İnancların elmi izahı varmı? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Xalqın inancları, etiqadları əsrlər boyu formalaşmış bilgilər toplusundan ibarətdir. Xalq yalnız bir günün içində deyil, müəyyən inancları illərlə araşdırıb öyrənərək bugünədək gətirib çıxarıb". Bu fikirləri SİA-ya açıqlamasında yazıçı, kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sadəcə Sovet dövründə Azərbaycan xalqı da daxil olmaqla, bir çox xalqın yaratmış olduğu inanclar, həyat bilgiləri elmi baxımdan izah olunmamışdır: "Ona görə də insanlarda indi də bu inanclara qarşı qəribə münasibət var. Bir toplum hansısa bir inancı əldə edib, ona inanırsa bu, sadəcə boş bir inam deyil. Bu həm də arxasında real anlayışlar duran, hətta ilkin formasında olsa belə bir elmi-təfəkkürün məhsuludur. Millət sadəcə bir nəfərin inancını əsas götürmür. Onu əsrlər boyu düzəlişlər edərək formalaşdırıb gələcək nəsillərə ötürür. Məsələn, bizim Novruz bayramı ilə, təbiət hadisələri ilə bağlı inancları dəfələrlə təkrarlanan hadisələrə əsaslanır. Bu da elmdə təcrübə adlanır".

Ekspert sözlərinə davam edərək qeyd edib ki, elmdə hər hansı problemin həlli ilə bağlı ilk öncə sual qoyulur, daha sonra isə sual ətrafında araşdırmalar aparılır, araşdırmaların nəticəsi təcrübəyə tətbiq edilir və bir neçə təcrübədən sonra əgər real nəticələr alınırsa, bu elmi fikir intellektual sayılır və ona inanılır: "Necə ki elmi mülahizələrin hamısının dəqiqliyinə inanmaq olmur, eləcə də real olmayan, həddindən artıq şişirdilmiş inanclar var. Amma bütövlükdə xüsusilə, həyatla, kənd təsərrüfatı ilə, adət-ənənələr ilə bağlı inanclarımız çox gözəldir və onların hər birinin elmi izahı var. Bununla bağlı istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində tədqiqatlar aparılıb. Təəssüflər olsun ki, bu araşdırmalar sistematik deyil. Ən ağrılı cəhət isə sistematik olan araşdırmaların belə real həyatda tətbiq edilməməsidir. Əlbəttə ki, hər hansı bir məhsul verməyən inanclar haqqında yalnız xalqın təfəkkürüdür deyərək yan qaçmalar olur. Bu, dünyanın hər yerində belədir. İnanıram ki, illər keçəcək və biz geriyə dönüb baxanda bu inancların hər birinin əsaslandırılmış faktlara söykəndiyini anlayacağıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə