Park-Bulvarda “Art festival -2011” layihəsi çərçivəsində “Muzey gecələri ” adlı aksiya keçiriləcək

Park-Bulvarda “Art festival -2011” layihəsi çərçivəsində “Muzey gecələri ” adlı aksiya keçiriləcək
Mayın 13-də Park-Bulvarda "Art festival -2011" layihəsi çərçivəsində "Muzey gecələri " adlı aksiya keçiriləcək. Tədbirin təşkilatçıları özləri də yaradıcı insanlardır – Aynur Məmmədova, Aytən Qiyas- Rüstəmova, Fa Məmmədova, Əminə Məlikova.

SİA-nın məlumatına görə, Park-Bulvarda "Alış-veriş incəsənəti" şüarı ilə keçiriləcək sərgi "Muzey gecələri"nin tərkib hissəsidir. Dünyanın bir sıra ölkələrində Beynəlxalq Muzeylər Günü ərəfəsində bu ad altında beynəlxalq tədbirlər keçirilir. Məqsəd daha çox tamaşaçı kütləsini muzeylərə cəlb etmək, incəsənətin təbliğinə xidmət edən tədbirlərə sərbəst girişi təmin etməkdir.

Təşkilatçıların bildirdiyinə görə, bu həm də innovativ layihədir. İlk dəfədir ki, paytaxtın cəlbedici alış-veriş mərkəzi bir həftə ərzində əsl sərgiyə çevriləcək.
Tədbirə Azərbaycanın tanınmış rəssamlarından Cəbrayıl Əliyev, Ceyhun Abdullayev, Vüqar Əli, Vüqar Muradov, Yusif Mirzə də qatılacaq. Sərgidə ümumilikdə 18 sənətkarın əsərləri nümayiş olunacaq.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən mayın 18-də qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Azərbaycan muzeyləri də bu bayramı qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə