"Sosial şəbəkələr artıq real həyatın əksinə çevrilib" - EKSPERT DANIŞDI

"Tiktok" və digər sosial şəbəkələr sözsüz ki, real həyatın virtual variantıdır. Həyatda nələr baş verirsə, onun elektron variantını bu platformalarda görürük. İnsanlar hansısa əməl sahibləridirsə, onların əxlaqında problem varsa, sosial şəbəkələrin bunda günahı yoxdur. Ən azından ona görə ki, dünyanın müxtəlif yerlərində bu sosial şəbəkələrə baxdıqda orada xeyli müsbət və bilik, bacarıq artıran resurslar olduğunu görürük. Qlobal platformalar sözsüz ki, yarandığı ölkələrin müəyyən təsir texnologiyalarıdır. Onlardan maksimum istifadə edən zaman bunları nəzərə almaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr artıq real həyatın əksinə çevrilib: "Biz güzgüdə gördüyümüz ləkəni yox etmək üçün onu sındırmırıq, əksinə hansısa metodlar fikirləşirik. Bu baxımdan son vaxtlar Azərbaycanda əvvəlcə "İnstaqram"da başlamış, daha sonra müəyyən qədər "Facebook"da müşahidə etdiyimiz, indilərdə isə hələ ki, sərbəst bir platforma olan yüngül əxlaq sahibi olan kişi və qadınların, orta cins nümayəndələrinin öz bədənlərini satılığa çıxardığı səhifələr fəaliyyət göstərir. Əlbəttə ki, bu, müsbət hal deyil. Amma razılaşaq ki, belə şeylər real həyatda da var. Məsələn, şəhərin müxtəlif yerlərində kafe, masajxana, hamam və s. kimi obyektlərdə həmin insanların qeyri-mənəvi yollarla qazanc əldə etdiyinin şahidi ola bilərik. "Tiktok" və ya digər sosial şəbəkələr, sadəcə, bədənini satmaqla özünü dolandıran şəxslərin işini bir qədər "yüngülləşdirib". Amma hər bir halda məsələnin müsbət tərəfinə baxmalıyıq".

"Düşünürəm ki, 10-15 il bundan öncə şəhərin küçələrində qadın paltarı geyinmiş kişilərin və ya yarıçılpaq paltarda olan qadınların öz bədənini satmaq üçün sanki mitinqə çıxdığı vaxtlar artıq geridə qalıb. İnternet və sosial şəbəkələr, xüsusilə "Tiktok" bu insanları özündə gizlətməyə başladı. İstər o xidməti göstərən, istərsə də ondan yararlananların işi "asanlaşıb". Məncə, bu da böyük mənada xəstəliklərin yaranması, insanların buna kütləvi şəkildə yoluxmasının qarşısını alır. Çünki insanların seçim imkanı var. İnternet vasitəsilə bu seçim imkanlarından yararlana bilər.

Bununla bağlı atıla biləcək addımlara gəldikdə isə liberal bir dünyada yaşayırıq. Zəmanənin tələbləri odur ki, fərd qanun daxilində istədiyi addımı ata bilər. O cümlədən, iki müxtəlif və eynicinsli insan bu və ya digər dərəcədə dostluq, intim münasibətlər qura bilər. Heç bir dövlət qurumu bunu qadağan edə bilməz. Elə ölkələr var ki, orada bədənini satanların həmkarlar ittifaqı var. Onlar dövlətə vergi verirlər və müəyyən yaşa çatdıqdan sonra onlara pensiya kəsilir. Biz hələ bu qədər inkişaf etməmişik, etməməyi arzu edirəm"-, deyə o əlavə edib.

Ekspert sözlərinə davam edərək bildirib ki, belə halların qarşısını almaq üçün təbii ki, müəyyən addımlar atmaq lazımdır: "İlk növbədə, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, insanları sosial şəbəkələrdən çıxarıb incəsənətin müxtəlif sahələrinə, idmanın müxtəlif növlərinə dəvət etmək və bədənini deyil, öz intellektini, kreativ ideyalarını satmaq hallarını dəbə gətirmək lazımdır. Orta məktəbdən başlayaraq bununla bağlı müsbət mənada texnologiyalardan istifadə etmək lazımdır. Bağçalardan ali təhsil müəssisələrinə qədər QHT-lər və dövlət qurumları ilə birgə maarifləndirmə işləri aparmaqla müsbət yöndə dəyişiklik əldə etmək olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə