Murad Sadıx gizli sevgisindən danışdı

Murad Sadıx gizli sevgisindən danışdı
Qafqazın Stiv Uanderi kimi Azərbaycan şou-biznesində qəbul edilən populyar müğənni Murad Sadıx ilk dəfə onu yaşadan sevgi hisslərindən danışdı. Söhbət onun dinləyicilərinə təqdim etdiyi "Yaşadır məni" adlı yeni mahnısının kimə ünvanlanmasından gedir. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, "Sevməsəm ölərəm" adlı albomunda yer alan hitlərlə yanaşı, o, ifa etdiyi bu mahnının da uğur qazanacağına əmindir: "Sözləri Anar Məmmədov, musiqisi Sədaqət Arifqızına məxsus olan "Yaşadır məni" mahnısı həqiqətən də mənim bugünkü sevgi dünyamla eynilik təşkil edir. İlk dəfədir sizə etiraf edirəm ki, bu mahnı bütünlüklə ürəyimdə sevgisini qoruduğum bir xanıma həsr olunub. Şəxsi həyatım haqqında danışmağı sevmədiyim üçün kimliyi açıqlamaq istəmirəm. Qoy sirr qalsın. Mahnının sözlərində belə bir müraciət var: "Sənə olan məhəbbətim yaşadır məni". Bəli, söhbət yalnız o xanımdan gedir. O qızı dəlicəsinə sevirəm. Valideynlərim, əzizlərimdən sonra həyatımın tək mənasına çevrilib. Təşəkkür edirəm bəstəkar Sədaqət Arifqızına və şair Anar Məmmədova. Onlar mənim ruhumu oxşayan belə bir gözəl mahnı ərsəyə gətirdilər. Sədaqət xanımın sevgi ilə bağlı silsilə mahnıları olsa da, fikrimcə, "Yaşadır məni" qısa zaman ərzində bütün sevib-sevilənlərin sevgi himninə çevriləcək".

Sevdiyi qızın neçə yaşının olmasını və necə tanış olduğunu öyrənməyə çalışsaq da, Murad əsl ulduz hiyləsi işlədərək, söhbətin mövzusunu bir cümlə ilə belə dəyişdi: "Yaşın nə fərqi var ki?".

Əldə etdiyimiz daha bir məlumata görə, müğənni israrla valideynlərini sevdiyi qızgilə elçi göndərməyə razı salmağı qarşısına əsas məqsəd qoyub. Muradın nişanlanacağı gün isə elə də uzaqda deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə