Hansı müğənni oxuduğu mahnını həyatı ilə bağlayır?

Hansı müğənni oxuduğu mahnını həyatı ilə bağlayır?
Son vaxtlar sənətçilər ifa etdikləri mahnılarla bağlı bir-birinin ünvanına ittihamlar səsləndirirlər. Estradayönümlü sənətçilərin əksəriyyəti bəzi həmkarlarının ifa tərzini bəyənmir və onların oxuduqları mahnıların ərəb, Hindistan üslubunda olduğunu deyirlər. Müğənni Səyyad Əlizadənin məşhur "Bəyaz gecələr" mahnısını bəyənməyənlərin sayı da yetərincədir.

Musiqidən anlayışı olanlar iddia edirlər ki, mahnı nə estrada, nə də xalq mahnısı üslubundadır. Bununla bağlı Səyyad Əlizadə SİA-ya danışmaqda özü maraqlı oldu: "Sözügedən mahnı Amerikada keçirilən sorğuda 1-ci yeri tutub. Kim, nə deyirsə, qoy desin. Elə müğənnilər də var ki, onların nə ifasını, nə də sənətini mən bəyənirəm. Sadəcə olaraq bir məsələ ilə razılaşmıram. Sənətçi toya gedirsə, xalqın istədiyi mahnını da oxumalıdır. Həmkarlarım yalan deməsinlər, "Bəyaz gecələr"i hər biri oxuyurlar". Məgər illərdən bəri toylara gedən həmkarlarımdan "Bəyaz gecələr"i oxumağı istəsələr, oxumayacaqlar?"

Bu cür mahnıların Əfqanıstan, İran mahnıları ilə müqayisə olunmasına münasibət bildirən Səyyad Əlizadənin fikrincə, belə düşünmək olduqca böyük səhvdir: "İran haradır? Orada da azərbaycanlılar yaşayır. Ona görə də bu məsələyə qeyri-adı formada yanaşmaq düzgün deyil. Çünki ümumilikdə hamısı müsəlman ritmində olan mahnılardır".

"Bəyaz gecələr"in onun həyatı ilə sıx bağlı olduğunu deyən müğənninin sözlərinə görə, gənclik illərində sevdiyi qızla gecə vaxtı görüşürmüş: "O zamandan etibarən görüşdüyümüz vaxtı özlüyümdə bəyaz gecələr adlandırdım. Sonra mən həmin xanımla ailə qurdum. Amma illər ötdükcə bunu mahnıya çevirdim. Mahnının sözlərini özüm yazmışam və sözlərdəki bütün misralar mənim həyatımın bir parçasını əhatə edir. Sonralar ilk buraxdırdığım kasetin adını da "Bəyaz gecələr" adlandırdım, bu adda ansamblı yaratdım. Həmin ansamblın on ildən artıq fəaliyyəti var".

Bütün xəbərlər Facebook səhifəmizdə