Ölkədə mənzillərin çıxarışla təmini üçün hansı addımlar atılır? - RƏYLƏR

Ölkədə mənzillərin çıxarışla təmini üçün hansı addımlar atılır? - RƏYLƏR

Azərbaycanda çıxarış verilən mənzillərin sayı 38 faiz artıb. Bununla belə illərdir mənzillərinə çıxarış əldə edə bilməyən vətəndaşlar var. Ölkə ərazisindəki bütün mənzillərin çıxarışla təmin olunması üçün hansı zəruri addımlar atılmalıdır? SİA mövzu ilə bağlı sorğu keçirib.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə: "İlk növbədə onu qeyd etmək lazımdır ki, mənzillərə çıxarış verilməsinin artması mülkiyyət hüquqları ilə əlaqədardır. Mənzil qeydiyyatlarının çox hissəsini təkrar qeydiyyat tutur: “Təkrar qeydiyyat odur ki, yeni mənzil tikilmir, sadəcə sahibi dəyişir. Burada yeni bir çıxarışın qeydiyyatından söhbət getmir. Diqqət çəkən məqam məhz son on ayın göstəricilərində olan 63 516-dır ki, bu mühüm göstəricidir. Qeyd edim ki, bu göstərici keçən illərlə müqayisədə də artıb. Ümumiyyətlə hökumət tərəfindən də, Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən də bu məsələyə çox həssas yanaşılır. Bacardıqca vətəndaşların mülkiyyət hüquqlarının tanınması üçün iş aparılır.

R.Qasımzadə bildirib ki, ildən-ilə yeni mənzillərin qeydiyyatı aparılır: “Burada əsas məqam ondan ibarətdir ki, yeni tikilən çoxmənzilli binalarda ölkə başçısı tərəfindən verilən tapşırıqdan sonra çıxarışların verilməsi aktiv şəkildə aparılır. Çoxmənzilli binaların hissəsində bu problem var. Hətta Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən yerlərdə kampaniyalar təşkil olunur, əhaliyə çıxarışlar təqdim olunur. Bu proses aktiv şəkildə aparılır. Çıxarışla təmin olunmayan mənzillərlə bağlı problem ilk növbədə ondan ibarətdir ki, bunlar özbaşına tikililərdir. Ölkə rəhbərinin müvafiq qərarından sonra bilirik ki, 2013-cü ilə qədər torpaq sənədi varsa ərazidə tikilən mənzilin də qeydiyyatı həyata keçirilir. Mühafizə zonasına düşən və insanların sağlamlığına ciddi təhlükə yaradan fərdi yaşayış evlərinin qeydiyyatından sonra müəyyən fəsadlar yarandıqda bunun məsuliyyəti var. Bu baxımdan bu da bir problemə səbəb ola bilər. Məlum olduğu kimi yüksək gərginlikli xətlərin, qaz xətlərinin, su kəmərlərinin üzərində yaxud neftlə çirklənən ərazilərdə yaşamaq belə ziyandır. Bəzi evlər var ki, onların qeydiyyatını aparmaq olar, lakin o evlərin torpağı ilə bağlı problemlər mövcuddur. Elə torpaq sahələri var ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Torpaq sırf kənd təsərrüfatı üçün nəzərdə tutulduğundan təyinatın dəyişməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyəti çərçivəsindədir. Bununla bağlı bələdiyyələr və icra hakimiyyətləri yaşayış sahələrinin artırılması üçün hökumətə müraciət etməlidirlər. Bu kimi amillər səbəbindən bəzi fərdi yaşayış evləri çıxarışla təmin olunmur. Biz görürük ki, ildən-ilə ilkin qeydiyyatın göstəricisi çoxalır. Bu iqtisadiyyata mühüm töhfələr verir. İlk növbədə insanların mülkiyyət hüququ tanınır, sığorta bazarını genişləndirir, banklarda əməliyyatları artırır. Bu özü iqtisadiyyata və dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi deməkdir”.

Mövzu ilə bağlı barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən tikilən evlərlə əlaqədar vətəndaşlara müvafiq sənədlər verib. Ancaq fərdi yaşayış evlərinin inşası və həyətyanı sahələrin ayrılması üçün nəzərdə tutulan bu sənədlərin heç bir hüquqi əsası olmayıb. Buna görə də o evlərin sənədləşdirilmə prosesi illərlə uzanıb: “Lakin ölkə Prezidentinin problemə müdaxiləsi, eyni zamanda, imzaladığı 13 yanvar 2015-ci il tarixli fərmana əsasən, 2015-2022-ci illər ərzində 150 mindən ev sənədləşdirilib, əksər yaşayış binalarındakı mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bu proses qanunamüvafiq şəkildə davam etdirilir”.

Millət vəkilinin sözlərinə görə, son illərdə Bakı şəhərində və bölgələrdə istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilir: “Bu proses son 3-4 ildə daha da sürətlənib və "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində minlərlə mənzil çıxarışla təmin olunub. Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilən səyyar qeydiyyat prosesi çərçivəsində müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi yüzlərlə binada 100 mindən çox mənzilə elektron çıxarış verilib. Ümumiyyətlə, istismarına icazə verilmiş bütün yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsi və mülkiyyət hüququ ilə təmin edilməsi öz həllini tapır. İstismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədləri təmin etməyən mənzillərin də çıxarışla təmin olunması üçün müvafiq hüquqi mexanizmlər tətbiq olunur”.

A.Hüseynov qeyd edib ki, hazırda ölkədə bütün mənzillərin çıxarışla təmin olunması üçün zəruri addımlar atılır: “Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Bunun da bələdiyyələrin verdiyi sənədlərin müvafiq icra hakimiyyəti orqanlarının əmlak və torpaqla bağlı tələb və normativlərinə uyğun olmaması, bir sıra qüsurlarla bağlıdır. Həmin evlər Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun olmadığından, eləcə də sənədləşdirilə bilmir. Ancaq bu məsələnin hüquqi çərçivədə həll olunması üçün komissiya işləyir və növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi sayəsində bu evlərin də mülkiyyət hüquqları təmin olunacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə