Hacı Nuran Ağadadaş Ağayevi Türkiyədə ziyarət etdi FOTOLAR

Hacı Nuran Ağadadaş Ağayevi Türkiyədə ziyarət etdi FOTOLAR

Aparıcı Hacı Nuran Türkiyədə xərçəng xəstəliyindən əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevi ziyarət edib. SİA-nın məlumatına görə, bu haqda aparıcının özü məlumat yayıb: "Türkiyə səfərimin məqsədi ancaq mənə yaxın olanlara bəlli idi. Düzdür, çox gərgin proqramım vardı. Amma o proqramın əsas bəndində mənə qardaşım qədər əziz olan Xalq artisti Ağadadaş Ağayevə baş çəkmək idi. Onu səhhəti sınağa çəkmişdi. Ağadadaş əsrin bəlası olan xərçənglə mübarizə aparırdı. Mən də bu xəbəri eşidən kimi biganə qala bilməzdim. Çünki Ağadadaş da mən xəstə yatağımda olarkən ilk baş çəkənlər arasında idi. O, məni Türkiyədə görən kimi sevindi. Bu əziz günlərdə doğma Bakıdan kiminsə onu görməyə gəlməsi onun üçün ən böyük məlhəm idi. Mən onu xəstəliklə mücadilə aparan gördüm. Əhvalı yaxşı idi. Ruhdan düşmək olmazdı. Çünki bilirdi ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın özü-özünə təskinliyidir. Onu ruhdan düşməyə qoymayan bir mələk də yanında vardı. Bu onun ömür-gün yoldaşı Pərvin xanım idi. İnsan yəni bu qədər cəfakeş olar?! Ağadadaş Ağayevin xanım bu gün onun qulluğundadır. Bu xəstəliyin nə olduğunu mən yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, insan üçün bu məqamlarda vacib olan motivasiyadır.

Mən Ağadadaş Ağayevə Bakıdan bir dünya salam gətirmişdim. İstədim bu salamlardan Ağadadaşın üzü nur saçsın, Bakının qoxusunu hiss etsin. Mən Ağadadaşa heç vaxt xəstə yatağı yaraşdırmazdım. Özünə də eləcə dedim. "Sənə yataq yox, səhnə yaraşır". Gülümsündü. "Tezliklə görüşərik", dedin. Allah şəfa versin!"

Bütün xəbərlər Facebook səhifəmizdə