"Avtobuslar hərəkət qrafiki və sxemi ilə hərəkət etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Şəhərdə və şəhər ətrafında bütün nəqliyyat vasitələrinin əvvəlcədən monitorinqləri aparılmalı, məlumat bazaları araşdırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, sərnişin axınları nəzərə alınıb sonra ictimai nəqliyyat müəyyən olunmalıdır: "Avtobusun da hərəkət qrafiki və hərəkət sxemi olmalıdır. Hərəkət sxemi dedikdə haradan haraya gedir, hansı dayanacaqlarda dayanır, hərəkət qrafiki isə hansı saatlarda və dəqiqələrdə dayanacaqdan keçir, işini nə vaxt başlayıb nə vaxt bitirir deməkdir. Bizim mövcud qanunvericiliyə görə hərəkət sxeminə və sərnişin sıxlığına, hərəkət qrafikinə uyğun həmin sayda, həmin tutumda avtobuslar xəttə buraxılmalıdır. Marşrut müqaviləsi bağlanmalıdır ki, bu parametrlər üzrə daşımaları həyata keçirsinlər. Nəzarət olunmalıdır ki, müqavilədəki bütün şərtlərə uyğun sərnişin daşımaları həyata keçirilsin. Bakıda və başqa şəhərlərimizdə çatışmayan və çox vacib prinsip budur ki, hərəkət qrafikinə düzgün riayət edilməlidir. Səhər saat 6:30-da birinci rels başlayır, 5-10 dəqiqədən bir avtobus gəlməlidir. Sərnişinin olub-olmamasından asılı olmayaraq avtobus həmin dəqiqələrdə hərəkət etməlidir".

O, əlavə edərək bildirib ki, bu gün insanların narahat olduğu və şikayət etdiyi problemlər var: "Problem üçün də çox səbəblər var; elə avtobuslar var ki, hələ də kartla ödəniş sisteminə keçilməyib. Həmin avtobuslarda hamı, kim bacarırsa, çalışırlar ki, qənaət etsinlər. Az sərnişin olduqda avtobusu xəttə buraxmırlar. Səbəblər və bəhanələr də müxtəlifdir. Hər şeyin baha olduğunu və gediş haqqının sərf etmədiyini deyirlər. Amma ciddi monitorinqlər, ciddi nəzarət edilərək bunların qarşısı alınmalıdır. Əks təqdirdə keyfiyyətli sərnişin daşımadan, ictimai nəqliyyatdan söhbət gedə bilməz. Dəqiq qrafiklə işləməyən avtobus, ancaq dolu ikən hərəkət edən avtobus görəndə insanlar digər yollar axtarmağa başlayırlar. Ucuz taksilər tapırlar, dövlət qurumlarının xüsusilə vurğuladıqları, mənim də bəyənmədiyim qanunsuz marşrutlar, mikroavtobuslar ortaya çıxır. Bunların qarşısını almağın yeganə və əsas yolu dəqiq qrafiklə işləyən komfortlu avtobuslar və onlara nəzarətdir. Belə olsa, problemlər azalar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə