Kənan M.M: "Soruşursan ki, niyə çıxardım? Cavabında da “nə bilim e... çıxart da...” deyir"- MÜSAHİBƏ

Kənan M.M: "Soruşursan ki, niyə çıxardım? Cavabında da “nə bilim e... çıxart da...” deyir"- MÜSAHİBƏ
SİA Milli.az xəbər portalına istinadən rejissor Kənan MM-in müsahibəsini təqdim edir:

-Son vaxtlar Azərbaycanın klip bazarında müəyyən durğunluq müşahidə olunur, yoxsa bu, bizə belə gəlir?

- (kinayəli) Müəyyən nədir?! Biri var klip müəyyən müddətdə olur, sonra dayanır. Hazırda isə klipin kökü kəsilir. Bu, nə ilə əlaqədardır?

Birinci, əvvəllər müğənnilərimiz deyirdilər ki, bizdə müasir texniki avadanlıqlar yoxdur. Ona görə də kliplərimiz bərbad vəziyyətdədir. Amma zaman elə gətirdi ki, xaricdə olan ən son model və müasir texniki avadanlıqlardan artıq bizdə də var. İndi həmin avadanlıq sayəsində rejissor istənilən keyfiyyətlə klipi müğənniyə verə bilər. Di gəl, müğənni rejissordan həmin keyfiyyətli klipi tələb edə bilmir. Çünki pulu çatmır. Deməli, keyfiyyət məsələsini ön plana çıxarmaq və bu cür söz-söhbətlər etmək bəhanədir.

"Müğənni olmaq istəyən şəxslər deyirlər ki, yalnız klipdə üzləri görünsün"

Onlar sənət haqqında düşünmürlər. Bir tərəfdən müğənniləri də qınamıram. Ona görə ki, bizdə diskdən və konsertdən pul qazanmaq müşkül məsələdir. Bu, dünyanın bir çox yerlərində belədir. Mp3 və internetdən yükləmələr yarandıqdan sonra albom satışları 70 faiz aşağı enib. Yalnız keyfiyyət axtaran adam xüsusi formatda məhsulu hazırlayır. Bu da real göstərici deyil.

İkinci, televiziya kanallarında kliplərin yüksək qiymətlə yayımlanması problemi var.
Üçüncü isə müğənnilərimizin əksəriyyəti deyirlər ki, əşşi, onsuz da məni tanıyırlar da... Mənim klipə ehtiyacım yoxdur. Müqayisə edək - bu adamların məntiqi ilə Şakiranın, Rihannanın, Tarkanın klipə heç ehtiyacı olmamalıdır. Amma həmin müğənnilərin hər albomunda yer alan mahnıların ən azı 5-nə klip çəkilir. Bu, o deməkdir ki, onlar sənətkardırlar və həmin şəxslər də ancaq ev, villa, avtomobil haqqında düşünmürlər. Onlar üçün sənət və keyfiyyət önəmli məsələlərdir. Məhz belə olduğu üçün dünya ulduzları sənətlərinin bəhrəsini artıqlaması ilə görürlər. Bizimkilər isə yalnız "toyum olsun" prinsipi ilə yaşayırlar.

Bir məsələ də var ki, ona da toxunmaq istəyirəm. Klip çəkdirənlər kimlərdir? Müğənni olmaq istəyənlər. Yəni, adamın bir az səsi, şansı var və müğənni olmaq istəyir. Həmin müğənni olmaq istəyinin əvvəlcə radioda mahnısı yayımlanır və simasını tanıtdırmaq məqsədiylə də ekrana çıxmaq istəyir. Bunun üçün də həmin müğənni olmaq istəyən şəxslər deyirlər ki, bahalı klip olmasın. Yalnız klipdə üzüm görünsün ki, toyum çoxalsın. Əvvəl gələnlər nə isə ediblər. Amma indi gələnlər isə əvvəl gələnlərin hazırki halına bənzəmək istəyirlər.

- Müdrik insanlar özgəsinin, ağıllı insanlar öz səhvlərindən nəticə çıxarır. Amma axmaq insanlar isə eyni səhvləri təkrarlayırlar. Səncə, müğənnilərimiz müdrikdirlər, ağıllıdırlar, yoxsa...?

- Əslində onlar ağıllıdırlar. Müdrik olsaydılar, elə əvvəlcədən səhvlərə yol verməzdilər. Bəlkə də, onların hazırda bu cür olmaları səhvlərinin bəhrəsidir. Axmaq insan isə... axmağı onlarla müqayisə etmək istəməzdim. Çünki əlaqəsi yoxdur. Ağıllı və müdrik. Bu iki termini onlara uyğun bilirəm. Əgər müdrik olsaydılar, hər alboma klip çəkdirərdilər. Amma bu o demək deyil ki, mən onlardan nə isə umuram.

"Oxşasın nədir?! Niyə oxşasın?!"

Sənət elə bir şeydir ki, onun zirvəsi yoxdur. Qazdıqca, getdikcə sonu olmur. Sonsuzdur! Səhv etmirəmsə, Hollivud rejissorlarından ya Stiven Spilberq, ya da ki Ceyms Kameron deyib: "Mən o vaxt gözəl rejissor ola bilərəm ki, avtomat telefon qutusunda film çəkim!" Amma müğənnilərimiz isə deyirlər ki, 2-3 mahnım var. Olsun! Hər bir mahnı müvəqqətidir. Hit yoxdur! Çünki indi Üzeyir bəy Hacıbəyov, Şövkət xanım Ələkbərova və başqa dahilərimiz yoxdur. Bu gün 3 notla mahnı yazanlarımız çoxdur.

Belə bir dərdli yerimiz var: ümumiyyətlə, ifaçı mahnını ən azı bir ay, yaxud 15 gün ərzində hazırlayır. Amma mahnının müəllifinin adını çəkəndə söz-musiqi və aranjeman filankəs deyirlər. Filankəslər də yadda qaldı. Ardınca yeni mahnı gəlir: söz-musiqi, aranjeman eyni adamlar. Məhsul bir-birinə oxşayır. Üstəlik, klip çəkdirəndə də deyir ki, mənim klipim filankəsin klipinə oxşasın da... Oxşasın nədir?! (gərgin halda) Niyə oxşasın?! Artıq həmin vəziyyət çəkildi, getdi. Biz neçə illər Rusiyanın təsiri altında yaşadığımızdan, yeniliyə uyğunlaşa bilməmişik. Məsələn, SSRİ-nin vaxtında Bakıdan Moskvaya gedən konfet, orada kağıza bükülürdü. Sonra isə eyni konfet Bakıya geri qayıdırdı. Biz də konfeti yeyib, kağızı tullayardıq. Amma adı vardı: "Moskovskiy konfet". Əslində isə Bakı konfeti idi. Hazırda da türklərə, ruslara oxşamağa can atırlar. Bənzəmək yaxşı şeydir. Amma gərək bənzədiyindən daha yaxşı olasan ki, seçiləsən.

- Klip çəkilişlərinə başlamazdan əvvəl müğənni ilə aranızda danışıqlıqlar apardığın zaman qarşı tərəfi maarifləndirirsən?

- Sifarişçi mənə razılıq verməmiş, həmin işə başlaya bilmərəm. Problemimiz bundadır ki, sifarişçi çəkiliş zamanı işdən razılıq edir. Bir müddətdən sonra klip hazır olanda özü də bəyənir və efirdə yayımlayır. Sonra isə kimsə sənətdən anlayışı olmayan, dəxlisiz adam peyda olub, bir söz deyir. Həmin sifarişçi də zəng edib deyir ki, bəs, klipdə fılan yer yaxşı çəkilməyib, nə bilim, daha nələr... Bax, həmin an adam əsəbindən gülür. Əslində isə ağlamalıdır. İnsanın özünəməxsus düşüncə tərzi olmalıdır. Başqaları sənə təsir edə bilməməlidir. Geyindiyin paltarda özünü rahat hiss edirsənsə, kənardan stilist, modelyer, imicmeyker nə deyirsə desin, əsas rahatlığın önəmlidir. Çox təəssüflər olsun! Dediklərim hamısına aid olmasa da, əksəriyyətinə şamil edirəm.

Çəkilişdən əvvəl rejissora müğənni dəfələrlə zəng edib deyir ki, çəkilişə nə geyinim, nə cür makiyaj olunum, saçım nə rəngdə olsun və s. Görürsən ki, müğənni işinə can yandırır və cavabında da deyirsən ki, sən necə istəyirsən, elə də et. "Sən necə istəyirsən, elə də et" olan kliplər yaxşıdırlar. Yox, əgər müğənni klipin montaj işlərini öz sinif yoldaşının, nişanlısının və hətta, bacanağının fikiri ilə nizamlayırsa ki, bəs fılan yeri klipdən çıxart. Sual verirsən ki, niyə çıxardım? Cavabında da, "nə bilim e... çıxart da..." - deyir. Kompyüterimdə elə kliplər var ki, gün üzü görməyib. Amma həmin klipləri festivallara göndərmişəm, mükafatlandırılmışam.


İradə İbrahimova bəyəndi, "Syama" bəyənmədi...

- Kənan, bacanağın klip çəkilişlərinə müdaxiləsini anlamadım...

- Bəli, elə müğənnilərimiz də olub. Amma bir faktı açıqlayıram: İradə İbrahimovanın "Yaşananlar" klipi. Məndə olan məlumata, mənə gələn zənglərə və efirlərdə gördüklərimə görə, pis klip deyil. Həqiqətən də klip operator, rejissor işinə görə yaxşı klipdir. Klip hazır olanda, klipə baxdılar. İradə xanım klipə baxanda, klipdə ideya axtarmırdı, gözəllik axtarırdı. Özünü düşünür və bir məqsədi var: nə olur, olsun, mən gözəl olum!

Bu mənim problemimdir. Klipi gözəl çəkəcəyəm, amma sən gözəl olsan. Nə isə... Klip İradə xanımın xoşuna gəldi. Stilist Syama (Samir) isə montaj işlərində kadrlara baxıb, bir-bir kadrları pozmağımı istəyir. Mən də pozuram. Sonra sual verdim: kadrları niyə pozduq? Cavab olaraq dedi ki, İradənin bu kadrda qırışları, gülümsəmələri və başqa bunun kimi amilləri var. İkinci dəfə sual verdim, sildiklərimizin yerinə hansı kadrları yerləşdirim? Yenə də məni yola verərək, o kadrı, bu kadrı dedi. Dediklərini hazırladıqdan sonra bir neçə dəfə soruşdum ki, klipi belə bəyənirsinizmi?! "Hə, bəyənirik!" - deyib, getdilər.

Sonra isə yenidən mən öz bildiyimi edib, klipi hazırladım və təqdimatda da bu cür nümayiş olundu. Bu günə qədər klip hər kəsin bəyəndiyi kliplərdən biridir. Oxuculara da qaranlıq qalmasın deyə, bildirim ki, həmin stilist pul aldığına görə, özünü işə həsr etdiyini isbat etmək üçün hər şeyə qarışırdı.

- "Kimin ifası mənə çatmırsa, ona klip çəkmirəm". Bu fikiri müsahibələrinin birində demişdin. Hazırda vəziyyət necədir?

- Hətta, indi "palatka" müğənnisinə də klip çəkirəm. Elə müğənnilərə klip çəkmək istəyirəm ki, adını yazmaq istədiyim halda, adını yadımdan çıxarmışam. Bir də ki, yaş öz sözünü deyir. Məsələn, subaysan. Maddi problemin, qayğıların azdır. Vaxt olub ki, maşınımda 5-6 disk olardı. Vaxt çatışmamazlığını bəhanə gətirib, müğənnilərin bəzilərinə yox deyirdim. Amma indi "yox" demək şansımız yoxdur. Hər şey madiyyatdan başlayır deməzdim, amma çox şey madiyyatdan başlayır, asılıdır. Çünki cinayət də, fahişəlik də, oğurluq da təlabatdan başlayır. Təlabata səbəb nədir? Aclıq, tamahkarlıq! Biri var ki, çox istəyirsən yoxdur. Biri də var ki, heç yoxdur. Heç olmayanda aza qane olmaq lazımdır. Azı da əldə etmək üçün nə isə etməlisən.

- İndi nə işlə məşğulsan?

- Elxan Cəfərovun rejissor olduğu, Ramiz Fətəliyev və Elza Ağayevanın ssenarisi əsasında çəkilən "Əlavə təsir" bədii filmində əsas rollardan birində çəkildim. Filmin təqdimatında da jurnalistlərin, qocaman sənətkarların - Ramiz Fətəliyevin, Ramiz Əzizbəylinin və başqa neçə-neçə şəxsiyyətlərin mənə qarşı olan münasibətini gördüm. Anladım ki, məni başqa cür kəşf etdilər. Bundan sonra, Mədəniyyət və Turizm Nazirliyi mənə yeni film verdi. İnşallah, həmin filmin çəkilişlərinə iyulun əvvəllərində başlayacağam. Müəllifi dəqiq yadımda olmayan xarici əsərin motivləri əsasında çəkiləcək film 30-35 dəqiqəlik vaxtı əhatə edəcək. Dramatik janrda olan film iki gəncin yaşam hekayətindən bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə