Məşhur şoumen: "Dana basdırmasından sonra necə dondurma yemək olar?"

Məşhur şoumen: "Dana basdırmasından sonra necə dondurma yemək olar?"
Azərbaycan toylarına ciddi dəyişikliklər təklif edilir. SİA-nın məlumatına görə, məşhur şoumen Kamran Həsənli Day.Az saytına müsahibəsində öz təkliflərini səsləndirib. Məsələn, Kamran hesab edir ki, vaxtilə olduğu kimi, qonaqların rəqs etdiyi və süfrə arxasında əyləşdiyi zallar ayrı olmalıdır: "İnsanlar eyni zalda yeyir və rəqs edir və məhz bu, zalda dözülməz səs-küyə aparıb çıxarır. Yüzlərlə insan eyni vaxtda söhbət edir. Musiqiçilər isə bu səsi üstələmək üçün musiqinin səsini yüksəldir. Qonaqların yemək yediyi və rəqs etdiyi zallar ayrı olsa, bu, insanların əsəblərinin gərilməsinin qarşısını alar".

İkincisi, Kamran Həsənli masalarda saysız-hesabsız çeşiddə yeməklərin olmasına qarşıdır. "Axı bu qədər yemək real deyil. Masada bir-birilə "tutmayan" qidalara rast gəlinir. Bozbaş və ya dana basdırmasından sonra necə dondurma yemək olar?", - deyə məşhur şoumen sual edir: "Onsuz da bəzədilmiş olan zalların əlavə bantlarla, güllərlə bəzədilməsinə də ehtiyac yoxdur".

Kamran Həsənli toyda bəylə gəlinin hamıdan ayrı oturmasına da ehtiyac görmür: "Onların qonaqlarla bir masa arxasında əyləşmələri, daim qonaqlarla söhbətləşmələri daha yaxşı olmazmı? Onlar öz aralarında onsuz da hələ çox danışacaqlar"...

Nəhayət, şoumen toya mütləq qaydada pul yazdırmağın da lazımsız olduğunu düşünür: "Toy sahibi vaxtilə məclislərində iştirak etdiyi insanların hamısını niyə toyüuna dəvət etməlidir? Bəlkə onların arasında münasibət artıq əvvəllər olduğu kimi deyil?"

Bütün xəbərlər Facebook səhifəmizdə