Nura Surinin internet fəaliyyəti hansı səviyyədədir?

Nura Surinin internet fəaliyyəti hansı səviyyədədir?
Artıq 21-ci əsr internet zəmanəsi olduğundan bu aləmin öz qanunları, yenilikləri olur. Və artıq bu yeniliklər, layihələrlə ayaqlaşmalı olursan. Sənət aləmində olan çox az sayda sənətçilərimiz var ki, onlar internetdən, sosial şəbəkələrdən yaradıcılıqları üçün lazımı şəkildə istifadə edirlər. Müğənni Nura Suri də məhz o sənətçilərdəndir ki, zamanla ayaqlaşmağı bacarır, internetdən istifadə edir, sosial şəbəkələri izləyir. Əgər diqqət yetirilsə, hiss olunar ki, onun yaradıcılıq yenilikləri daha çox internet şəbəkələrində müsbət mənada müzakirəyə çevrilir.

Müğənninin texniki meneceri Kamal Bilalov bu günlərdə maraqlı bir açıqlaması ilə bir çoxlarının diqqətini özünə çəkdi. Sənətçinin texniki meneceri iddia edir ki, bəzi müğənnilər Nuranın yeniliklərini ya təkrarlamağa, ya da bu və ya digər şəkildə layihələrini oğurlamağa çalışır. Kamal Bilalov açıqlamasında SİA-ya bunları söylədi: "Azərbaycanda müğənni işləyən insana dərhal prodüser deyirlər. Daha doğrusu, çoxları özlərini prodüser adlandırırlar. Ola bilər ki, mən də nə zamansa prodüser kimi fəaliyyət göstərəcəyəm. Bu, o zaman ola bilər ki, mənə məxsus olan layihələri Nura Suri ilə bir yerdə hazırlayaraq təqdim edim. Məsələ burasındadır ki, ötən il bir müddət dostlarımla Amerikada yaşadım və orada olduğum zaman internet vasitəsilə bir çox müğənnilərin yaradıcılığını izləmək imkanımız olurdu. Daha çox isə Nura Surinin ifa etdiyi "Smelıy şaq" mahnısını bəyənirdilər. Bu da mənə təkan verdi ki, Nuranın yaradıcılıq yeniliklərini, yeni mahnılarını toplayaraq internetdə səhifə açım. Bir müddət sonra Nura xanımın özü ilə də şəxsi tanışlığımız yarandı. Mənim fikirlərim və ideyalarım müğənni üçün maraqlı olduğundan komandasına dəvət etdi. Məlumat üçün qeyd edim ki, You Tube-da şəxsi kanalları fəaliyyət göstərir. Nura Suri üçün də belə bir internet kanalı hazırladıq. Azərbaycanda Nura ilk sənətçidir ki, onun internetdə şəxsi kanalı fəaliyyət göstərməyə başladı. Onu da qeyd edim ki, kanal hazırlanarkən Nura Surinin fikirlərini də öyrəndim, müsahibələrini oxudum və öyrəndim ki, ən çox bəyəndiyi rənglər də ağ, qara və qırmızıdır. Kanalı hazırlayarkən də məhz bu üç rəngin ahəngindən istifadə etdim. Əgər fikir vermisinizsə Nura albomunda, saytında və vizajlarında da bu rənglərə üstünlük verib. Kanal fəaliyyətə başlayanda çox maraqla qəbul olundu. Nuranın mahnıları, klipləri və digər yaradıcılıq yenilikləri "onlayn"da yer aldı. "Facebook"da da Nuranın fan-klubunu yaratdıq. Nəzərə alsaq ki, 21-ci əsr internet dövrüdür və gənc nəsil televiziyadan daha çox sosial şəbəkədən, internetdən istifadə edir, sənətçilər üçün belə sosial şəbəkələrin, fan-klubların və kanalların yaradılması böyük önəm daşıyır. Bu layihədən sonra bəzi müğənnilərimiz də Nura kimi bu piara əl atmağa başladılar. Düzünü desəm, Nura üçün hazırladığım internet kanalını başqa müğənnilərə də göstərdim. Bir müddət sonra mənim hazırladığım kanalın tərtibatı və dizaynı eyni şəkildə oğurlanaraq başqa müğənnilər tərəfindən həyata keçirilməyə başladı. İnternet kanalını hansı müğənniyə göstərmişdimsə, ona bildirdim ki, şəkillərini və albomlarını yollasın. Bu gün təsadüfən həmin müğənninin you-tube-da kanalına rast gəldim. Şoka düşdüm, təəccübləndim. Məsələ ondadır ki, Nura üçün hazırladığım dizayn və məhz üç rəngin ahəngi həmin kanalda da eyni şəkildə təkrarlanmışdı. Mən bir daha bildirirəm ki, bu layihəni Azərbaycanda ilk dəfə Nura və mən birgə həyata keçirmişik. Təəssüf ki, Azərbaycanda xüsusən də müğənnilər bir-birinin ideyalarını, layihələrini oğurlamağı özlərinə yaraşdırırlar. Yeri gəlmişkən onu da qeyd edim ki, Nuradan sonra həmin müğənni də rejissor Fuad Əlişova klip çəkdirib və albomunda da Nuranı təkrarlamağa çalışıb. Hər şeyi Nuranın bir il öncə təqdim etdiyi "Səndən öyrəndim" adlı böyük layihəsini, klipini xatırladır. Hətta həmin müğənninin albomuna diqqət yetirilsə, Nuranın sənətə ilk addım atdığı dövrlərdə oxuduğu mahnıların təkrarı kimi görmək mümkündür. Əslində Nuranın yeniliklərinin maraqla qarşılanması və layihələrin başqaları tərəfindən oğurlanmasına təəccüblənmirəm. Çünki Nura Suri son illər kifayət qədər populyardır və bu da bəzilərini narahat edir. Hətta o qədər narahat edir ki, onlar xakerlər vasitəsilə əziyyət çəkib Nuranın internetdəki səhifələrini dağıtmağa da nail olublar. Nura bilir ki, bu, hansı müğənninin sifarişi ilə reallaşıb. Ancaq mədəniyyətinə yaraşdırmır ki, həmin müğənninin adını açıqlasın. Bu da bir daha Nuranın böyüklüyünü göstərir. Nura xanımla söhbət edəndə bildirdim ki, bu barədə açıqlama vermək istəyirəm və həmin müğənninin kimliyini mətbuata söyləmək lazımdır. Nura bildirdi ki, ehtiyac yoxdur. "O mənə pislik edibsə, bu o demək deyil ki, mən də ona pisliklə cavab verim". Hətta həmin müğənni Nuranın "Mardan Palace"də üç il öncə istirahət zamanı çəkdiyi şəkilləri montaj edərək yaymağa çalışıb. Sadəcə, həmin müğənninin Nura üçün hazırladığı "qara piar" baş tutmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə