Təqaüd yaşının artırılması hansı problem yarada bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bugünkü gündə məşğulluğun təmin olunmasında ən böyük pay hissələrindən biri məhz təqaüdə çıxmış insanların yerinə yeni kadrların cəlb olunmasıdır. Bu gün birmənalı olaraq yeni kadrların işlə təmin olunmasında bu faktorun rolu çox böyükdür. Məsələn, müəllimlərin işə qəbulu imtahanı ilə fəaliyyətə başlayan gənc kadrların böyük əksəriyyəti 65 yaşında təqaüdə çıxmış müəllimlərin yerinə təyinat alırlar. Təsəvvür edək ki, müəllimlərin 65 yaşında təqaüdə çıxmasını əngəlləyirik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu zaman yeni universiteti bitirmiş gənc müəllimlər iş tapmaqda ciddi şəkildə problemlər yaşayacaqlar: "Onsuzda mövcud iş yerlərinin sayı tələbatı ödəməyə imkan vermir. Əgər təqaüd yaşını yuxarı qaldırsaq, onda yeni kadrlar ümumiyyətlə işsiz qalacaq.

Qəribə məqam isə ondan ibarətdir ki, bir tərəfdən 65 yaşa çox deyirik, digər tərəfdən isə az deyirik. Azərbaycan təcrübəsində fakt onu göstərir ki, müəyyən istisnalar olduğu zaman insanlar vacib kadr kimi özünü təsdiq edirlər".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, təqaüd yaşının artırılması məsələsini ali məktəbdə fəaliyyət göstərən müəllimlər, həkimlər üçün tətbiq etmək olar: "Amma orta məktəb müəllimləri ilə bağlı məsələ bir qədər fərqlidir. Doğrudur, müəllimlik təcrübəsi çox önəmlidir. Lakin bu təcrübə hər şey demək deyil. Gedişat onu göstərir ki, gənc kadrların yeni yanaşmalarla dərs tədrisi daha uğurlu olur.

Bu yaş məsələsini konkret sahələrə bölmək doğru deyil. Amma subyektiv olaraq qeyd etmək istəyirəm ki, müəyyən sahələrdə, o cümlədən, tibb sahəsində təqaüd yaşının artırılmasını tətbiq etmək olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə