Fərda Xudaverdiyevin konsertində nələr baş verəcək?

Fərda Xudaverdiyevin konsertində nələr baş verəcək?

Tanınmış yumor ustası Fərda Xudaverdiyev Heydər Əliyev Sarayında ilk solo konsertinə hazırlaşır. SİA-ya açıqlama verən Fərdanın sözlərinə görə, o, bu konsertə artıq iki ildir hazırlaşır: "Hardasa iki ilə yaxındır bu konserti həyata keçirmək üçün hazırlıq işləri gedir. Mən bu formatın tarixinə kimi oxudum. "Stand up" show formatı 1881-ci ildə yaranıb. Cim Kerri bu formatla başlayıb. Türkiyədə Cem Yılmaz bunu nə dərəcədə populyarlaşdırdı. Mən də 2003-cü ildə "Tək səbir"dən tək danışa-danışa tanındığıma görə, fikirləşdim ki, yüz faiz bunu edə bilərəm. Sadəcə, format bir az dəyişik var. Səmimiyyətə üstünlük veriləcək, mövzu müxtəlif olacaq. 7-8 mövzu ətrafında fırlanmaq, tamaşaçı ilə zarafat etmək və s. Bütün detalları ölçüb-biçdim, yazıb-pozdum, güzgü qabağında məşq etdim. Getdiyim bir çox məclislərdə sınaqdan keçirmək məqsədilə başladım bu formatda danışmağa. Və gördüm ki, bu format mənim monoloq formatımdan daha çox qəbul olunur. Düzdür, bizdə belə bir xüsusiyyət var – bu gün bir işi görürsən, onu heç kim tərifləmir. Üstündən bir neçə il keçəndən sonra başqa bir iş görəndə o saat deyirlər ki, o biri çox gözəl idi, onu niyə eləmədin? Amma bu formatla bağlı hazırda heç kimin fikri mənim üçün o qədər də maraqlı deyil. Çünki xaricdə, qardaş Türkiyədə bunun ən gözəl göstəriciləri var. Azərbaycanda isə belə bir şey olmayıb. Ona görə də məni qəbul edən, yumorumu dəstəkləyən insanlar üçün bir ilkə imza atmaq istədim. Bəlkə də sonra "stand up" teatrı yaranar, nə bilmək olar. Bir də mən düşünürəm ki, tamaşaçını güldürmək üçün 7-8 nəfərin səhnəyə çıxmağı o qədər də vacib deyil. Elə bir nəfər də bunun öhdəsindən gələ bilər. Heydər Əliyev Sarayının səhnəsizə çıxmazdan öncə mən bunu iki məkanda sınaqdan keçirdim. Bu işdə mənə həm mənəvi, həm də yaradıcı baxımdan dəstək olan "Tək səbir"in yaradıcısı Həsəndir. Onunla belə bir qərara gəldik ki, bu şounu klublarda sınaqdan keçirək. İlk dəfə Caz klubda göstərdik. İki saat danışıb səhnədən çıxandan sonra məni tanıyan adamlar gəlib soruşdular ki, vəssalam, qurtardı? İkinci dəfə də rusdilli tamaşaçılar qarşısında çıxış etdim. Hər biri maraqla qarşılandı və bəyənildi. Zarafatların çoxu sınaqdan çıxmış zarafatlardır. Yazdığım ssenariyə görə deyə bilərəm ki, tamaşaçılar ürəkləri istədikləri qədər gülə, istirahət edə biləcəklər".
Aktyor nümayiş olunacaq ssenaridən də söz açdı: "Demək olar ki, sırf Azərbaycana həsr olunacaq. Bütün mövzular həyatdan götürülüb. Onları hamı yaşayıb. Elə şeylər tapmışıq ki, ona gülməmək mümkün deyil. Qlobal, gündəmdə olan mövzulara toxunmuşuq. Bircə onu deyim ki, şou-bizneslə bağlı zarafatımız olmayacaq. Çünki bu mövzu həmkarlarım tərəfindən yetərincə işlənib".

Bütün xəbərlər Facebook səhifəmizdə