıq dili Azərbaycan dilidir" - EKSPERT DANIŞDI

“Azərbaycanın müxtəlif rayonlarında yerli əhalinin qaraçı adlandırdığı topluluqlarla qarşılaşmaq mümkündür. Vaxtilə köçəri həyat sürmüş bu topluluqları qaynar şəhər həyatı, daşdan, kərpicdən tikilmiş təmtəraqlı evlər cəlb etməmiş, onlar təbiətin qoynunda, keçədən salınmış alaçıqlarda yaşamağa üstünlük vermişlər”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Folklor İnstitutu, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri İlkin Rüstəmzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, onlar orada düşərgə salmasın, alaçıqlarını qurmasınlar: “Bu topluluqların azad həyatları, yaşam tərzi folklorda, ədəbiyyatda yeni-yeni personajların, xarakterlərin yaranmasına səbəb olmuşdur. Qaraçı adlandırılan bu topluluqlar kimlərdir? Onların məişəti, təsərrüfatı haqqında biz nə bilirik? Öncə qeyd edək ki, qaraçı bu topluluqlara kənardan, yeri əhali tərəfindən verilən addır, əslində onlar özlərini fərqli adlarla tanıdırlar. Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşayanlar özlərini pars, Yevlax rayonunda yaşayanlar kürd, Ağsu, Ağdaş, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonunun Fəxrəddin Kərimov, Yeni Yevlax və Mehdi Hüseyn küçələrində yaşayanlar isə özlərini dom adlandırırlar.

Qaraçı domlara yerli əhali tərəfindən verilən addır. Qaraçı adı Azərbaycan və Qafqaz ərazisində işlənmiş, dilənçiliklə məşğul olan tayfalara şamil edilmişdir. Qaraçı adının bu xalqın öz adı olmadığını onların qaraçı adını qəbul etməmələri, qaraçı deyilməsini özləri üçün alçaqlıq, təhqir hesab etmələri də sübut edir. Domlar Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında və Dəli Məmmədli şəhərində məskunlaşmışlar. Fərqli-fərqli tayfalardan, özlərinin təbiri ilə desək, təbəqələrdən təşkil olunmuşlar: əmirlilər, qaralar (onlara həm də şirməmmədlilər deyilir), sarılar, bədirkilər, leştanlılar, iranlılar və s. Tayfalar çox vaxt nəslə görə deyil, ya rənginə, ya da coğrafi mənsubiyyətinə görə adlandırılmışdır. Məsələn, ən böyük nəsillərdən olan qaralar, sarılar dərisinin rənginə, bakılı, iranlı, leştanlılar isə coğrafi mənsubiyyətinə görə adlandırılmışdır. Coğrafi mənsubiyyət zamanı onların hansı əraziyə aid olduqları deyil, haradan gəldikləri əsas götürülmüşdür. Hətta nəsil mənsubiyyəti məlum olan tayfalar da çox vaxt gəldikləri yerə görə tanınmışlar.

Məsələn, Ağsu rayonunda məskunlaşan Əmirli tayfası digər domlar arasında bakılı, Bərdə rayonunda məskunlaşan temirxanlılar iranlı kimi tanınır. Əmirli tayfasının Bakılı adlandırılması vaxtilə Mərdəkan, Bilgə, Buzovna tərəfdə olmaları ilə əlaqədardır. Bədirkilər Ağdam şəhərində məskunlaşmış, şəhər işğal olunduqdan sonra böyük əksəriyyəti Bakı şəhərinə köçmüşlər. Leştanlılar Ağcabədi, qaralar Ağdaş, Bərdə və Dəliməmmədlidə, sırovlular Ağdaş şəhərində məskunlaşmışlar. Sırovluların Kaxetiya ilə bağlı olduğu, aclıq illərində oradan gəldikləri söylənilir.

Azərbaycan domlarının məskunlaşması 1956-cı ildən sonraya təsadüf edir. SSRİ ərazisində yaşayan qaraçıların oturaqlaşdırılması haqqında qərar 1956-cı ilin oktyabrında SSRİ Ali Sovetinin sədri K.Voroşilov tərəfindən verilmişdir. Həmin qərarın icrası N.Xruşovun dövrünə təsadüf etdiyi üçün domlar arasında Xruşovun adı ilə bağlanmışdır. 1956-cı ildən başlayaraq Ağsu rayonunda dom ailələri üçün torpaq sahəsi ayrılır və orada məskunlaşdırılır. Ağdaş domlarının da məskunlaşması həmin dövrə düşür. Ağdaş domları oturaqlaşmaları haqqında qərarı Yevlax rayonu Qarxun kəndinin yaxınlığında düşərgə saldıqları zaman öyrənirlər. Yevlax domlarının dediyinə görə, qaraçıların oturaqlaşması haqqında qərar çıxandan sonra onlara köç etməyə imkan verməmişlər, hamı Qarxunun ətrafına yığılmışdı. Məskunlaşan zaman hər tayfa hansı rayonla sıx əlaqələri, dostları, tanışları varsa, o rayonu seçmişdir. Oturaqlaşan zaman dövlət onlara müəyyən imtiyazlar da vermiş, beş il müddətinə onları hərbi xidmətdən azad etmişdir. Oturaqlaşdıqdan sonra yaşlı nəsil uzun müddət oturaq həyata uyğunlaşa bilməmiş, köçəri həyatı arzulamışdı. Amma hökumətin qorxusundan, xam torpaqlara sürgün oluna biləcəklərindən ehtiyat edərək bu həyatla barışmış və yavaş-yavaş oturaq həyata alışmışlar.

Domların hansı rayonda məskunlaşmalarından asılı olmayaraq, məşğuliyyət sahələri, demək olar ki, hamısında eynidir. Kişilər əsasən ələkçilik, xəlbirçilik, alver, musiqi, küçə aktyorluğu və ovsunçuluqla, qadınlar isə dilənçilik, falçılıq, çöpçülük və baxıcılıqla məşğul olmuşlar. Əkin-biçin haqqında isə, ümumiyyətlə, təsəvvürləri olmadığından oturaqlaşdıqdan sonra da bu sahəyə maraq göstərməmişlər.

Yaşadıqları ölkənin dilini, dinini, adət-ənənəsini qəbul etməsi bir xalqın assimilyasiya olunması üçün kifayət qədər tutarlı amillərdir. Amma maraqlıdır ki, bu xüsusiyyətlərin hamısı domlarda olduğu halda onlar nəinki assimilyasiya olunur, əksinə, öz kimliklərini qoruyub saxlamışlar. Domlar yerli əhali ilə nə qədər eyni dili, adət-ənənəni daşısalar da, heç vaxt özünü yerli əhalidən saymamışlar. Özlərindən olmayanlara tayı deməklə özlərini onlardan fərqləndirmişlər. Tayı dedikdə hansısa bir qövmü deyil, irq, milliyyət ayrıseçkiliyi qoymadan dom olmayan hər kəsi nəzərdə tutmuşlar. Dünyanın dom – tayı, pancım – pincilə kimi qütblərə ayrılması qaraçı kimliyinin qorunub saxlanılmasının, itməməsinin əsas səbəblərindən biridir.

Domların əsas danışıq dili Azərbaycan dilidir. Onlardan toplanan folklor materialı və onların dilinin təhlili göstərir ki, domlarda vahid bir dialekt yoxdur, hər kəs məskunlaşdığı bölgənin, ərazinin ləhcəsinə uyğun danışır. Bununla belə, məişətdə öz aralarında istifadə etdikləri müəyyən dilləri vardır ki, ona dom dili deyirlər. Dom dilinə əslində müstəqil bir dil kimi baxmaq mümkün deyil, çünki dil üçün lazım olan tələblərə cavab vermir. Bu dildə leksik şəkilçi, özünəməxsus qrammatik şəkilçilər yoxdur. Sözlər arasındakı qrammatik əlaqələr Azərbaycan dilinin şəkilçiləri hesabına yaradılır, cümlələr Azərbaycan dilinin sintaktik quruluşu əsasında qurulur. Dom dilinin o qədər də güclü söz ehtiyatı yoxdur. Bu dilə dair 200-ə qədər söz, ifadə və cümlə yazıya almışıq. Söz ehtiyatı az olduğundan bu dildə hər cür fikri ifadə etmək mümkün deyildir, yalnız məişətdə, qonaq-qara yanında çay gətir, yemək hazırla və s. bu kimi tapşırıqların verilməsində istifadə olunmuşdur. Bu dildə mücərrəd məfhumları, etik anlayışları ifadə etmək üçün sözlər yoxdur. Ən qəribəsi də odur ki, gündəlik həyatda qarşılaşdıqları bitkiləri və heyvanları ifadə etmək üçün kifayət qədər söz ehtiyatı yoxdur. Söz ehtiyatının azlığı üzündən bəzən bir sözlə bir neçə məfhumu ifadə ediblər.

Domlar arasında işlədilən bu dil qədim dom dilinin qalığı hesab olunur. Yad dillərin güclü təsirinə məruz qalmasına, ciddi təhriflərə uğramasına baxmayaraq, bu dilin, tədqiqatçıların fikrincə, Hindistanın şimal-qərb hissəsindəki dialektlərlə sıx qohumluğu vardır. Amma ötən zaman ərzində yaşadığı ölkənin hakim dilinin təsiri ilə o, ciddi dəyişikliyə uğramış, özünün qrammatik şəkilçilərini, əksər sözləri itirmiş, qalan sözlər isə təhriflərə məruz qalmışdır. Öz dillərində ancaq gündəlik həyatda işlədilən ən adi əşyaları ifadə edən sözləri saxlamış, digər sözləri isə başqa xalqlardan almışlar. Hindistanı tərk etdikdən sonra keçdikləri yol, olduqları ölkələr onların dilində öz izlərini qoymuşdur. Ona görə də dom dilində türk, fars və s. dillərdən alınma sözlərin olması təbiidir.

Domların mənşəyi ilə bağlı müxtəlif fikirlər söylənilib. Ümumi qəbul olunmuş fikir belədir ki, onlar ən azı min il bundan əvvəl Hindistanı tərk etmək məcburiyyətində qalmışlar. İran, İraq və Suriya ərazisinə gələnlər özlərinin dom, Avropaya üz tutanlar rom, Ermənistan, Türkiyə ərasizində yaşayanlar isə özlərini lom adlandırmışlar. Dom/rom/lom sözlərindəki birinci səsin dəyişməsi dialekt fərqliliyindən qaynaqlandığı ehtimal olunur. Tədqiqatçılar bu xalqların etnik mədəniyyətləri arasındakı bənzərliyə, dillərindəki oxşar sözlərə dayanaraq onların eyni mənşəli olduğunu söyləmişlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə