Zəhərlənmə halları hansı hallarda baş verir? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Biz hər zaman qidalanma və qidaların hazırlanması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiririk. Amma yenə də zəhərlənmə halları baş verir. Ötən gün şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu da onu göstərir ki, hələ də restoran şəbəkələrində kifayət qədər yoxlama işləri aparılmır və mətbəxlərdə bu qaydalara əməl olunmadığı açıq-aşkar ortadadır. Ümumiyyətlə, toylarda, məclislərdə qidaların çoxçeşidliliyi və daha öncədən hazırlanıb uzun müddət temperatur rejiminə əməl etmədən saxlanılması və yaxud sanitar-gigiyena qaydalarının gözlənilməməsi təbii ki, qidanın tərkibinin dəyişməsinə, onların tərkibində bakteriyaların çoxalmasına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, belə olduqda zəhərlənmə halları baş verir: “Əsas risk qrupuna daxil olan qidalar mayonezli salatlardır. Həm tərəvəzlər, həm zülal tərkibli ət və eyni zamanda mayonezdən istifadə olunur ki, bu qidaların neçə saat əvvəldən hazırlandığı məlum olmur. Yaxşı olar ki, bu kimi qidaların birdəfəlik istehlakı üçün az bir müddətdə hazırlanıb, süfrəyə verilərkən qarışdırılsın. Lakin həmin qidalar 4-5 saatdan artıq saxlanılırsa, onların tərkibində kimyəvi reaksiyalar baş verir. Bu da hər orqanizmə fərqli təsir göstərə bilər. Belə olduğu təqdirdə ikinci bir məsələ ortaya çıxır. Tərəvəzlərin təmiz şəkildə yuyulub qaynadılması məsələsi də vacibdir. Həmçinin, istifadə olunan mayonezlərə də diqqət yetirmək lazımdır. Bəzi mayonezlərin üzərində qeyd olunur ki, açıldıqdan sonra 3 və ya 6 ay müddətində istifadə oluna, müəyyən temperaturda saxlanıla bilər. Təəssüflə qeyd edirəm ki, bu zəhərlənmələr mayonezlərin düzgün şəraitdə saxlanmadığını göstərir. İstehlakçının isə bundan xəbəri olmur”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, kütləvi zəhərlənmələrin baş verməməsi üçün məclislərdə yalnız bir çeşidli və daha az qarışıq olan qidalardan istifadə etmək daha uyğun olar: “Öncədən bişirilib qızdırılaraq süfrəyə verilən yeməklərə deyil, yeni hazırlanmış yeməklərə üstünlük verilməlidir. Bəzən qovurmalar, qızartmalar bir neçə gün öncədən hazırlanır və daha sonra süfrəyə təqdim olunur. Belə qidalar da risk qrupundadır.

Həmçinin, qazlı rəngli içkilər bəzən mənşəyi bəlli olmayan, qaydalara uyğun şəkildə hazırlanmayan məkanlarda hazırlanır ki, belə məclislərdə həmin içkilərə rast gəlinir. Bu içkilərin tərkibindəki kimyəvi qatqı maddələri digər qəbul edilən yeməklərlə birlikdə həm həzmi çətinləşdirir, həm də zəhərlənməyə səbəb ola bilir. Ona görə də toylarda, məclislərdə qidalara diqqət etmək, bütün qidaları qarışdırmamaq və az miqdarda qəbul etmək lazımdır. Belə olan halda sağlamlığımızı qoruya bilərik. Əks halda isə kütləvi zəhərlənmələr qaçınılmazdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə