Kirayə müqaviləsindən yayınma hallarının səbəbləri NƏLƏRDİR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Müqavilə dəyəri Bakı şəhərində 110 manat, aylıq vergi 14 faiz, yəni 42 manatdır. Regionlarda isə bir qədər aşağıdır. Bu da çox yüksək məbləğdir. Buna görə də əvvəllər evini 300 manata kirəyəyə verən şəxs ya qarşı tərəflə müqavilə bağlamayacaq, ya da qiyməti 350 manata qaldıracaq". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, ikinci səbəb isə müqavilədən sonra ortaya çıxan sosial xərclərlə bağlıdır: "Belə ki, ev sahibi bu xərcləri ödəməyə məcbur qalır və beləliklə, bütün xərcləri aylıq təxminən 100 manata çatır. Üstəlik, o, VÖEN və bank hesabı açdırmalı, ödənişləri bura etməli və digər əməliyyatları yerinə yetirməlidir. Qanunvericilikdə kirayə məsələsində hər iki tərəfin öhdəliyini nəzərdə tutan müddəalar yoxdur: “Bu məsələ yalnız kirayə müqaviləsi ilə tənzimlənir. Burda da müqaviləyə xitam verilməsi ilə bağlı tərəflərin hüquqları əks olunub”.

R.Qasımzadə hesab edir ki, ilk növbədə müqavilənin dəyəri aşağı salınmalıdır: “Bu da təxminən 10-20 manat arasında olarsa, hər iki tərəf müqavilənin bağlanmasında maraqlı olacaq. İkincisi isə, 14 faizlik vergi məbləği aşağı salınmalıdır. Bu, digər sahibkarlıq subyektlərinin vergi məbləğinə uyğunlaşdırılarsa, yəni güzəşt 5 faiz dərəcəsinə çatdırılarsa, aşağı məbləğə kirayə verənlər də həm qarşı tərəflə müqavilə bağlayar, həm də vergisini vaxtında ödəməyə maraqlı olar. Bununla da məsələ öz həllini tapacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə