Ana olmağa hazırlaşan əməkdar artist - FOTO

Ana olmağa hazırlaşan əməkdar artist - FOTO
Ötən il sevdiyi insanla ailə həyatı quran Azərbaycanın əməkdar artisti, rəqqasə Məryəm Suleymanova ana olmağa hazırlaşır. SİA-ya danışan rəqqasə ana olmaq üçün özünü hazır hiss edir: "Bütün günü internetdə oxuyuram, öyrənirəm. Bu gün yenə anamla bu barədə danışdım. Necə olacaq? Öhdəsindən gələ biləcəyəmmi? Özüm və yoldaşım tərəfdən kömək edənlər olacaq, aydındır ki, nənələr bizi tək qoymayacaqlar. Yenə də belə qərara gəlmişəm ki, yaxınlarımın dəstəyindən əlavə ilk vaxtlarda mütləq bir tibb bacısı və ya həkim hər gün gəlib uşağa baş çəkməlidir".

"Psixoloji olaraq isə bir tərəfdən özümü hazır hiss edirəm, digər tərəfdən isə hələ də tam dərk eləyə bilmirəm ki, mənim uşağım olacaq. Düzdür, mən qarnımdakı körpə ilə danışıram, onu əzizləyirəm. Nə isə qəribə hisslər keçirirəm... Bizə əvvəlcə oğlan olacağını demişdilər (gülür). Xeyli vaxt uşaqla oğlan kimi danışmışıq. Yazıq İlkin oğlan istədiyindən sevindiyindən bilmirdi neyləsin".

Məryəm ikinci dəfə ana olmaq barədə də danışdı: "Düzdür, birinci uşaq oğlan olsaydı mən bir uşaqla kifayətlənərdim. Amma İlkin oğlan istədiyindən ikinci uşaq mütləq olmalıdır".

Rəqqasə qayınanası ilə münasibətlərindən də söz açdı: "Münasibətimiz çox yaxşıdır. Mən istəyərdim ki, hamı mənim kimi deyə bilsin. Mən hiss eləmirəm ki, o, mənim qayınanamdır. Mən hesab edirəm ki, hər bir insanın bir anası olur. Qayınanam sanki ən əziz və ən yaxın adamımdır. Qayınanamla qayınatam Mingəçevir şəhərində yaşayırlar. Bu yaxınlarda onlarda qonaq olduq. Onlar bizə qonaq gəlirlər. Hamilə olduğumdan qayınanam qulluğumda elə durur, gəl görəsiniz. Qoymur əlimi bir şeyə vurum. Çox sevirəm onları. Hərdən mənə elə gəlir, bu insanları bütün ömrü boyu tanımışam. Bəxtim çox gətirib. Qayınanam, qayınatam və İlkinin qardaşları çox gözəl insanlardır. Ailə həyatımdan çox razıyam. Allah eləsin sonadək belə olsun! Və hamıya belə ailə arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə