İlhamə Quliyeva: “Eldar və Nigarın birinci olacağına əmin idim”

İlhamə Quliyeva: “Eldar və Nigarın birinci olacağına əmin idim”
Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli, İlhamə Quliyeva Avropanın ən mötəbər musiqi yarışması hesab edilən "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edib birincilik qazanan Eldar Qasımov və Nigar Camalın qələbəsini bütün türk dünyasının uğuru kimi qiymətləndirir. Hisslərini SİA-ya ilə bölüşən İlhamə xanım bu sözləri dedi: "İştirakçılarımız Almaniyaya getməmişdən öncə hiss edirdim ki, birincilik Azərbaycanımızla olacaq. Hətta jurnalistlər yarımfinal və final günündə məndən \"favoritiniz hansı ölkədir\" soruşanda cavabım \"Azərbaycandır\" deyirdim. Onluq, beşlik, üçlüyə düşəcəyimiz haqqında fikirləşmirdim belə. Eldar və Nigarın birinci olacağı qənaətində idim. Avropa dövlətlərinin diqqətlə izlədikləri müsabiqədə sübut etdik ki, Odlar Yurdu həqiqətən istedadlar ölkəsidir. Eldar və Nigarın qələbəsi həm də onu sübut etdi ki, Azərbaycanın mədəniyyəti çox yüksək zirvədədir. İnanın hər iki gəncin ingilis dilində sərbəst şəkildə mahnı ifa etmək bacarığı, Düsseldorfda istər ictimaiyyət arasında, istərsə də nüfuzlu media təmsilçiləri ilə əcnəbi dildə rahat ünsiyyətə girmələri məni çox qürurlandırdı. Bunun öz də bir mədəniyyətdir. Başda Prezidentimiz İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm ki, bir neçə aydan bəri təşkilat komitəsinin daha yaxşı fəaliyyət göstərməsi üçün hər bir şəraiti yaratmışdılar. İştirakçılarımız qalib gəldikdən sonra ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Eldar və Nigara telefon açıb hər ikisini təbrik etməsi xəbərini eşitmək də bir daha sübut edir ki, sənətə və sənətkara qiymət verməyi bacaran ölkə rəhbərimiz var. Firəvan dövlətdə yaşayan xalqın vətəndaşları kimi qələbələr qeyd etməyə tam haqqımız var. Cəmi bir neçə ildir ki, "Eurovision"-a qatılmağımıza baxmayaraq birincilik əldə etməyimiz hamımızın, bütün türk dünyasının uğurudur. Gələn il inşallah Bakı bu mötəbər musiqi yarışmasına ev sahibliyi edəcək. Bir arzum da var ki, 2012-ci ilin mayında Azərbaycan növbəti dəfə duet olaraq çıxış etsin. Eldar və Nigar isə öz ifalarında sevgi himninə çevrilmiş "Running Scared"i oxuyub, müsabiqənin fəxri qonaqları kimi növbəti dəfə səhnəyə çıxsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə