Şəhidin yaxınları onu belə xarakterizə etdilər - TƏƏSSÜRATLAR

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin xeyli yaxını iştirak edib. SİA olaraq yaxınlarından şəhid haqqında fikirlərini aldıq.

Şəhidin nənəsi Səyyarə Əzimova: “İnanırsınız ki, bu olanlar acı deyil, lap zəhərdir. Bizi ən çox yandıran ondan heç bir xatirənin qalmamasıdır. Yəni özü evin tək oğlu idi, evlənməmişdi. Ondan geriyə heç nə qalmadı. Qızım elə bil hər şeyini itirdi. Şəhriyar onun bütün var-dövləti idi. Nəvəmin evlənmək yaşı idi, ölmək yox. Hamının balası özünə şirindir. Heç kim balasının burnunun qanamasını belə istəməz. Amma qızım onu necə böyüdüb. Ondan ötrü necə əziyyət çəkib. Bunlar yazılsa, roman olar.

Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Şəhriyar 4-cü sinfə gedəndə Bakıya köçüblər. Anası biologiya müəlliməsidir. Şəhriyar elə uşaqlıqdan hərbçi olmaq istəyirdi. Qızım onu nə qədər fikrindən döndərmək istəsə də, alınmadı. Uşaqlıqdan vətənpərvər olub. Elə vətəni uğrunda da can verdi”.

Şəhidin bibisi Solmaz Mirzəməmmədova: “Evin tək oğlu idi, bir balamız idi. Nə vaxt böyüdü, nə vaxt boya-başa çatdı heç bilmədik. 12 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Həmişə anasına deyirdi ki, torpaqlarımız alınmayınca rahat olmayacam. Şuşa döyüşlərində medal qazanmışdı. Çox vətənə bağlı övlad idi. Adam hələ də inana bilmir”.

Şəhidin bibisi Fəridə Mirzəməmmədova: “Şəhriyar kimi oğulun çiyinlərdə daşındığını görmək çox ağırdı. Boylu-buxunlu, qüvvətli oğlan idi. İndi bir tabuta sığışıb. Adama çox pis təsir edir. Hələ nə yaşı var idi ki?! 2 ay bundan qabaq ipoteka ilə ev almışdı, 8 Mart- Qadınlar günü münasibətilə anasına hədiyyə etmişdi. Hamımıza da demişdi ki, Novruz bayramında evi görməyə gələrsiniz. Amma görün tale necə gətirdi. Bu qədər qohum-əqrəba onun evinə cansız bədənini ağlamaq üçün getdik”.

Şəhidin uşaqlıq dostu Zərintac Bağırova: “Şəhriyarı uşaqlıqdan tanıyıram. Əvvəldən yaxın olmuşuq. Uşaq vaxtı bir yerdə oynayırdıq. Çox ağıllı, saf, təmiz uşaq idi. Elə uşaqlıqdan hərbiyə marağı var idi. Leninqradda oxudu. Baş leytenant adına yüksəldi. Yoxluğuna necə öyrəşəcəyimi bilmirəm. Şəhriyar yeri doldurulmayacaq bir insan idi”.

Şəhidin bibisi Sona Əmiraslanova: “Şəhriyar çox mərd, qoçaq oğlan idi. Anasının, atasının tək övladı idi. Valideynləri onu necə əziyyətlə böyütmüşdülər. Adam bilmir heç anasına, atasına necə təskinlik versin, necə sakitləşdirsin. 44 günlük müharibədən sağ-salamat qayıdan oğul namərd gülləsinə tuş gəldi. Şəhriyar hamımızın oğlu idi. Dağ kimi oğlumuz getdi”.

Şəhidin qonşusu Məlakə Nurməmmədova: “Mən Şəhriyarın anası kimiyəm. Demək olar ki, bizdə böyüyüb. Onu öz övladlarımdan ayırmırdım. Şəhriyar bambaşqa idi, o, tamam fərqli uşaq olub. Axırıncı dəfə bizə gələndə demişdi ki, istəyirəm yenə uşaq olum, yenə uşaqlarla birgə oynayım. Deyirdi ki, uşaq vaxtı əzbərlətdiyin şeirləri hələ də unutmamışam. Bizim kənd Şəhriyar kimi, Polad Həşimov kimi igid oğullar yetişdirib. Şəhidlər hamının şəhididir. Ona görə də hamımızın canı yanır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə